• şənbə, 20 Aprel, 01:12
  • Baku Bakı 15°C

Bakı Şopinq Festivalı böyük imkanlar təqdim edir

18.10.17 09:45 4068
Bakı Şopinq Festivalı böyük imkanlar təqdim edir
Bir neçə gündür Bakıda İkinci Şopinq Festivalına start verilib. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib.
Noyabrın 15-dək davam edəcək İkinci Şopinq Festivalında 111 müəssisə tərəfdaş qismində çıxış edəcək. Festivala ümumilikdə 578 müəssisə qatılıb. İkinci Bakı Şopinq Festivalı xüsusi turist paketləri hazırlayaraq turizm agentliklərinə təklif edəcək. Bu paketlərə aviabilet, transfer, sığorta, oteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxildir. Alıcılar festival boyunca xüsusi hədiyyə kartları qazanacaq, eləcə də xüsusi uduşlu lotereyalar və endirim kuponları əldə edəcəklər. Turistləri və yerli alıcıları həvəsləndirmək üçün ticarət mərkəzlərində interaktiv oyunlar təşkil olunacaq. Festival boyunca Fəvvarələr meydanında "Fan” zonası fəaliyyət göstərəcək.
Qeyd edək ki, budəfəki festivalda 467 müəssisənin əlavə dəyər vergisini qaytarması nəzərdə tutulur. "Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər. Beləliklə, Bakı Şopinq Festivalı zamanı alıcılar bəyəndikləri malları digər dövrlərdən daha sərfəli qiymətlə ala bilərlər. Xatırladaq ki, ƏDV qaytarılması yalnız "Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda mümkündür. Nişan olmayan mağazalarda Tax Free sistemi tətbiq olunmur. Bundan başqa, festival çərçivəsində xüsusi mükafatlar təsis ediləcək. Bir ay müddətində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Üstəlik, həmin mallara "Tax Free” imkanı təqdim olunacaq. Bundan başqa, festival zamanı moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur.
Bakı Şopinq Festivalının rəsmi saytına (www.bakushopfest.com) festival barədə fikirlərini bölüşən ATƏT-in Minsk qrupunun Amerika Birləşmiş Ştatlarından olan keçmiş həmsədri Ceyms Uorlik FestivalıN çox möhtəşəm bir tədbir olduğunu vurğulayıb. Bakıda olmadığı üçün festivala qatıla bilmədiyindən təəssüflənən diplomat növbəti festivallarda mütləq iştirak edəcəyini, maraqlı sürpriz və sərfəli endirimlərdən yararlanacağını bildirib.
Krinisa şəhərində keçirilən Krinisa İqtisadi Forumunun Proqram Şurasının sədri, forumun ilk təsisçilərindən biri Ziqmunt Berdıçovski əmindir ki, Bakı Şopinq Festival birmənalı olaraq, Azərbaycana turist səfərlərinin artmasına səbəb olacaq. bakushopfest.com saytına müsahibəsində Berdıçovski qeyd edib ki, bu festival sayəsində turist artımı təkcə Azərbaycanda yox, qonşu Gürcüstanda da hiss olunacaq. Z.Berdıçovski festivalın kiçik və orta sahibkarlığın da inkişafına müsbət təsir göstərəcəyini qeyd edib: "Məhz bu sahələr ölkədəki iqtisadi artımın əsasını təşkil etməli və ümummilli gəlirin formalaşmasında vacib rol oynamalıdırlar”.
Cənab Berdıçovski etiraf edir ki, bu layihənin tam effektli olması üçün zamana ehtiyac var. Misal olaraq, o, hazırda rəhbərlik etdiyi Krinisa İqtisadi Forumunun tarixini göstərib: "1991-ci ildə mən Krinisa İqtisadi Forumunu yaradanda, forum cəmi 100 nəfəri toplaya bilirdi. İndi isə forumu dünyanın ən müxtəlif bölgələrindən 4500-ə yaxın iştirakçı ziyarət edir". Amma o əmindir ki, Bakı Şopinq Festivalının inkişaf etməsi üçün Krinisa forumundan daha az vaxt tələb olunur. İndiyədək Bakıda "Avroviziya” və "Formula-1” kimi mötəbər yarışların yüksək səviyyədə təşkil edildiyini deyən Z.Berdıçovski Azərbaycanı regionda sürətlə inkişaf edən ölkə adlandırıb: "Bununla yanaşı, Azərbaycan başqa mədəniyyətlər, xalqlar, konfessiyalar üçün də açıq, tolerant ölkədir. Bu ölkədə istənilən şəxs özünü təhlükəsizlikdə hiss edir”.
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov"Kaspi”yə açıqlamasında bildirdi ki, budəfəki festivalda ötən dəfəkinə nisbətən daha çox aktivlik müşahidə edilir: "Festivalın keçirilməsində əsas məqsədlərdən biri də kütləvi turizm axınını gücləndirməkdir. Ona görə də ölkəmizdə belə festivalların keçirilməsi çox müsbət haldır. Bu, turizm potensialının inkişafında çox böyük rol oynayır. Festival çərçivəsində ölkəyə gələn turistlərdə Azərbaycan haqqında müsbət rəy formalaşır. Düzdür, son illər ərzində ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Böyük tədbirlərə görə artıq Azərbaycan dünyanın bir çox ölkələrində kifayət qədər tanınır. Festivala qatılan turistlər ölkəyə gələn ümumi turist sayında da özünü göstərir. Bu ilin ilk səkkiz ayının hesabatına əsasən, Azərbaycana iki milyona yaxın turist gəlib. Bu isə keçən illə müqayisədə iyirmi faiz artım deməkdir. Qeyd etdiyim kimi, festivalın təşkilində də əsas məqsəd ölkəyə gələn turistlərin sayının daha da artırılmasıdır. Birinci şopinq festivaldan fərqli olaraq, bu dəfə tədbirin reklam işi daha da keyfiyyətli aparılır. Həmçinin ikinci festival birinciyə nisbətən daha mütəşəkkil formada təşkil edilib. Reklamın daha çox olması isə turist sayının yüzdə otuz beş faiz artımına səbəb olub. Bu ərəfədə bu rəqəmin artacağı da gözlənilir. Bütün bunlar isə o deməkdir ki, görülən işlər öz bəhrəsini verməkdədir”.
Şəbnəm
banner

Oxşar Xəbərlər