• şənbə, 20 Aprel, 15:24
  • Baku Bakı 23°C

Bakı işıqlarının yıxılan dirəkləri - FOTOLAR

19.06.21 12:00 1736
Bakı işıqlarının yıxılan dirəkləri - FOTOLAR
Paytaxtın bu problemi necə həll edilməlidir?
Ötən əsrin 70-ci illərindən bu yana paytaxt Bakı müxtəlif sahələrin inkişaf mərkəzinə çevrilir. Yeni parklar salınır, yollar çəkilir, küçələr işıqlandırılır. Təsadüfi deyil ki, Bakının bu gözəlliyi filmlərdə əks olunur, mahnılarda tərənnüm edilir. Elə şair Adil Rəsulun və bəstəkar Elza İbrahimovun "Bakının işıqları” mahnısının Şövkət Ələkbərovanın ifasında dinləmək, həmin dövrün paytaxtını təsəvvür etməyə imkan verir. Mahnıda deyildiyi kimi, "Qırmızı, yaşıl, sarı, Bakının işıqları” bu gün də paytaxta bir başqa gözəllik verir. Nəzər salsaq, görərik ki, son 20 il ərzində Bakının nəinki mərkəzi küçə və prospektləri, eləcə də kənar ərazilər durmadan işıqlandırılır. Məhz Prezident İlham Əliyevin müxtəlif dövrlərdə imzaladığı ayrı-ayrı fərman və sərəncamlar yol infrastrukturunun tərkib hissəsi olan küçələrin işıqlandırılmasında mühüm rol oynayıb. Amma qeyd edilənlər işin yaxşı tərəfi olsa da, həm də problemləri də qeyd etməyi unutmaq lazım deyil. Hər birimiz paytaxtın küçə və prospektlərində işıq dirəklərinin, bəzən qəzalı vəziyyətdə olduğunu və bəzən isə ümumiyyətlə, olmadığının şahidi oluruq.

Apardığımız araşdırma nəticəsində məlum oldu ki, işıq dirəkləri paytaxtın bir neçə küçə və prospektlərinin bir hissəsində, ümumiyyətlə yoxdur. Bu o demək deyil ki, əvvəllər həmin yerdə işıq dirəkləri olmayıb. Əlbəttə ki, olub, lakin müxtəlif vaxtlarda baş vermiş avtoqəzalar və ya başqa səbəblərdən sıradan çıxıb.

Məsələn, araşdırma apardığımız Əhməd Rəcəbli, Təbriz küçəsi və bu küçə ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində, eləcə də Mətbuat prospektində sıradan çıxmış işıq dirəkləri hələ də bərpa edilməyib. Analoji vəziyyət Binəqədi rayonunun ətraf ərazilərində də müşahidə edilir. Bəs işıq dirəkləri niyə bərpa edilmir? Avtoqəzalar və başqa səbəblərdən yararsız vəziyyətə düşən işıq dirəklərinin bərpası üçün hansı prosedurlar həyata keçirilməlidir? Bu məsələdə cavabdeh qurumların mövqeyi nədən ibarətdir?
"Kaspi” qəzetinə açıqlamasında hüquqşünas Ərşad Hüseynov bildirdi ki, yol infrastrukturunun müəyyən elementi sıradan çıxdıqdan sonra həm infrastrukturun idarə olunmasına görə dövlət və ya bələdiyyə adından ona sahiblik edən qurum dərhal onu bərpa etməlidir: "Bizdə bu normativləri dəqiq müəyyən olunmayıb. Amma dünyanın əksər ölkələrində bu məsələ normativlərlə tənzimlənir. Misal üçün, yol nəqliyyat hadisəsi nəticəsində işıqfor, işıq dirəkləri sıradan çıxarsa, qanunvericilikdə bununla bağlı qeyd edilir ki, 24 saatdan gec olmayaraq bərpa olunmalıdır. Azərbaycanda bu normativlər yoxdur. Üstəlik də, bu sahədə idarəetmədə açıq-aşkar pərakəndəlik, bir balaca nəzarətsizlik var. Ona görə də yol nəqliyyat hadisəsi nəticəsində sıradan çıxmış işıq dirəklərinin bərpası aylarla, hətta illərlə yubanır, ya da heç bərpa olunmur. Gərək kimsə gedib yaxalarından yapışsın və tələb eləsin. Eyni zamanda cavabdeh qurumlar da gərək həmin dirəkləri bərpa etmək üçün başqa maliyyə mənbələri axtarsın. Özü də fərqi yoxdur ki, bu, kiminsə günahı, sürücünün təqsiri ucbatından olub, həmin sürücü vurduğu ziyanı ödəyib, ya ödəməyib. İşıq dirəyi sıradan çıxarsa, müəyyən edilmiş normativə uyğun olaraq bərpa olunmalıdır və işıqlandırılma təmin edilməlidir”.

Ə.Hüseynov əlavə etdi ki, hər şeydən öncə problem həll olunmalıdır və işıq dirəyi bərpa edilməlidir: "Deyək ki, qəza törədən sürücünün sığortası yoxdur, buna görə işıq dirəyinin yeri boş qalmalıdır? Əvvəlcə işıq dirəyi bərpa olunmalıdır. Bundan sonra vurulmuş ziyanın təmin etdirilməsi isə artıq başqa məsələdir. Əlbəttə ki, dövlətə vurulmuş ziyanın arxasınca gedilməlidir. Bunu sığorta edəcək və ya şəxs edəcək, bu, başqa məsələdir”.
Problemlə bağlı "Kaspi” qəzetinin sorğusuna cavab olaraq Bakı şəhər İşıqları İdarəsindən bildirildi ki, küçələrdə işıq dirəkləri əsas etibarı ilə yol-nəqliyyat hadisələri zamanı sıradan çıxır, müəyyən ziyan dəyir: " Yeni dirəklərin qoyulması, zədələnmiş işıq dirəklərinin bərpası üçün müvafiq qurumlar tərəfindən məhkəmə orqanlarına müraciət edilir. Hadisəni törətmiş sürücü tərəfindən dəymiş ziyan icbari sığorta qaydasında kompensasiya edilir”.

Məlumatda o da qeyd edilir ki, işıq dirəkləri müxtəlif xarici ölkələrdən gətirilir: "Onların yenidən sifariş edilərək gətirilməsi isə müəyyən vaxt tələb edir. İşıq dirəklərinin daxilində yerləşən naqillərinin qorunması üçün onlar elektrik xəttindən ayrılır və üzəri xüsusi qapaqlarla örtülür. Təəssüf ki, bəzi hallarda bu qapaqlar da oğurlanır. Lakin belə hallar baş verdikdə, qurum tərəfindən yeni qapaqlar yerləşdirilir”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər