• cümə, 19 Aprel, 11:15
  • Baku Bakı 13°C

Bakı – füsunkar şəhər

16.05.19 19:33 1314
Bakı – füsunkar şəhər
Futbol üzrə Avropa Liqasının finalı ərəfəsində Almaniyanın məşhur "Bild” tabloidi Azərbaycan paytaxtına həsr olunan məqalə dərc edib. "Baku ist eine Mischung aus Paris, Dubai und Moskau” başlıqlı məqalədə bildirilir ki, Azərbaycan paytaxtı indiyə qədər dəfələrlə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Söhbət 2012-ci il iyunun 26-da Bakıda keçirilən "Avrovizion” musiqi, müxtəlif idman yarışmalarından və s. bu kimi tədbirlərdən gedir.
2019-cu il mayın 29-da isə dünyanın diqqəti yenidən Azərbaycan paytaxtına yönələcək. Bu dəfə Bakı futbol yarımasına ev sahibliyi edəcək - dünyanın iki məşhur futbol klubu - "Çelsi” və "Arsenal” futbol komandaları arasında Avropa Liqasının final oyunu keçiriləcək. Almaniya nəşri izləyicilərinə Bakı barədə nələri bilmələri, stadion haqqında və ora necə getmək barədə ətraflı məlumat çatdırır. Bakını Xəzər dənizi ətrafında yerləşən füsunkar bir şəhər kimi xarakterizə edən müəllif yazır ki, Azərbaycan 86,6 min kv. km-lik bir ərazini əhatə edir və ərazisinə görə Avstriyadan bir qədər böyükdür. Azərbaycanın Rusiya, Gürcüstan, Ermənistan, İranla və Xəzər dənizi vasitəsilə Qazaxıstanla sərhəd olduğu bildirilir. Paytaxtın düz dənizin sahilində, bir qədər yüksəklikdə yerləşdiyi vurğulanır. Berlindən 3524 km. uzaqlıqda yerləşən Azərbaycan paytaxtında təqribən 2 milyon insanın yaşadığı bildirilir. Qafqazın ən sıx əhali məskunlaşdığı Bakının adının mənşəyinə də toxunulur - "Badkubə”. Onun qədim fars dilində "güclü külək” mənasını verdiyi qeyd olunur.
Müəllif yazır ki, Bakının qədim hissəsi olan İçərişəhər YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb. Yazır ki, nefti, eləcə də çoğrafi mövqeyi, çoxsaylı tarixi ticarət yollarının üzərində yerləşməsi Bakını varlı bir meqapolisə çevirib. Şəhərin köhnə hissəsində çoxsaylı tarixi abidələrə rast gəlmək mümkündür. Onların bir çoxu 2000-ci ildən YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb. Onların arasında qüllə və qədim divar sədləri (onlardan ən məşhuru Qız Qalasıdır), on birinci əsrdə inşa edilən Şirvanşahlar sarayı və Ləzgi məscidi var. Məqalədə qeyd edilir ki, şəhər hakimiyyət orqanları avtomobillərdən çıxan qazlar və səs-küyü azaltmaq üçün İçərişəhərə 450-dən çox avtomobilin daxil olmasına qadağa tətbiq edib. Bununla da həm də şəhərin bu hissəsində gəzmək istəyən insanların sərbəst və problemsiz hərəkətinə şərait yaradılıb.
Məqalədə daha sonra Azərbaycanın tolerant və multikultural dəyərlərə malik olan bir ölkə olduğuna yer ayrılır. Bildirilir ki, burada ən müxtəlif dinlərin nümayəndələri yaşayır. İslam, xristian, yəhudi mədəni abidələrinə də rast gəlmək mümkündür: "Siz burada mütləq on birinci əsrdə inşan edilən Məhəmməd məscidinə, Atəşgah məbədinə və Xilaskar kilsəsinə baş çəkməlisiniz”. Daha sonra məqalədə Bakının müasirliklə keçmişin çulğalaşdığı bir şəhər olduğu vurğulanır: "Müasir şəhər tarixi ürəyi ilə döyünür. Burada siz ən müxtəlif geyimlərdə olan qadınlara rast gələ bilərsiniz - qısa ətəkdən tutmuş, hər cür geyimlərdə gəzişən qızlaradək. Şəhərdə ən müasir dizayner butikləri və McDonalds restoranlar şəbəkəsinin çoxsaylı yerləri ilə qarşılaşa bilərsiniz”.
Müəllif daha sonra Azərbaycan paytaxtının bir qədər Parisə, bir qədər də Dubaya və Moskvaya bənzədiyindən bəhs edib. Qeyd olunur ki, uca göydələnlərlə tarixi abidələr bir-birini əvəz edir. Şəhərin ən yeni möhtəşəm tikilisi Alov qüllələridir. Hündürlüyü 181,7, 164,6 və 160,8 metr olan qüllələrdə ofis, otel və restoranlar yerləşir.
Bir neçə il bundan əvvəl inşa edilən Bakı Olimpiya Stadionuna da toxunulub. 2015-ci ildə tikilib ərsəyə gətirilən stadion 70 min tamaşaçını qəbul etmək iqtidarındadır. Məhz burada mayın 29-da Avropa Liqasının final oyunu keçiriləcək. Stadionun fasadı gözoxşayan, işıqsaçan vasitələrlə təchiz edilib. Stadion Olimpiya kəndinin bir hissəsidir. Burada təlim-məşq meydançaları və yaşayış məskənləri yerləşir. Şəhər iki dəfə (2016, 2020-ci illər) Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi uğrunda mübarizə aparıb. Stadion aeroportdan bir neçə km-lik məsafədə yerləşir və ora asanlıqla gedib çatmaq mümkündür. Hətta ən yaxın hansı metronun olduğu da göstərilir – "Koroğlu” stansiyası. Buradan 12 dəqiqəyə stadiona gedib çıxmaq mümkündür. Eyni zamanda, turla da stadiona gedə bilərsiniz. Bu turlar oyun olmayan günlərdə keçirilir. Bu turlarda seyrçilərə hətta alman dilində də məlumat verilir.
Sonda isə Almaniyanın Frankfurt şəhərindən təyyarə ilə Bakıya hansı qiymətə gəlib çıxmaq barədə məlumat yer alır. Bildirilir ki, qiymət 130 avrodur. Bir sıra təşkilatçılar paket (otel, transfer, stadiona gəlmək və geri dönmək) də təklif edir.
Beləliklə, Almaniya nəşrinin bu materialı məşhur idman çempionatı haqqında qərəzli və qeyri-obyektiv məlumatlar yayan dairələrə layiqli cavabdır. Yuxarıda da qeyd etdiyimiz kimi, bundan əvvəl də ölkəmiz dünyaca məşhur mədəni, siyasi, ən müxtəlif idman yarışlarına ev sahibliyi edib. Və bu tədbirlərin təhlükəsizliyi tam təmin olunub, hər şey yüksək peşəkarlıq səviyyəsində baş tutub. Həmin tədbirlərin beynəlxalq standartlara uyğun keçirilməsi dünyanın aparıcı media qurumları, təşkilatları tərəfindən dəfələrlə yüksək səviyyədə qeyd olunub. Hər dəfə olduğu kimi, bu dəfə də xaricdəki anti-Azərbaycan dairələri bu idman hadisəsi fonunda ölkəmizə qarşı növbəti məkrli kampaniyaya başlayıblar. Həmin kampaniyanın təşəbbüskarları və iştirakçılarının taktikası dəyişməyib, onlar beynəlxalq ictimaiyyətdə belə rəy formalaşdırmağa çalışır ki, UEFA Avropa Liqasının finalı kimi mühüm idman tədbirinin Azərbaycanda keçirilməsi düzgün deyilmiş. İddia edirlər ki, Azərbaycanda insan haqları və s. sahələrdə problemlər yaşanır. Halbuki, dəfələrlə şahidi olmuşuq ki, analoji yarışların keçirildiyi ölkələrin şəhərlərində polislə qarşıdurma, zorakılıq halları baş verib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər