Bakı Dövlət Universiteti “Milli Nüvə Tədqiqatları Mərkəzi” ilə niyyət protokolu imzalayıb

Bakı Dövlət Universitetində Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin "Milli Nüvə Tədqiqatları Mərkəzi”nin
direktoru, akademik Adil Qəribov və Almaniyanın Nüvə Tədqiqat Mərkəzinin Ağır
ionların elmi tədqiqatları mərkəzində institut direktoru Peter
Braun-Munzingerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor,
akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti, o cümlədən Fizika fakültəsində
nüvə fizikası və nüvə texnologiyası sahəsində yüksək enerjilər fizikası,
radiasiya materialşünaslığı, atom və nüvə fizikası istiqamətində kadr hazırlığı
barədə məlumat verib. Rektor Almaniya universitetləri ilə nüvə fizikası
sahəsində əməkdaşlığın, bu sahə üzrə beynəlxalq elmi mərkəzlər tərəfindən
həyata keçirilən qlobal elmi və elmi-texniki proqramlarda, təcrübə və tədqiqatlarda
iştirakın vacibliyini bildirib.
Akademik Adil Qəribov "Milli Nüvə Tədqiqatları Mərkəzi”nin
fəaliyyəti və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrdən bəhs
edib.
Çıxış edən direktor Peter Braun-Munzinger BDU ilə
CERN və Almaniyanın nüvə tədqiqat mərkəzləri arasında əməkdaşlığın inkişaf
etdirilməsindən bəhs edib. Görüşdə CERN və Almaniyadan alınmış nəhəng məlumatlar
toplusunun BDU-da analizi və nüvə fizikasının müasir problemlərinin tədqiqi və
s. müzakirə edilib.
Sonra almaniyalı mütəxəssislərin iştirakı ilə Bakı Dövlət
Universiteti və "Milli Nüvə Tədqiqatları Mərkəzi” arasında əməkdaşlıq haqqında
niyyət protokolu imzalanıb. Niyyət protokolunda qarşılıqlı maraq kəsb edən
elmi-texniki fəaliyyət sahələri üzrə beynəlxalq və respublika əhəmiyyətli
elmi-praktik forum, konfrans, simpozium, seminar, dəyirmi masa və digər elmi tədbirlərə
Mərkəzin təşkilatı və iştirakçı kimi dəvət olunması nəzərdə tutulub. Protokolda
Mərkəzdə universitetin "Maddə quruluşu” kafedrasının filialının və ya baza
kafedrasının yaradılması, gələcəkdə digər bəzi baza kafedralarının da
yaradılması, eləcə də universitetin tələbə, magistr və doktorantlarının nüvə
ölkələrində və Mərkəzin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarda tədris və təlim
kurslarına cəlb olunması üçün tədbirlərin görülməsi kimi məsələlər öz əksini
tapıb.
Görüşdə yaxın gələcəkdə Almaniyanın Nüvə Tədqiqat Mərkəzi
ilə də bu sahədə əməkdaşlıqla bağlı niyyət protokolunun imzalanmasının nəzərdə
tutulduğu qeyd edilib.
