• şənbə, 20 Aprel, 16:31
  • Baku Bakı 23°C

Bakı beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrilib

31.10.13 17:10 1739
Bakı beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrilib
Azərbaycanda son illər ərzində müxtəlif mövzularla bağlı mötəbər beynəlxalq tədbirlər, sammitlər, beynəlxalq konfranslar keçirilir və Bakı bir növ beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrilib. Bunu Prezident İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Prezident bildirib ki, humanitar məsələlər, humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən məsələlərdir: "Forumun işinə çox böyük maraq var. 70 ölkədən 800-ə yaxın qonaq iştirak edir və demək olar ki, dünya birliyinin böyük bir hissəsinin intellektual elitası bu gün bizim qonağımızdır. Azərbaycanda humanitar əməkdaşlığa bütün dövrlərdə böyük diqqət göstərilmişdir. Bu, daim diqqət mərkəzində olan bir məsələdir və hesab edirəm ki, bizim ölkəmizdə bu sahədə artıq gözəl təcrübə də toplanıb və bu gün Bakıda siyasi, iqtisadi, enerji məsələləri ilə yanaşı humanitar məsələlər də yüksək səviyyədə müzakirə edilir".
Dövlət başçısının sözlərinə görə, bu il Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı, artıq iki dəfə mədəniyyətlərarası dialoq forumu keçirilmişdir və Bakı Beynəlxalq Humanitar Forumunun da bu sırada öz yeri vardır: "Əminəm ki, forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi beynəlxalq humanitar əməkdaşlığa öz töhfəsini verəcəkdir. Belə tədbirlərin Azərbaycanda keçirilməsi yəqin ki, təbiidir, çünki bütün dövrlərdə Azərbaycanda yaşayan bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşamışlar".
İlham Əliyev bildirib ki, Azərbaycanda bu gün çoxmillətli, çoxkonfessiyalı cəmiyyət mövcuddur: "Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir və biz bu sərvəti qoruyuruq və qoruyacağıq. Bütün xalqların, bütün dinlərin nümayəndələrinin abidələri, tarixi abidələr qorunur, bərpa edilir. Azərbaycanda qədim Zərdüştlük Məbədi bərpa edilmişdir. Qafqazın ən qədim kilsəsi də Azərbaycanda yerləşir. O da əsaslı şəkildə bərpa edilib. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi əsaslı təmir edilib. Bu məscidin 1270 yaşı var. Yəni bütün dinlərin abidələrinin bərpası, qorunması dövlət siyasətidir. Və əlbəttə ki, Azərbaycanda toplanmış bu gözəl tarixi təcrübə bu gün müasir şəraitdə özünü büruzə verir və vətəndaş cəmiyyətinin formalaşması, millətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafı hesab edirəm ki, bizim böyük nailiyyətimizdir. Bir daha qeyd etmək istəyirəm ki, təsadüfi deyil ki, humanitar əməkdaşlıqla bağlı məsələlər Bakıda müzakirə edilir".
Dövlət başçısının sözlərinə görə, XXI əsrdə multikulturalizmə alternativ yoxdur, alternativ ayrı-seçkilik, ksenofobiya, islamofobiyadır, əlbəttə ki, XXI əsrdə bu xoşagəlməz meyillərə biz biganə yanaşa bilmərik: "Ona görə mülti-mədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği hesab edirəm ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır".
Prezident bildirib ki, Forumun mövzularından biri iqtisadi inkişafın humanitar aspektləridir: "Hesab edirəm ki, bu, çox maraqlı bir mövzudur və hesab edirəm ki, yenə də Azərbaycanın təcrübəsi burada maraqlı ola bilər, çünki baxmayaraq ki, biz etnik təmizləməyə məruz qalmışıq və torpaqlarımız işğal altındadır, bir milyondan çox qaçqın, köçkün vardır ki, dövlət onlara qayğı göstərir, bizim iqtisadi inkişafımız son on il ərzində dünya miqyasında ən sürətli olmuşdur. Son on il ərzində aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatı 3,4 dəfə artmışdır və bu, əgər belə demək mümkündürsə, dünya rekordudur. Eyni zamanda, Azərbaycanda sosial məsələlərin həllinə də böyük diqqət göstərilir. Çünki köklü iqtisadi islahatlar aparılarkən bir çox hallarda insanların yaşayış səviyyəsi aşağı düşür və Azərbaycan son 20 il ərzində transformasiya dövrünü yaşamış bir ölkə kimi, əlbəttə ki, bu risklərdən də özünü qorumalı idi. Ona görə ki, bizim müstəqilliyimizin cəmi 22 yaşı var və 22 il ərzində biz müstəqil, azad ölkə kimi fəaliyyət göstəririk. Eyni zamanda, cəmi 20 ildir ki, Azərbaycan bazar iqtisadiyyatı prinsipləri əsasında öz iqtisadiyyatını qurur. Bizim siyasətimiz, apardığımız ciddi sosial siyasət ona gətirib çıxardı ki, sürətli iqtisadi inkişaf, eyni zamanda insanların rifah halına da müsbət təsir göstərmişdir və bunu sübut emək üçün mən bir neçə rəqəmi demək istəyirəm. Qeyd etdiyim kimi, iqtisadiyyat son on ildə 3,4 dəfə, büdcə gəlirləri 20 dəfə, maaşlar təxminən 6 dəfə, pensiyalar 9 dəfə artmışdır. On il bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Bu gün aparılmış islahatlar nəticəsində yoxsulluğun səviyyəsi cəmi 5,5 faizdir. Aparılan islahatlar nəticəsində on ildə Azərbaycanda 1 milyon 200 min iş yeri açılmışdır və işsizlik Azərbaycanda hazırda 4,8 faizdir. Bütün bu məsələlər əlbəttə ki, iqtisadi islahatların nəticəsidir və eyni zamanda bütün bu məsələlərin bilavasitə humanitar sahəyə dəxli var, çünki Azərbaycan siyasətinin təməlində və mərkəzində Azərbaycan vətəndaşı dayanır".
İlham Əliyev bildirib ki, rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı dünyada 39-cu yerdədir: "Razılaşın ki, cəmi 20 il bazar iqtisadiyyatı prinsipi əsasında yaşayan ölkə üçün bu, tarixi nailiyyətdir. Bizim təcrübəmiz ondan ibarətdir ki, biz iqtisadi islahatların aparılmasında ancaq öz daxili imkanlarımıza güvənirik. Ona görə bizim xarici borcumuz ümumdaxili məhsulun cəmi 7-8 faizini təşkil edir və biz istənilən vaxtda bu borcu qaytara bilərik, çünki Azərbaycanın valyuta ehtiyatları ümumdaxili məhsulun 70 faizini təşkil edir və bu göstəriciyə görə də biz dünyada ön sıralardayıq".
Dağlıq Qarabağ münaqişəsi haqda danışan Prezident bildirib ki, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə salınıb: "Azərbaycan əfsuslar olsun ki, humanitar fəlakətlə üzləşib. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları işğal altındadır və işğal edilmiş ərazilərdə bizim bütün mədəni sərvətimiz, bizim tarixi, dini abidələrimiz dağıdılıb. İki dəfə beynəlxalq təşkilatlar, xüsusilə ATƏT işğal edilmiş bölgələrə faktaraşdırıcı missiyalar göndərmişdir və onların məruzələrində açıq-aydın göstərilir ki, hər şey dağıdılıbdır. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz prinsipial mövqelərini sənədlərdə əks etdirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasını tələb edir. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, bu qərarlar, bu qətnamələr icra edilmir və burada biz beynəlxalq təşkilatların səmərəliliyindən söhbət açmalıyıq. Onların qəbul etdiyi qərarlar kağızda qalıb, icra edilmir". İlham Əliyev vurğulayıb ki, bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr saatlar içərisində icra edilir, Azərbaycana gəldikdə isə, 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır.
Prezident hesab edir ki, dünyanın gələcəyi yalnız əməkdaşlıq üzərində - qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, sivilizasiyalararası dialoq üzərində qurulmalıdır: "Əgər belə olmasa, onda bəşəriyyət böyük fəlakətlərlə, problemlərlə üzləşə bilər. Təhsillə bağlı məsələlər bu gün müzakirə ediləcəkdir. Bu sahədə Azərbaycan ciddi islahatlar aparır və elmin, təhsilin inkişafı bizim gələcəyimizdir. Hər bir dövlətin gələcəyidir. Və dəfələrlə qeyd eləmişəm ki, bizim ölkənin gələcəyi elmlə, təhsillə bağlı olacaqdır. Biz çox xoşbəxtik ki, Azərbaycanda savadlılığın səviyyəsi çox yüksəkdir, təxminən 100 faizdir. Və bu, bizə imkan verir ki, təhsilin keyfiyyəti, elmin inkişafı daha da sürətlə getsin. Çünki bu, hər bir ölkənin gələcəyidir. Eyni zamanda savadlı, bilikli, yüksək təhsil almış gənclər radikalizmdən uzaq olurlar, onları yoldan çıxarmaq o qədər də asan olmur. Ona görə də elmin, təhsilin inkişafı, bilikli gənclərin yetişdirilməsi ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin edəcəkdir".
Prezident çıxışında, həmçinin qeyd edib ki, iki il sonra Bakıda birinci Avropa Oyunları keçiriləcəkdir, bu da tarixi hadisə olacaqdır: "Çünki bu günə qədər Avropa Oyunları keçirilməmişdir, Panamerikan, Asiya Oyunları, Afrika oyunları keçirilmişdir. Ancaq Olimpiya hərəkatı Avropada yaranmışdır və Avropada da bərpa edilmişdir, ancaq nədənsə Avropa oyunları keçirilməmişdir. Və birinci oyunları keçirmək missiyası, bu şərəfli missiya bizim üzərimizə düşür və 2015-ci ildə Azərbaycanda, müsəlman ölkəsində birinci Avropa Oyunları keçiriləcəkdir. Hesab edirəm ki, bu hadisənin nəinki idman, eyni zamanda böyük ictimai mənası vardır. Və ondan iki il sonra, 2017-ci ildə Azərbaycanda İslam Həmrəylik oyunları keçiriləcəkdir. Yəni bu iki hadisə özlüyündə ölkəmizin dünyadakı rolunu əks etdirir. Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzvdür və nadir ölkələrdəndir ki, hər iki təşkilatda təmsil olunur. Bizim coğrafi vəziyyətimiz belədir ki, biz Asiya ilə Avropa arasında bir körpüyük. Humanitar əməkdaşlıqla bağlı olan məsələlər də Azərbaycanı sivilizasiyalararası dialoqun aparılması üçün bir mərkəzə çevirir. Bu, böyük, şərəfli missiyadır, eyni zamanda böyük məsuliyyətdir. Biz bu məsuliyyətə hazırıq, bu məsuliyyəti öz üzərimizə götürmüşük və bugünkü toplantı bunun bariz nümunəsidir".
banner

Oxşar Xəbərlər