"Bakcell" Xəzəri qorumağa çağırır - Aksiya
Bütün
dünyanı narahat edən və həllini gözləyən qlobal problemlərdən biri də
ekologiyanın hazırkı vəziyyətidir. Belə ki, son vaxtlar ekoloji tarazlığın pozulması
insanların həyatını ciddi şəkildə təhlükə altında qoyur. Ona görə də ayrı-ayrı
ölkələr bu problemin həlli istiqamətində bir sıra addımlar atırlar. Bu
addımlardan biri də 21 sentyabrın Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd
edilməsidir.
AksiyadaAvropa İttifaqının nümayəndə heyətinin
rəhbəri Kestutis Yankauskas könüllülük hərəkatına qoşulmuşdu. O, hər kəsi
salamlayaraq könüllülük aksiyasında bu qədər çox insanın iştirak etməsinə
sevindiyini bildirdi: "Biz Avropa İttifaqı olaraq düşünürük ki, gələcəyimiz
təmiz və yaşıl olmalıdır. Çox xoşbəxtik ki, bu gün bu aksiyanın keçirilməsində
Azərbaycan çox aktiv iştirak edir”.
Əllərinə
təmizlik üçün əlcək geyinən yeniyetmə və gənclər sellofan torbalarla dənizin
sahilinə doğru gəlirdilər. Nigar Əliyeva ilk dəfə deyil ki, bu tip aksiyalara
qoşulduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, təhsil aldığı təhsil müəssisəsi
sosial aksiyalarda fəal iştirak edir: "Xəzərin sahilinin məişət
tullantılarından təmizlənməsi ilə bağlı aksiya keçiriləcəyi barədə bizim sinfə
məlumat veriləndə, biz dərhal qərar verdik ki, şənbə günü olsa da, aksiyaya
qatılaq. Dəniz bizim milli sərvətimizdir. Dənizdən hamımız istifadə edirik.
Təmiz saxlamaq da hər birimizin borcudur”.
Qeyd
edək ki, aksiya #Xəzəriqoruyaq şüarı altında Buzovna çimərliyində keçirilib.
Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların
ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə
ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə
məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları
təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və
qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunublar.
Günel Azadə
Artıq
33 ildir ki, dünyanın bir çox ölkəsində keçirilən bu gün Yer kürəsində su
hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı
könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 9 ildir
iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Tədbirin təşkilatçıları
ənənəvi olaraq "Coca-Cola”, "Bakcell", "PAŞA Bank” şirkətləri və
"ASAN Könüllülük Məktəbi”nin "Yaşıl ASAN” proqramıdır. Aksiyanın partnyorları
sırasında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ABŞ-ın Azərbaycandakı
səfirliyi, ADA universiteti, "AzEkol”, "Carlsberg Azerbaijan”, "Nargis”
jurnalı, "ASAN Radio”, "Xəzər TV”, AFFA və Azərbaycan Velosiped İdmanı
Federasiyası yer alıblar.
Könüllülü hərəkatında Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar
Babayev də iştirak edirdi. Nazir aksiyaya bu qədər gəncin qoşulmasının
olduqca müsbət hal olduğunu qeyd etdi: "Biz çox şadıq ki, bu qədər insan bu gün
bizimlədir. Bu, uzun illərdir ki, keçirilən və böyük vüsət almış könüllülük
hərəkatıdır. Təkcə Xəzəryanı ərazilərdə deyil, dünyanın bir çox ölkələrində bu
təmizləmə işi görülür. Ölkəmizin də artıq neçə ildir ki, belə bir aksiyaya
qoşulması ekologiyamızın təmizliyi baxımından çox əhəmiyyətlidir. Mən burdan
bütün ekoloji aksiyalarımızda aktiv iştirak edənlərə təşəkkürümü bildirirəm”.
Daha sonra ASAN Xidmətin sədri
Ülvi Mehdiyev çıxışında bildirdi ki, hazırda 500-dən çox könüllü bu
hərəkatda iştirak edir: "Bu çox əhəmiyyətli aksiyadır. Ümumiyyətlə, ölkəmiz bir
çox beynəlxalq günlərin keçirilməsində aktiv iştirak edir. Həmin günlərdən biri
də ekoloji sağlamlığa həsr olunan 21 sentyabr Beynəlxalq Sahilyanı Təmizlik
Günüdür. Hazırda burada bizim qurumdan 500-dən çox könüllü var. Hər birimiz
böyük həvəslə bu ərazilərin təmizlənməsində iştirak edirik. Düşünürük ki, yay
ərzində çirkləndirilən yerlərin təmizlənmə vaxtıdır”.
K.Yankauskas
əlinə bir plastik torba götürüb onun ekologiyamız üçün nə qədər zərərli
olduğunu söylədi: "Biz hansısa marketə gedəndə alış-veriş zamanı bu plastik
torbalardan istifadə edirik və bu, sadəcə bir neçə dəqiqə çəkir. Onunla işimiz
bitdikdən sonra tullayırıq. Onun çürüməsi üçün isə yüz ildən artıq vaxt lazım olur.
Bu kimi tullantıları dənizə atdıqdan sonra isə balıqların yemi olur. Daha sonra
isə həmin balıqları da biz yeyirik. Beləcə, sağlamlığımız üçün təhlükələr
yaranır. Sizcə, biz və bizim övladlarımız buna layiqdirlər? Bu gün bura
yığışmağımızın əsas səbəbi bu təhlükə ilə mübarizə aparmaqdır. Onu da qeyd edim
ki, hər il bu aksiyaya daha çox adam qoşulur və bu, bizi çox sevindirir”.
Tədbirin ənənəvi təşkilatçılarından olan "Bakcell” şirkətinin PR və korporativ kommunikasiya direktoru Süheylə
Cəfərova ilə də həmsöhbət olduq. S.Cəfərova qeyd edir ki, əvvəllər bu
aksiyaya bu qədər adam, tərəfdaş cəlb etmək elə də asan deyildi, amma bu gün
1000-dən artıq iştirakçı var: "Son iki ildə artıq biz başqa şirkətlərdən bu
hərəkata qoşulmaq üçün xahişlər alırıq. Bu, çox gözəl addımdır. Nə yaxşı ki,
şirkətlərimiz, qurumlarımız bu tipli aksiyalarda yaxından iştirak etməkdə
maraqlıdırlar. Həmçinin bizim üçün çox sevindirici haldır ki, bu ənənənin
əsasını qoyan şirkətlərdən biriyik. Bu aksiya bizim gələcəyimizin sağlamlığı
baxımından çox böyük önəm daşıyır. Şirkət olaraq bu təşəbbüsü dəstəkləməyə və
hər il daha da genişləndirməyə hazırıq. Könüllülük hərəkatına 30-a yaxın
əməkdaşımız qoşulub. Hətta ailələri gələn əməkdaşlarımız da var. Qeyd edim ki, həm
korporativ təşkilat olaraq qoşulanların, həm də könüllülərin, gənclərin,
ailələrin sayı artıb. Əslində bu, birlikdə vaxt keçirmək üçün, sosiallaşmaq
üçün gözəl addımdır. Yəni burada məqsəd təkcə təmizləmək deyil, həm də
sosiallaşmaq, təmiz havada gəzmək, daha çox insan tanımaq və ətraf mühit
problemlərinin birlikdə həllinə çalışmaqdır. Əvvəllər 400-500 gəncdən,
könüllüdən danışırdıq, indi bu aksiyaya gördüyünüz kimi, minə yaxın iştirakçı
qoşulub. Bu, digər tərəfdən, insanların ətraf mühitə münasibətini dəyişmək üçün
bir təbliğat kampaniyasıdır”.
"Coca-Cola” şirkətinin region
üzrə İctimaiyyətlə əlaqələr meneceri Elşad Fərzəliyev aksiyanın məqsədi
haqqında danışdı və bu il bu hərəkata qoşulan tərəfdaşların sayında artım
olduğunu vurğuladı: "Aksiyanın məqsədi ilk növbədə sahilyanı əraziləri
tullantılardan təmizləməkdir. İkincisi isə, vətəndaşlar arasında ekoloji
məsuliyyət hissini aşılamaqdır ki, insanlar təbiətimizə daha diqqətli, qayğı
ilə yanaşsınlar. Xəzər dənizi hamımızın milli sərvətidir, onu
çirkləndirməsinlər. Bu dəfə aksiyamıza ölkəmizdə qonaq olan əcnəbilər də,
diplomatlar da qoşulub. İldən-ilə iştirakçıların sayı artır. İlk dövrlərdə
20-30 nəfərlə başladığımız bu aksiyada artıq 1000-ə yaxın adam iştirak edir. Ümid
edirik ki, bu addımla daha geniş kütlə arasında ekoloji məsuliyyət hissi
artacaq”.
Daha sonra aksiyada iştirak edən könüllülərlə həmsöhbət olduq.
Əksəriyyəti gənclərdən ibarət olan könüllülər bu aksiyaya sevə-sevə
qoşulduqlarını və bu sahədə daha geniş maarifləndirmə işi aparılması
gərəkdiyini bildirdilər. Həmçinin bu işdə sosial medianın da böyük rolunun
olduğunu qeyd edən könüllülər deyir ki, bu istiqamətdə maarifləndirmə işi
aparmaq üçün sosial çarxların çəkilməsinə və bunun sosial şəbəkələrdə
yayılmasına böyük ehtiyac var. Çünki gənclərin böyük əksəriyyəti sosial
şəbəkələr vasitəsilə bilgi əldə edir.
Elə
bu an söhbətə qoşulan Nərminə Əliyeva şagirdlərin bu cür aksiyalarda
iştirakının vacibliyini vurğulayır: "Uşaqlar kiçik yaşlarından belə təmizlik
aksiyalarında iştirakla ilk növbədə öz yaşadıqları ərazini təmiz saxlamağın
vacib olduğunu öyrənirlər. Onlarda bu, vərdiş halını aldığından, gələcəkdə
nümunəvi vətəndaş kimi yetişmələrinə zəmin yaradır. Bu aksiyalarda mütəmadi
iştirak edən uşaqlar həm də gələcəkdə ekologiyanın mühafizəçiləridir. Mən
inanmıram ki, bu təmizlik aksiyasına qoşulan uşaq özü kənarda haranısa
zibilləsin. Çünki artıq o, atılan məişət tullantılarını toplamaqla bu işin
əziyyətini dərk edir, ekologiyanı qorumağın vacib olduğunu anlayır".
Günel Azadə