• çərşənbə axşamı, 19 mart, 07:38
  • Baku Bakı 8°C

Bağlarda üzüm qaldı...

24.09.22 05:00 1783
Bağlarda üzüm qaldı...

Üzümçülükdə məhsuldarlığın artması fonunda satışla bağlı problemlər müşahidə edilir. Üzüm bağlarının sahibləri satış qiymətlərinin ucuzluğundan şikayətçidirlər. Sahibkarlar bildirirlər ki, hazırda bazarda formalaşan qiymət onlara sərf etmir. Müqayisə aparan bağ sahibləri qeyd edirlər ki, ötən il kiloqramını 1 manata satdıqları üzümü hazırda 30-50 qəpiyə satmağa məcburdurlar.

Azərbaycanda ənənəvi olaraq üzüm bağları mövcud olub. Üzümü çox saxlamaq mümkün olmadığından daha çox şərab üçün lazım olan sortlara üstünlük verilib. Bu səbəbdən də, bu gün Azərbaycanın üzüm bağlarının böyük əksəriyyəti bu sortlardan təşkil edilib. Həm də süfrə üzümləri var ki, onlar da geniş istehlak olunur. Onu da qeyd edək ki, dövlət tərəfindən bağ sahiblərinə təsərrüfatlarını genişləndirmələri, düzgün aqrotexniki qulluq göstərmələri üçün subsidiyalar verilir. Nəticə etibarı ilə bağlarda məhsuldarlıq da əvvəlki illərə nisbətən artıb. Ölkə üzrə artıma səbəb həm də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə də üzüm bağlarının olmasıdır. Məhsuldarlığın artması ilə paralel olaraq bir sıra hallarda satışla bağlı problemlər müşahidə edilir. Misal üçün Cəlilabadda bir neçə üzüm bağının sahibi satış qiymətlərinin ucuzluğundan şikayətləniblər. Sahibkarlar bazarda üzümün qiymətinin aşağı olmasından narazıdırlar və bildirirlər ki, bu qiymət onlara sərf etmir. Müqayisə aparan bağ sahibləri qeyd edirlər ki, ötən il kiloqramını 1 manata satdıqları üzümü hazırda 30-50 qəpiyə satmağa məcburdurlar. Düzdür, fermerlər onu da qeyd edirlər ki, dövlətin onlara dəstəyi olub. Amma indi qiymətin aşağı olması bağ sahiblərini çətin vəziyyətə salıb. Artıq bir aydır ki, bağ sahibləri məhsul yığımına başlayıblar. Məlumatlara görə, mövsüm başlayandan bu günədək toplanan 7 min tondan çox məhsulun 300 tona yaxını xarici bazarlara ixrac olunub. Məhsulun qalanı yerli bazara çıxarılır. Bu kontekstdə satışla bağlı suallar var. Belə olan halda dövlət bağ sahiblərinə necə kömək edə bilər? Onları üzləşdiyi çətin vəziyyətdən çıxarması üçün hansı addımların atılması mümkündür?    

“Yarmarkalarda iştirak edə bilərlər”

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, indiki halda bazarda tələb-təklif məsələsi var: “Kim istəyirsə, öz məhsulunu sərbəst şəkildə bazara çıxara bilər. Sahibkarlar öz məhsullarının istər topdan, istərsə də pərakəndə şəkildə satışını həyata keçirə bilərlər. Bazarlar var, nazirlik tərəfindən “Kənddən şəhərə” adlı yarmarkalar təşkil olunur. Əgər sahibkarlar öz məhsullarını satmaqda çətinlik çəkirlərsə, bizə müraciət edib, bu yarmarkalarda iştirak edə bilərlər. Bunu üçün hər bir imkan yaradılıb”. 

“Ölkədə 16 min hektar üzüm bağı var”

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, rəsmi statistikaya əsasən, son illərdə üzüm əkin sahələri artmır: “Ümumilikdə ölkədə 16 min hektar üzüm bağı var. Son illərdə üzüm əkin sahələri artmasa da, məhsul istehsalı artır. Məhsuldarlığın artması dövlətin üzüm bağlarına ayırdığı subsidiyalar fonunda qulluq səviyyəsinin yüksəlməsi ilə əlaqədardır”.

“Üzümün saxlanma müddəti o qədər uzun deyil”

Ekspert qeyd etdi ki, Qarabağda və bütövlükdə işğaldan azad edilmiş ərazilərdə də müəyyən üzüm bağları var idi: “Bir müddət əvvələ qədər həmin bağların bərpası prosesi gedirdi. Ola bilsin ki, bu il həmin  bağlardan da məhsul əldə olunub. Hazırda əlimizdə dəqiq məlumat yoxdur və istehsal olunan məhsulun dəqiq həcmi məlum deyil. Bizim əldə etdiyimiz üzümün az bir hissəsi Rusiya başda olmaqla xarici ölkələrə ixrac olunur. Qalan məhsul isə daxili bazara yönləndirilir ki, bundan süfrə üzümü kimi və şərabçılıqda istifadə edilir. Ümumiyyətlə, Azərbaycanda meyvə və bu qəbildən olan bitkilərin istehsalında bu problem var. Biz bunu xurma, alma ilə bağlı da müşahidə edə bilərik. Yəni bəlli vaxtda qiymətlər çox aşağı düşür, bağ sahibləri gəlir əldə etməyə çətinlik çəkirlər, saxlama məsələlərində problemlər yaranır”.

“Mütləq emal sənayesi inkişaf etdirilməlidir”

C.İbrahimli vurğuladı ki, bu kimi problemlərin təkrarlanmaması üçün ölkədə mütləq emal sənayesi inkişaf etdirilməlidir: “Bu, digər sahələrlə yanaşı, üzümçülüyə də aiddir. Kənd təsərrüfatının emal sənayesini inkişaf etdirmədən bu problemləri həll etmək mümkün deyil. Fermer nə qədər məhsul istehsal edirsə, onu realizə etmək imkanları olmalıdır. Üzümün bir hissəsi də dərilən kimi satışa çıxarılmalı, qalanı isə emal olunmalıdır. Biz üzümdən həm şərabçılıqda, həm də onu qurutmaqla istifadə edə bilərik. Biz hazırda bu məhsulları, xüsusilə qurumuş üzümü idxal edirik. Qeyd etdiyim kimi, qarşıdakı illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarındakı bağlarda da istehsalın artacağı gözləniləndir. Bütün bunların fonunda regional emal müəssisələrinin qurulması həm məhsulun qiymətinin tənzimlənməsinə, həm də ölkə iqtisadiyyatı üçün əlavə dəyər zəncirinin yaranmasına yardımçı ola bilər.

Bəxtiyar Məmmədli

banner

Oxşar Xəbərlər