• cümə, 29 Mart, 16:01
  • Baku Bakı 14°C

"Bacarmazsan" dedilər, dünya çempionu oldu – Portret

30.03.19 12:30 6628
"Bacarmazsan" dedilər, dünya çempionu oldu – Portret
Fiziki məhdudiyyətli insanlar haqqında dəfələrlə yazıb, paralimpiya hərəkatının əhəmiyyətindən dönə-dönə bəhs etmişik. "Mübarizə meydanı”nda özünü sübut etmiş həmvətənlərimizin "portret"ləri, sevindiricidir ki, daim xüsusi maraqla qarşılanır. Xatırladaq ki, rubrikamız çərçivəsində indiyədək cüdo, taekvondo, pauerliftinq, atıcılıq, atletika üzrə AÇ, DÇ, Paralimpiya Oyunları və digər mötəbər yarışlarda müxtəlif nailiyyətlər qazanan idmançılardan söhbət açılıb. Bu gün isə uzun aradan sonra yenidən paralimpiya ailəsinin "sonbeşiyi” olan taekvondoya müraciət etmişik. Qəhrəmanımız dünya çempionu, Avropa çempionatlarının mükafatçısı Röyalə Fətəliyevadır.

O, 2020-ci ildə Tokioda baş tutacaq XVI Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil etməyə ən real namizədlərdən biridir. Hazırda dünya reytinqinin yeddinci pilləsində qərarlaşan Fətəliyeva, Yaponiya paytaxtına bilet sifariş etmək üçün "dördlük"də yer tutmalıdır.

"Bacarmazsan"ların əsəri
Fətəliyeva Röyalə Vitali qızı 6 iyun 1991-ci ildə Füzuli rayonunun Qacar kəndində dünyaya göz açıb. 1993-cü ildə kəndləri ermənilər tərəfindən işğal olunduqdan sonra Fətəliyevlər Bakıda - Qaradağ rayonunun Lökbatan qəsəbəsində məskunlaşıblar. Böyük və əkiz bacısı kimi orta təhsilini 288 saylı orta məktəbdə alan Röyalə, doqquzuncu sinfə qədər dərslərini yaxşı oxuyub. Qolundakı məhdudiyyətə rəğmən, uşaqlıqdan fiziki işlərdə də aktivlik göstərib. Çalışıb ki, "bacarmazsan" deyənlərə özünü hərtərəfli sübut etsin. Hətta əmək təlimi dərsindən azad edilməsinə qarşı inadkarlıq göstərərək, tikib-toxumağı da öyrənib.

Orta təhsilini bitirdikdən sonra ali məktəblərə qəbul imtahanında iştirak edən Röyalə, istəyinə çata bilməyib. Növbəti il isə paytaxtın Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə üz tutub. Təfərrüatını isə qoy elə öz dilindən oxuyaq: "Uşaqlığım, yeniyetməliyim böyük sarsıntılarla keçib. Aşırı dərəcədə kompleksli idim. Hətta mağazaya tək getməyə də çəkinirdim. Fikirləşirdim ki, kimsə qolumu görüb, bir söz deyər, ürəyim qırılar. Məktəbdə də həmişə əkiz bacım Xəyalənin kölgəsinə sığınırdım. Yaşıdlarımdan çox, böyüklərin münasibəti məni üzürdü. Məni göstərib, qulağını çəkən adamlara görə çox əzab çəkirdim. "Ramana əlillər evi" ilə tanışlıq həyatımda əsl dönüş nöqtəsi oldu. Fərqli əlilliyi olan insanların iradəsini, həyat sevgisini gördükdən sonra şükür etməyin, mübarizə aparmağın vacibliyini anladım. Hərçənd, sosial müdafiə şöbəsindən zəng edib ora getməyimi məsləhət görəndə, valideynlərim narazılıqlarını bildirmişdilər. Düşünürdülər ki, bir əllə mən heç nə bacara bilmərəm. Ümumiyyətlə, atdığım bir çox addımlarda ata-anam məni qoruduqlarını düşünüb, fikrimdən daşındırmağa çalışıblar. Öncə sarsılsam da, sonradan özümü daha güclü hiss etmişəm. Çalışmışam onları təəccübləndirim. Bugünkü güclü Röyalə məhz "bacarmazsan"ların əsəridir".
Taekvondonu istəmədi, dedilər ki...
Fətəliyeva sözügedən mərkəzdə kompüter kursuna yazılır. Lakin onun dərsləri çox çəkmir. Belə ki, Azərbaycanda yeni yaranan para-taekvondo üçün qızların axtarışına çıxan məşqçi Asim Xudiyev, Röyaləni sıralarına qoşulmağa çağırır. Lakin o, bu təklifdən imtina edir. Deyir ki, idman mənlik deyil, məqsədim sadəcə, təhsil almaqdır. Bu vaxt mərkəzin direktoru Rəhilə Həsrətova ona izah edir ki, əgər nailiyyətlərin olsa, tezliklə ali məktəbə də qəbul olacaqsan. Bu və gələcəyi ilə bağlı digər xoş vədlərə inanan Fətəliyeva, təklifi qəbul edir.

Əkiz bacısı ilə söhbəti
Həmin vaxt yaşı 20, çəkisi isə 59 kiloqram idi. Bu yaşadək idman haqqında heç bir təsəvvürü olmayan Röyalə, tezliklə çəkisini 49-a salmalı idi. Gündə üç dəfə məşq, ağır fiziki yükləmələr tez-tez fikrini qarışdırır. Vəziyyət o yerə çatır ki, idmandan uzaqlaşmaq istəyir. Niyyətini əkiz bacısına danışdıqda, aldığı bu cavab onu fikrindən birdəfəlik daşındırır: "Əmimgil deyirdi ki, Röyalədir də, çox keçməz, buraxar bu işin başını. Belə etsən, onları haqlı çıxaracaqsan".
Fantastik geridönüş
İlk imtahanını Moskvada təşkil olunan Avropa çempionatında verən Röyalə, fəxri kürsünün üçüncü pilləsinə yüksəlir. Beləcə, inadına əminlik hissi də əlavə olunur. Mükafatlar isə boy-boya düzülür. 2012-ci ildə Arubada dünya ikincisi olan Röyalə, növbəti il İsveçrədə baş tutan mundialın qalibi adını qazanır. 2015-ci ildə Moldovanın paytaxtı Kişinyovda təşkil olunan əsas qitə yarışını gümüş, Samsunda keçirilən dünya çempionatını isə bürünc medalla başa vurur. Sonrakı ildə Polşada yenidən Avropa ikincisi olan Röyalə, 2017-ci ildə Portuqaliyada baş tutan Dünya Oyunlarının "bürünc"ünü kolleksiyasına əlavə edir. 2018-ci il isə uğursuz alınır. Karyerasının ən uğurlusu hesab etdiyi cari il haqqında isə yaxşısı budur, özü danışsın: "Məşqlərdə hər şey qaydasında idi. Bütün tapşırıqları beşqat artıq icra edirdim. Di gəl ki, dayanqa çıxanda heç nə edə bilmirdim. Bilmirəm mənə nə olmuşdu. Məşqçilər də təəccüb içində idi. Hətta vəziyyət o yerə çatmışdı ki, məni dünya çempionatına aparmağa tərəddüd edirdilər. Antalyaya yola düşəndə baş məşqçimiz dedi ki, mən Röyalədən başqa hamıdan arxayınam. Bu söz mənim üçün "soyuq duş" effekti oldu. Dedim ki, nəyin bahasına olur-olsun, medal qazanıb, Fərid müəllimi təəccübləndirəcəyəm. Çox şükür, bunu bacardım. Ələlxüsus da, 1/4 finalda dünya reytinqində üçüncü yerdə gedən meksikalı rəqibimi üstələməyim əsl sensasiya oldu. Cəmi 15 gün sonra Misirdə təşkil olunan açıq Afrika çempionatında çıxış edib, yenidən hamını təəccübləndirdim. Yarımfinal görüşümdə göstərdiyim performans möcüzəvi idi. Reytinqdə məndən yuxarıda olan rusiyalı rəqibimə görüşün gedişində 14 xal fərqlə uduzsam da, sonda 33-32 hesabı ilə qalib gəldim. Bundan sonra Fərid müəllim mənə dedi ki, sən bu ilin möcüzəsisən".

Nəzərə çatdıraq ki, Röyalə dünya çempionatını bürünc, açıq Afrika çempionatını isə gümüş medalla başa vurub. Nəticədə, dörd pillə irəliləyərək, 89.40 xalla yeddinci yerdə qərarlaşıb. Onu dördüncü pillədə qərarlaşan rusiyalı Anna Poddubskayadan 32 xal ayırır.

"Tam fərqli Röyaləni izləyirik"
"Dördlük"də qərarlaşmaq müyəssər olmasa, Tokioya lisenziya qazanmaq üçün o, qitə yarışında ən güclü olmağa çalışacaq. Həm özü, həm də yığmamızın baş məşqçisi Fərid Tağızadə qarşıdan gələn paralimpiada barədə yetərincə inamlı danışır. Bu arada Fərid müəllimin Röyalə haqqında fikirlərini təqdim edirik: "Bir ara xal götürməkdə böyük çətinliklə üzləşirdi. Zərbələrinin demək olar hamısı boşa gedirdi. Bu il isə tam fərqli Röyaləni izləyirik. Deyərdim ki, hazırda ən yaxşı formadadır. Mən heç şübhə etmirəm ki, o, Tokioya lisenziya qazanacaq. Ordan medalla dönəcəyinə də inamım çoxdur".
Örnək

Taekvondo tarixdə ilk dəfə Tokio Yay Paralimpiya Oyunlarının proqramında yer alacaq. Röyalə deyir ki, işdir, bu dəfə arzusuna çatmasa, çox da təəssüflənməyəcək. Gələcəyə olduqca nikbin baxan 27 yaşlı Fətəliyeva, hələ bir neçə il də karyerasını davam etdirmək niyyətindədir. Azərbaycanın iki xanım para-taekvondoçusundan biri olan qəhrəmanımız, bu yolda daha təcrübəli və titullu komanda yoldaşı Aynur Məmmədovadan örnək götürür: "O, 40 yaşında formada qala bilirsə, çempion olursa, mən niyə bacarmayım?! Təbii ki, yaş keçdikcə, hər şey çətinləşir. Amma Aynur göstərir ki, heç nə mümkünsüz deyil".

Röyalənin kumiri isə dünya və Avropa çempionatlarının mükafatçısı, ölkəmizi London və Rio olimpiadalarında təmsil etmiş Fəridə Əzizovadır.

Portret

"Bugünkü Röyalə ilə 8 il əvvəlki arasında yerlə göy qədər fərq var. Qazandığım özünəinama görə birbaşa idmana borcluyam. Bu gün öz ayaqlarım üstündə durmaqla yanaşı, ailəmə də köməklik edirəm. Daha heç nə məni üzə bilməz. Yaxşı ki, belə doğulmuşam. Yoxsa kim bilir indi harda, necə olardım".

İbrətli, o cümlədən heyrətamiz fikirlərdir. Bu, insan iradəsinin hüdudsuzluğunun, hamının istəsə, hər şeyə nail ola biləcəyinin növbəti təcəssümüdür. O, bir an da olsun, ümidini itirmir. Durmadan çalışır, zəhmətinin də bəhrəsini görür. Əsas hədəfi şübhəsiz ki, olimpiya zirvəsidir. Öhdəsindən gəlib-gəlməyəcəyini isə zaman göstərəcək. Bununla belə, biz elə indi də əminliklə deyə bilərik ki, onun həyat hekayəsi hər bir insana nümunədir.
Sahib

banner

Oxşar Xəbərlər