• çərşənbə, 24 Aprel, 07:57
  • Baku Bakı 13°C

Babur Şahın taxtı

22.04.19 13:15 2515
Babur Şahın taxtı
Bu məqalə Adil Mirseyidin ailəsi tərəfindən redaksiyamızı təqdim olunub. Şairin şəxsi arxivindəki bu məqalə indiyə qədər dərc olunmayıb:

Böyük moğolların əfsanəvi taxt-tacı haqqında bir neçə versiyanı gəlin birlikdə vərəqləyək. Tovuz taxtı 1629-cu ildə Cahan şahın əmri ilə hazırlanıb. Cahan şah deyincə ağlımıza Tac-Mahal gəlir. Cahan şahın əmri ilə hazırlanan taxt-tacın hazırlanmasına Tac-Mahal sarayından iki dəfə artıq vəsait xərclənib. Taxt nəbati naxışlarla zümrüd, sapfir və digər qiymətli daş-qaşlarla süslənib. Taxtın arxası tovuz quşu quyruğu şəklində işlənib. Tovuz quşu quyruğunun lələkləri də öz növbəsində daş-qaşlarla bəzədilib. İki lələk arasında iri nadir almaz ulduz kimi parlayıb bərq vururdu. (Bu almaz sonralar Avropada "Koxiner" kimi tanınacaq). Bu əsrarəngiz taxt dünyanın səkkizinci möcüzəsi, Məhəmməd Babur şahın şərəfinə Babur taxtı kimi tanınır. Əmir Teymur nəslindən olan Məhəmməd Babur, əlbəttə, tarixi şəxsiyyətdir. Fərqanə sultanı Məhəmməd Babur qonşu tayfalar tərəfindən sıxışdırılırdı, iç savaşları səngimirdi. XVI əsrdə Babur Əfqanıstanda paytaxtı Kabil olan yeni bir dövlət qurdu. 1526-cı ildə Babur Makedoniyalı İskəndərə, Çingizxana, Əmir Teymura baş əyməyən Hindistanı işğal elədi. Babur üç əsr Hindistanda hökmdarlıq eləmiş Böyük Moğol imperiyasının əsasını qoyan ilk Hindistan Padşahıdır. ("Böyük Moğol" termini haqqında – bu termin Şərqdə yanlış termin hesab olunur. Bu termin ingilis kolonizatorlarına məxsusdur. İngilislər Şimali Hindistan və Orta Asiya müsəlmanlarını moğol adlandırırdılar). Babur yalnız hökmdar və sərkərdə deyildi. O, müdrik filosof, istedadlı şair idi - bütün dünyada məşhur "Baburnamə" bu fikrin əyani vəsaitidir. Tovuz quşu obrazı klassik şərq poeziyasında önəmli yer tutur. "Tovuz quşu" mövzusu qədim hind incəsənətinin sevimli mövzularından biridir. Hindistanda tovuz quşu rəmzi məna daşıyırdı. Əski inanclara görə, ölümdən sonra insanın ruhu tovuz quşu vasitəsi ilə cənnətə gedir... Üzərində bu quşun rəmzi həkk olunmuş qızıl, gümüş sikkələrin basılmasının sirrini elə əski inanclarda axtarmalıyıq. Təsadüfi deyil ki, Babur şahın adı ilə ilgili şahlıq taxtı Hindistanın milli rəmzinə çevrildi. Fransız taciri və səyyahı Jan Batist Taverne Böyük Moğolların taxt-tacını öz gözləri ilə görmüş ilk avropalılardan biri kimi tarixə düşüb.
XVII əsr miniatürlərində Babur Şah Tovuz taxtında təsvir edilir. Başqa bir miniatürdə şah kitab oxuduğu vəziyyətdə fırçaya alınıb. Bu miniatürdə Babur hökmdardan daha çox şairə bənzəyir...

***
Baburun ölümündən sonra Böyük Moğol imperiyasının başının üstünü qara buludlar almağa başladı. Böyük bir imperiya daxili çəkişmələr məngənəsində günü-gündən zəifləyirdi. Və elə bu zaman qonşu Persiyada (İranda) Nadir şah qüvvətlənirdi. (Sonralar tarixçilər onu "pers Napoleonu" adlandıracaqlar). 1739-cu ildə Nadir şahın qoşunları sərhədi keçib Dehliyə doğru irəlilədilər. Nadir şah qələbə ilə Dehliyə girdi. Şərqin ən zəngin şəhərlərindən biri olan Dehli yağmalandı. Moğollar talanların qarşısını almaq və öz hakimiyyətlərini qoruyub saxlamaq məqsədi ilə Nadir şahla qohum olmaq fikrinə düşdülər. Nadir şahın oğlu Moğol şahzadəsi ilə evləndi, lakin bu izdivac da Böyük Moğolları fars istilasından, total soyğunçuluqdan qoruya bilmədi. Səlnaməçilərin yazdıqlarına görə farslar Dehlidən beş tondan artıq zümrüd, almaz, yaqut apardılar. Xırda almazları kürəklə dəri torbalara doldururdular, hissələrə bölünmüş Tovuz taxtını səkkiz dəvəyə yükləyib apardılar.
Beləliklə, dünyanın səkkizinci möcüzəsi Nadir şahın paytaxtına Məşhədə gətirildi. Nadir şah Hindistandan o qədər sərvət gətirmişdi ki, hökmdar öz ölkəsinin əhalisini üç illik vergidən əvvəlcədən azad etmişdi.
1740-cı ildə Nadir şah xəzinəsini, o cümlədən Moğol taxt-tacını Gelat qalasına apardı. Şah bu qalanı özünün əsas iqamətgahı etmək arzusuna düşmüşdü, amma artıq əlahəzrətin uğur mələyi ondan üz döndərməyə başlamışdı.
Nadir şah sui-qəsddə şübhələndiyi doğma oğlunun gözlərini çıxartmaqdan belə çəkinmir, sonra bu faciənin şahidi olmuş əyanların edam fərmanını imzalayır, əlli nəfərə yaxın saray adamının boynu vurulur.
1747-ci ildə Nadir şah sərkərdələrindən biri tərəfindən öz yataq otağında öldürüldü.
Hökmdarın ölümündən sonra "persiya Napoleonunun" qurduğu imperiya dağılmağa başladı. Hər yerdə vəhşət, hərc-mərclik hökm sürürdü. Belə bir qarmaqarışıq zamanda Moğol taxtı sanki qeyblərə qovuşdu, onun gələcək taleyi haqqında tarixçilərin əlində hələ də təkzibolunmaz sübut, dəlil yoxdu. Taxtın sonrakı taleyi haqqında cürbəcür əfsanələr, versiyalar, variantlar mövcuddur...
Ən populyar versiyalardan biri – taxt heç də qeyblərə qarışmayıb, Nadir şahın yaxınları tərəfindən ingilislərə satılıb. Guya ki, taxt Bombeydə, ya Seylonda, ya da Kolomboda "Qrousiner" adlı yelkənli gəmiyə yüklənib. "Qrousiner" gəmisi 1782-ci ilin yayında limandan ayrılıb, amma gəmi Londona yetişməyib. Fərziyyələrə inansaq, "Qrousiner" ingilis gəmisi cənub-şərqi Afrika sahillərində qəzaya uğrayıb... Qəza yerinin koordinatları indiyə qədər bilinmir. Bu versiyanın başqa bir variantı da mövcuddur. Guya yelkənli gəminin yeri məlumdur, amma güclü sualtı axınlar ucbatından gəmiyə yaxın düşmək mümkün olmayıb, bir də nəhəng sualtı qayalar gəminin anbarını qapayıb və s. və i.a.
Bu versiya bizə inandırıcı gəlmir, burda bir sıra suallar ortaya çıxır. Bu versiyanın zəif bəndini axtarıb tapmaq böyük ağıl, böyük tədqiqat tələb etmir – axı taxt artıq İranda idi, onu Hindistan sahilindən gəmiyə yükləmək sadəlövhlük olardı, ingilis kolonizatorları isə sadəlövh deyildilər. Bir də 1782-ci ildə Böyük Moğollar hələ hakimiyyətdə idilər və bizə məlumdur ki, ingilislər Dehlini 1803-cü ildə ələ keçiriblər...
Beləliklə, bu versiya reallıqdan uzaq görünür.
Axı, səkkiz dəvə yükü bir ovuc qızıl deyildir ki, Moğolların nəzarəti altında olan ərazidən qaçaq mal kimi asanlıqla keçirə biləsən.
Əgər taxt, doğrudan da, ingilis gəmisinin anbarına yüklənibsə, gəlin bir anlıq bu versiyaya inanaq, bəs kim deyə bilər ki, gəmiyə yüklənən şah taxtı məhz adıçəkilən əfsanəvi sənət incisi olub. Heç kim... bəli, heç kim bu məsuliyyəti öz üzərinə götürə bilməz, çünki, bütün tarixi mənbələrdə iz itir və ya bilərəkdən itirilir.
Səlnamələrdən məlumdur ki, Böyük Moğolların dəbdəbəli saraylarında tovuz quşu şəklində bir neçə taxt olub. Bəlkə ələ keçən taxt o çoxsaylı taxtlardan biri olub və ingilislərin yazdığına görə, cənub-şərqi Afrika sahillərində batıb...

***
Bir rus dərgisində oxumuşam ki, Tovuz taxtının saf nadir brilyantdan olan iki gözündən biri "Böyük Moğol" hansı yollasa Rusiyaya gətirilib. Rusiyada bu brilyant "Orlov" adlandırılıb...

***

Drezden "Yaşıl Qübbə" muzeyində Böyük Moğol taxtının kiçik modeli sərgilənir. Bu kopiyanı Avqust 1701-ci ildə alman yuveliri Dinqlinqerə sifariş verib. Dahi yuvelir bu əsər üzərində yeddi il çalışıb.
Unikal əsərin hündürlüyü 458, uzunluğu 142, eni isə 114 santimetrdir. Yuvelir beş minə yaxın brilyantdan, yüzlərlə rubin və zümrüddən istifadə edib. Alman sənətkarın əsəri Babur şahın taxtının tam dəqiqliklə kiçildilmiş modelidir. Mən bu əsərin rəngli fotosunu görmüşəm –əsl sənət incisidir...
***
XVIII əsrin axırları Kokand xanlığının çiçəklənmə dövrüdür. Bu dövrdə Daşkənd, Türküstan və digər vilayətlər Kokand xanlığına qatıldı. Karvan yollarının üstündə yerləşən bərəkətli Kokand torpağı günü-gündən qüvvətlənirdi. Baburun gəncliyi Fərqanədə keçib, bildiyimiz kimi, o, Fərqanə əmiriydi.
Baburun adıyla anılan şahlıq taxtı hansı yollasa Kokonda gəlib çıxa bilərdi. Babur şahın taxtı yalnız Hindistanda deyil, bütün Orta Asiya müsəlmanları üçün müqəddəs idi. Bəlkə də bu versiya heç də əsassız deyil – gəlin 1988-ci ilin mayında baş vermiş bir hadisəyə odaqlanaq.
Mayın 4-də SSRİ Baş Prokurorluğuna Əndicanlı Mühəmmədcan Saliyev müraciət edib. Bildiyimiz kimi, Əndican şəhəri Fərqanə vadisində yerləşir. SSRİ Baş Prokurorluğunun divarları çox faciələrə şahid olub, fantastik etiraflara qulaq asıb və əlbəttə, bu soyuq divarlar çox sirləri udub gizlədib.
Mühəmmədcan Saliyevin ifadəsindən: – 1876-cı ildə general Skobelevin komandanlığı altında rus qoşunları Kokanda girəndə Kokand xanının etibarlı adamları Babur şahın taxtını dağlarda gizlətmək qərarına gəlirlər və mağaralardan birində istədiklərinə nail olurlar. Dünyagörmüş ağsaqqallardan biri müqəddəs xəzinəni qorumalıydı. Əcəl ağsaqqalın qapısını döyməmiş o öz yerinə cavan adam təyin etməliydi, taxtın sirrini bu iki nəfərdən savayı heç kəs bilməməliydi.
Saliyevin sözlərinə görə, Babur şahın taxtını qoruyan insanlar onun nəslinin nümayəndələridir. Onun ulu babalarından biri guya Kokand xanının etibarlı adamıymış. Saliyev deyir ki, qoca atası ölümqabağı bu sirri ona açıb. Qocanın sözlərinə görə, Baburun taxtı Qırğızıstanın Oş şəhəri yaxınlığında dağlarda gizlədilib.
Saliyevlə söhbət edən prokurorluq əməkdaşları Şərq Xalqlar muzeyinə müraciət etdilər. Muzey bu versiyanın ağlabatan olduğunu bildirdi. Əndicana xüsusi qrup göndərildi. Tərs kimi "özbək işi" araya düşdü, respublika rəhbərləri həbs olundu, respublikada xaos yarandı. Bunun bizim söhbətimizə dəxli yoxdu, bircə onu deyə bilərəm ki, Moskvadan gələn qrup Oş dağlarına gedib Baburun taxtını axtarmadan geri qayıtdı. Saliyevin ifadəsi isə arxivə verildi...
Adil Mirseyid


banner

Oxşar Xəbərlər