AzTU ilə Xarkov Milli Texniki Universiteti arasında əməkdaşlıq genişlənir

Ukraynanın Kiyev və Xarkov şəhərlərinin aparıcı
texniki ali məktəblərinin ölkəmizə səfərə gəlmiş nümayəndə heyəti Azərbaycan
Texniki Universitetində (AzTU) olub.
Görüşdə Xarkov Milli Texniki Universiteti ilə AzTU
arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Sənəddə elm, təhsil
sahəsində əməkdaşlıq, müəllim, tələbə mübadiləsi, birgə layihələrin həyata
keçirilməsi və digər məsələlər nəzərdə tutulur.
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov
ölkəmizdə təhsil sahəsinə xüsusi önəm verildiyini vurğulayıb.
AzTU-da təhsilin inkişafı istiqamətində
reallaşdırılan tədbirlər, qazanılan uğurlar, universitetin beynəlxalq əlaqələri
barədə məlumat verən professor X.Yahudov bildirib ki, doqquz fakültə və 35
kafedranın fəaliyyət göstərdiyi bu ali məktəbdə doqquz mindən çox tələbə təhsil
alır. Universitet dünyanın ayrı-ayrı
ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir.
Görüşdən məmnun
qaldığını bildirən Xarkov Milli Texniki Universitetinin rektoru, Ukrayna Milli
Elmlər Akademiyasının müxbir üzvü Yevgeni Sokol rəhbərlik etdiyi ali təhsil
müəssisəsinin inkişaf mərhələlərindən danışıb. Qeyd edilib ki, 22 fakültəsi və
20 mindən çox tələbəsi olan bu təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə
mütəxəssislər hazırlanır. Universitet Almaniya, ABŞ, Fransa, Böyük Britaniya və
digər ölkələrin ali məktəbləri ilə əməkdaşlıq edir.
Y.Sokol əsasən
mühəndis kadrların hazırlığı ilə məşğul olan iki ali məktəb arasında əlaqələrin
genişləndirilməsinin vacibliyini vurğulayıb.
Ukrayna Milli
Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutu beynəlxalq hüquq
kafedrasının professoru, hüquq elmləri doktoru, Ukraynanın əməkdar təhsil işçisi,
Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü Arif Quliyev Azərbaycan-Ukrayna
təhsil əlaqələrindən və bu əlaqələrin əhəmiyyətindən danışıb.
A.Quliyev universitetlərarası əməkdaşlığın elmə,
təhsilə töhfə verəcəyinə əminliyini bildirib.
