AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub - Fotolar

Azərbaycan Texniki
Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı
ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə AzTU-nun rektor əvəzi
Xalıq Yahudov həmrəylik gününün əhəmiyyətini diqqətə çatdırıb. Rektor əvəzi ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının
Həmrəylik Gününün respublikamızda və digər ayrı-ayrı ölkələrdə geniş qeyd
olunduğunu bildirib.
Müasir, müstəqil dövlətimizin
memarı və qurucusu, ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu
nəticələrindən danışan Xalıq Yahudov Ulu Öndərin ideyalarının Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.
Rektor əvəzi ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişaf
etdiyini xatırladaraq xalqımızın nurlu sabahına inamını ifadə edib, əlamətdar
gün münasibətilə müəllim və tələbələri təbrik edib.
AzTU-nun Konstruksiya
materialları kafedrasının müdiri Arif Məmmədov yerləşdiyimiz regiondakı
geosiyasi vəziyyət, xüsusi ilə mənfur qonşularımızın bizə qarşı anti təbliğat
kampaniyalarına tutarlı cavab vermək üçün həmrəyliyin çox önəmli olduğunu
bildirib. Arif Məmmədov tələbələrə yaşadıqları yerdən asılı olmayaraq daima
Vətənə sadiq, layiqli vətəndaş kimi yetişməyi, xidmət etməyi arzu edib.
Tədbirdə Universitetin ictimai
işlərində fəallıq göstərən tələbələr AzTU-nun Tələbə Həmkarlar İttifaqı
Komitəsinin, Tələbə Gənclər Təşkilatının və Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin sertifikatı və
müxtəlif hədiyələri ilə təltif olunublar.
Daha sonra tələbələrin
hazırladığı maraqlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tələbələr muğam,
müasir və klassik estrada nümunələri və xarici mahnılar ifa ediblər.






