• cümə, 19 Aprel, 19:57
  • Baku Bakı 24°C

Aztəminatlı ailələrin mənzil şəraitini yaxşılaşdıracaq layihə

27.11.19 10:30 1098
Aztəminatlı ailələrin mənzil şəraitini yaxşılaşdıracaq layihə
Ekspertlər deyir ki, "Güzəştli mənzil” sistemi işə düşdükdən sonra mənzil bazarında aktivlik artacaq, tikinti sektorunda hərəkətlilik yaranacaq
Dekabrın ikinci yarısından kirayə mənzillərə müraciət başlayacaq. Bu haqda İpoteka və Kredit Zəmanət Fondu açıqlama yayıb. Mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib də ola biləcəklər. Mənzili kirayə edən vətəndaşımızın aylıq ödənişləri evin xərcindən çıxılacaq. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi, mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o, daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib ola bilər və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər.
Müraciət edən şəxs elektron və Asan imzaya malik olmaqla, özünə elektron kabinet yaratmalıdır. Kabinet yaradan zaman o, özü ilə bağlı məlumatları elektron daxil edə biləcək. Bu prosesi keçən və müsbət cavab alan vətəndaş, fonda şəxsiyyət vəsiqəsinin surəti (onunla birgə kirayə götürüləcək yaşayış sahəsində yaşayacaq ailə üzvləri varsa, həmçinin onların şəxsiyyət vəsiqələrinin surətləri) və gəlirlərini təsdiq edən sənədləri təqdim etməlidir. Qaydalara əsasən, rəsmi əmək müqaviləsi olmayan, amma fərdi sahibkarlıqla məşğul olan vətəndaşlar da müraciət edə biləcəklər. Bu zaman onlar sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surətini və vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməlidirlər. Fond müraciətə müsbət cavab verdikdən sonra sonuncu mərhələ müqavilənin bağlanmasıdır.
İqtisadçı-alim Vüqar Bayramov məsələni şərh edərkən bəzi vacib məqamlara toxunub. O bildirib ki, kirayə evlərə ASAN xidmət və ya elektron ipoteka portalı vasitəsi ilə müraciət etmək mümkün olacaq: "Mənzilə sahib olanların Azərbaycan vətəndaşı olması şərtdir. Həmçinin, kirayə mənzil üçün müraciət edənin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır.
Təsdiq olunmuş qaydalara görə, müraciətlər elektron sistemlə həyata keçiriləcək və növbəlilik əsasında qeydiyyata alınıb baxılacaq. Fond beş iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edəcək, 10 iş günü müddətində isə kirayə müqaviləsinin rəsmiləşdirilməsi yekunlaşacaq. Bundan sonra 3 iş günü müddətində kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən Fondun hesabına ödəməli olacaq. Bu məbləğ Fondun hesabına ödəndiyi andan kirayə müqaviləsi qüvvəyə minəcək. Kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir.
Şərtlər siyahısında müraciət edən şəxsin məhkumluğunun olmaması da qeyd olunub. Fondun elan etdiyi şərtlərdə ailəli olmaq şərt kimi qeyd olunmur. Bu isə o deməkdir ki, ailəli olmayan vətəndaşlarımız da müraciət edə biləcəklər.
Qeyd edim ki, aylıq ödənişlər 60 gün və daha çox müddətdə ödənilmədikdə, kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə, yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə ev kirayəçidən geri alınır. Həmçinin, kirayəçi yaşayış sahəsini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə verdikdə, həmçinin kirayə müqaviləsi üzrə üzərinə götürdüyü digər vəzifələri icra etmədikdə də, ev kirayəçidən geri alınır”.
İqtisadçı bildirib ki, müqavilə bağlandıqdan ən azı 3 il müddətdən sonra kirayəçi mənzilə sahib olmaq hüququna malikdir. 3 ildən sonra isə növbəti 22 il müddətində, istənilən zaman evin xərcini ödəməklə çıxarış (kupça) ala bilər. İlkin ödəniş nəzərdə tutulmasa da, kirayə mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlanıldıqdan sonra aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Yəni 1 illik kirayə haqqı öncədən ödənilməlidir. Fondun yazılı razılığı ilə kirayəçi kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilər. Sadəcə kirayəçi bunu kirayə müqaviləsi bağlanan gündən 3 il sonra edə bilər. Məsələn, kirayə müqaviləsi bağlanandan 3 il sonra kirayəçi ödəniş etməkdə çətinlik çəkirsə və ya evlə bağlı planları dəyişirsə, o zaman fondun razılığı ilə müqaviləni başqasının adına keçirə bilər. Mənzilə mülkiyyət hüququ kirayəyə verəndən başqa şəxsə keçdikdə, kirayənin qüvvədə qalması baş verir. Bu hal kirayə müqaviləsində də qeyd olunacaq. Həmçinin, şərtlərə görə, müraciətə baxıldığı zaman yalnız vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada qeydiyyata alınmış şəxsi biznesinizdən gələn gəlirlər təhlil ediləcək. Bu isə o deməkdir ki, gəlirin rəsmi olması vacibdir”.
"Kirayəçi həmin evdə qeydiyyata düşə bilərmi?” sualına da iqtisadçı aydınlıq gətirib: "Satmaq öhdəliyi ilə kirayə müqaviləsində nəzərdə tutulur ki, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri (ər-arvad, ata-ana, övladlar) Fondun yazılı razılığı ilə kirayə ünvanı üzrə pasport qeydiyyatına düşə bilərlər.
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov mexanizm haqqında fikir söyləməyin hələlik tez olduğunu bildirdi: "Layihə işə düşdükdən sonra ilkin qiymətləndirmə aparmaq olar. Çatışmayan cəhətlər yalnız bu halda müəyyən ediləcək. Ümumilikdə götürdükdə bu layihə aztəminatlı ailələrin mənzil probleminin həlli istiqamətində atılan addımlardan biridir. Məqsəd həmin ailələrin mənzil şəraitini yaxşılaşdırmaqdır. Bu mənada atılan addımı müsbət qiymətləndirirəm. Qeyd edim ki, layihə işə düşdükdən sonra mənzil bazarının aktivliyi artacaq. Digər tərəfdən, tikinti şirkətlərinin məhsullarının satışına dəstək olacaq. Həmçinin, tikinti sektorunda ümumi hərəkətlilik artacaq. Bu, həm də məşğulluğun təmin olunması baxımından vacibdir”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevsöylədi ki, Azərbaycanda mənzilə olan tələbat həmişə yüksək olub: "Layihə mexanizminə əsasən vətəndaş kirayə götürdüyü evi ala biləcək. Bu, çox müsbət bir haldır. Həmçinin, layihə, mənzillərin çıxarışla təminolunma prosesinə təkan verəcək. Əslində bu addım çoxdan atılmalı idi. Amma müəyyən çatışmayan məqamlar da var. Bakıda yaşayanların 20-30 faizi kirayə mənzillərdə yaşayır. Məsələ burasındadır ki, onların böyük əksəriyyətinin rəsmi iş yeri yoxdur. Rəsmi iş yeri olmayan şəxslər isə bunun üçün müraciət edə bilməz. Ona görə də, həmin insanlar üçün belə bir şərait yaradılmalıdır. Çünki xeyli sayda insan var ki, aylıq bəlli miqdarda gəliri olsa da, iş yeri rəsmi qeydiyyatda deyil. Onların aylıq, stabil olaraq 400-500 manat kirayə haqqı ödəmək imkanı var. Amma bu adamlara şans verilmir. Əsas çatışmayan cəhətlərdən biri məhz bu məqamdır. Bu gün kirayə mənzillərdə qalanların 70-80 faizi vergidən yayınır. Kirayə verənlər əslində vergi ödəməlidir. Amma tərəflər arasındakı müqavilə rəsmi olmadığına görə, vergi ödənilmir. Bu kimi məsələlərə də aydınlıq gələcək. Düşünmürəm ki, mənzil bazarında qiymətlər aşağı düşəcək. Yeni tikilən binalarda, əksinə olaraq, qiymət artımı baş verə bilər. Torpağın qiyməti artdıqca, həmin ərazilərdə tikilən mənzillərin də qiyməti bahalaşır. Çünki paytaxtda boş torpaq sahəsi ciddi problemə çevrilib”.
Şəbnəm
banner

Oxşar Xəbərlər