AZƏRTAC ispan dilində xəbər yayımına başlayıb
Azərbaycan Dövlət İnformasiya Agentliyi –AZƏRTACyanvarın
21-dən ispan dilində xəbər yayımına başlayıb.
İndiyədək agentlik 7 dildə -
Azərbaycan, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində xəbərlər
yayırdı. İspan dilinin əlavə olunması ilə agentliyin informasiya yayımını
həyata keçirdiyi dillərin sayı 8-ə çatıb. Bu dildə buraxılan xəbərlərAZƏRTAC-ın saytının ispan
dili versiyasında dərc olunur.
Bununla bağlı agentlikdə təqdimat keçirilib. İdarə
Heyətinin sədri Aslan Aslanov qeyd edib ki, ispan dilində informasiya
resursunun yaradılması Azərbaycan reallıqlarının beynəlxalq aləmdə yayılması
istiqamətindəAZƏRTAC-ın
atdığı daha bir uğurlu addımdır.AZƏRTACbir sıra ispandilli ölkələrin xəbər agentlikləri
– İspaniyanın EFE, Argentinanın Telam, Paraqvayın İP, Kubanın Prensa Latina
agentlikləri ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, hazırda Kolumbiya və digər
ispandilli ölkələrin aparıcı media qurumları ilə əməkdaşlıq müqaviləsinin
imzalanması üçün danışıqlar aparılır. Bildirilib ki, Azərbaycanın siyasi,
iqtisadi, mədəni və bir çox digər sahələrində uğurları, həmçinin ölkəmizdə
keçirilən beynəlxalq tədbirlər barədə informasiyaların 400 milyonluq ispandilli
auditoriyaya çatdırılmasında bu resursun böyük önəmi olacaq. "İspan dilində
redaksiyanın yaradılması agentliyin ispandilli tərəfdaşları ilə informasiya
mübadiləsini daha da gücləndirmək üçün yaxşı imkanlar açacaq. Bu, Azərbaycanla
bağlı reallıqların böyük coğrafi məkanda yayılmasını təmin edəcək”, - deyə
Aslan Aslanov bildirib.
İspan dilində informasiya
bölməsinin müdiri Nuridə Aslanova agentliyin ispandilli veb-resursu haqqında
məlumat verib. Qeyd olunub ki, ölkəmizin həyatının bütün sahələrinə -
iqtisadiyyat, mədəniyyət, turizm, Azərbaycan tarixinə dair ispan dilində geniş
informasiya bazası yaradılıb. Bu gündən başlayaraq ölkədə baş verən mühüm
yeniliklər və hadisələr haqqında xəbərlərAZƏRTAC-ın saytının ispandilli versiyasında və sosial
şəbəkələrdə yayılır.
Agentliyin buraxılış üzrə baş
redaktoru Elman Qədirov, multimedia və informasiya resursları redaksiyasının
baş redaktoru Elşən Şahbalayev ispan dilində xəbərlərin yayımının təşkili
məsələlərindən, xəbərlərin hədəf auditoriyasına çatdırılması, xarici
informasiya resurslarında və sosial şəbəkələrdə əlçatan olması üçün görülən və
görülməli olan işlər barədə danışıblar.
İspan dili ingilis və Çin
dillərindən sonra dünyada ən çox danışılan üçüncü dildir, 21 ölkədə rəsmi dil
olaraq qəbul edilib və BMT-nin 6 rəsmi dilindən biridir. Dilin yayılma
coğrafiyası əsasən Avropa, Şimali Amerika və Cənubi Amerika qitələridir. Bu baxımdanAZƏRTAC-ın ispan dilində
xəbər yayması dövlətin rəsmi tədbirləri, Azərbaycanın həyata keçirdiyi mühüm
beynəlxalq və regional layihələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi, ispandilli ölkələrdə erməni lobbisinin antiazərbaycan təbliğatına
qarşı informasiya mübarizəsinin aparılması istiqamətində böyük fayda verəcək.
Eyni zamanda, agentlik üzvü olduğu beynəlxalq qurumlar və tərəfdaşlıq etdiyi
agentliklərlə ispan dilində xəbər mübadiləsi aparacaq.