• cümə, 19 Aprel, 04:26
  • Baku Bakı 18°C

"Azərsu" ASC-nin əməkdaşları mükafatlandırılıb

21.06.17 18:25 1361
"Azərsu" ASC-nin əməkdaşları mükafatlandırılıb
5 iyun - "Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Azərbaycan prezidentinin sərəncamları ilə "Əməkdar mühəndis” fəxri adı almış və "Tərəqqi” medalına layiq görülmüş, həmçinin "Azərsu” ASC sədrinin əmri ilə "Fəxri Fərman”la təltif olunmuş əməkdaşlara mükafatların təqdim olunması mərasimi keçirilib.
"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, "Azərsu” sədri Qorxmaz Hüseynov təltif olunmuş əməkdaşları təbrik edərək bildirib ki, son illər su təsərrüfatı sektoru yeni inkişaf dövrünə qədəm qoyub. İstehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə miqyasında genişmiqyaslı işlər görülüb, mühüm layihələr həyata keçirilib.
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanmış su təchizatı layihələrinin icrasında su təsərrüfatı işçilərinin böyük xidmətləri olub. Su təsərrüfatı və meliorasiya sahəsi işçilərinin əməyini yüksək qiymətləndirən prezident İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla iyun ayının 5-i "Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilib. Hər il peşə bayramı ərəfəsində bir qrup su təsərrüfatı işçisi fəxri adlar və medallarla təltif olunur.
Prezident İlham Əliyevin 2017-ci il iyun ayının 3-də imzaladığı sərəncamlarla su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə "Azərsu” ASC-nin 2 əməkdaşı "Əməkdar mühəndis” fəxri adına layiq görülüb, 12 əməkdaşı isə "Tərəqqi” medalı ilə təltif olunub: "Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasına və sosial rifahının yüksəldilməsinə istiqamətlənmiş dövlət siyasətinə su təsərrüfatı işçiləri özünəməxsus töhfələr verməkdədir. Peşə bayramının təsis edilməsi və bayram ərəfəsində həmkarlarımızın bir qrupunun mükafatlandırılması ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Əminəm ki, çoxminli su təsərrüfatı işçiləri bundan sonra da var qüvvəsi ilə çalışaraq qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcək, onlara göstərilən etimadı doğruldacaqlar”.
"Əməkdar mühəndis” fəxri adına layiq görülmüş "Azərsu” ASC-nin Su mənbələri və magistral kəmərlərin idarə olunması şöbəsinin rəisi Rasim Quliyev və Qaradağ rayon Sukanal İdarəsinin rəisi Əhliman Mansurov, "Tərəqqi” medalı ilə təltif olunmuş "Bakı Sukanal” İdarəsinin rəis müavini Əlizadə Nəsirov su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə ölkə başçısına minnətdarlıqlarını bildirib və qeyd ediblər ki, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətə su təsərrüfatı işçiləri bundan sonra da öz töhfələrini verəcəklər. Su təsərrüfatının inkişafında xidmətləri olan və əmək fəaliyyətində fərqlənən 107 əməkdaş "Azərsu” ASC sədrinin əmri ilə Fəxri fərmana layiq görülüb.
Sonra su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə təltif olunmuş "Azərsu” ASC əməkdaşlarına "Əməkdar mühəndis” fəxri adının vəsiqələri, "Tərəqqi” medalları və fəxri fərmanlar təqdim olunub.
banner

Oxşar Xəbərlər