• çərşənbə, 04 Dekabr, 12:35
  • Baku Bakı 10°C

“Azərenerji” Laçındakı yarımstansiyanı vaxtından əvvəl təhvil verməyə hazırlaşır

16.11.22 18:00 9902
“Azərenerji” Laçındakı yarımstansiyanı vaxtından əvvəl təhvil verməyə hazırlaşır

"Azərenerji" ASC Laçındakı 10/35/10 kilovoltluq “Laçın” Qovşaq Yarımstansiyasının tikintisini vaxtından əvvəl yekunlaşdırmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə qurumun açıqladığı məlumatda deyilir.

ASC-nin açıqlamasına görə, sentyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan yarımstansiyanın tikintisi sürətlə davam etdirilir və 2 aydan az vaxt keçməsinə baxmayaraq işlərin böyük hissəsi görülüb.

"Yarımstansiyada transformatorlar quraşdırılıb, açıq paylayıcı hissədə işlərin böyük hissəsi icra edilib, idarəetmə mərkəzi və mühəndis yataqxanasının tikintisi sürətlə davam etdirilir. Eyni zamanda “Güləbird” SES-dən yeni yarımstansiyaya çəkilən yüksək gərginlikli 110 kilovoltluq ötürmə xəttində isə işlər başa çatıb. Qovşaq yarımstansiya funksiyasını daşıyacaq Laçın şəhər yarımstansiyası şərq tərəfdən “Şükürbəyli”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstasiyaları, qərb tərəfdən “Daşkəsən,” “Kəlbəcər”, “Qorçu” yarımstansiyaları, nəhayət mərkəz tərəfdən “Şuşa” və “Füzuli” yarımstansiyaları ilə 110 kV-luq ikidövrəli ötürmə xətləri ilə əlaqaləndiriləcək. Bununla da Qarabağ və Şərqi Zəngəzurun 110 kV-luq dairəvi elektrik təchizatı yaradılacaq. Bu da işğaldan azad edilən ərazilərin enerji təchizatında fasiləsiziyi təmin edəcək", - açıqlamada bildirilir.

Qeyd edilib ki, “Azərenerji” tərəfindən Laçın rayonunda digər istiqamətdə tikilən “Qorçu” yarımstansiyasında işlər tamamlanıb və eyni zamanda Kəlbəcərdən Qorçuya çəkilən 110 kV-luq ikidövrəli ötürmə xəttində də işlər yekunlaşıb.

banner

Oxşar Xəbərlər