Azərbaycansayağı sertifikat

İnfeksionist deyir ki, "Əks göstəriş sertifikatı "COVID pasportu” kimi başa
düşülməməlidir”
Avqustun
9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri
olan şəxslərə "Əks göstəriş sertifikatı”nın verilməsinə
başlanılır.
Bəs
əks göstərişlərə nələr daxildir? Ümumiyyətlə, praktikada belə təcrübə varmı?
Əks göstəriş sertifikatı virusdan qoruyurmu?
Sertifikat necə
verilir?
Səhiyyə
Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyindən verilən birgə məlumata görə, "Əks göstəriş sertifikatı”
almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin
məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim
edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa "Əks göstəriş sertifikatı” veriləcək.
Əks göstərişlərə nələr
daxildir?
Dünya praktikasında əks göstərişlər üçün vətəndaşın
peyvəndin hər hansı bir komponentinə qarşı yüksək həssaslığı öyrənilir. Kəskin
yoluxucu xəstəliklərə yoluxanlara peyvənd sağalandan 2-4 həftə sonra vurulur. Bundan
əlavə, əgər birinci doza vurulduqda xəstədə kəskin reaksiyalar olarsa, ikinci
dozanın vurulması əks göstəriş sayılır. Əks göstərişlərə anafilaktik şok, ağır
ümumiləşdirilmiş allergik reaksiyalar, konvulsiv sindrom, bədən temperaturunun
40 dərəcə olması daxildir.
Tibb
elmləri namizədi, klinik farmakoloq Andrey Kondraxin deyir
ki, koronavirus peyvəndinin vurulmamasına dair
tibbi arayış daimi və ya müvəqqəti verilə bilər: "Bu, insanın müvafiq sağlamlıq
göstəricilərindən asılıdır. Hər hansı digər tibbi məhsul kimi, koronavirusa
qarşı peyvəndlərin də əks göstərişlərinin olması normaldır. Bu, yoxlanılıb
ekspert rəyi olduqdan sonra verilə bilər”.
Rusiyada
tibbi imtina arayışı necə alınır?
Qonşu Rusiyada yaşayış yerinə yaxın bir
poliklinikada və ya xəstənin müşahidə edildiyi xəstəxanada əks göstərişlərin
olduğunu təyin edən bir terapevtdən və ya başqa bir həkimdən peyvənddən tibbi
olaraq imtina haqqında arayış ala bilərsiniz. 30 gün müddətinə müvəqqəti
sertifikat verilir, bundan sonra yenidən mütəxəssislə əlaqə saxlamalısınız.
"Bu,
icazə sənədi deyil”
İnfeksionist
Mərdan Əliyev deyir
ki, əks göstəriş sertifikatı "COVID pasportu” kimi başa düşülməməlidir.
Həkimin sözlərinə görə, bu sertifikat tibbi baxımdan önəm daşımır: "Əks göstəriş sertifikatı hər hansı bir yerə gedib-gəlmək
üçün icazə sənədi deyil. Yəni bu, "COVID pasportu” kimi olmayacaq. Bəzi
insanlar var ki, məsələn, işə gedərkən onun peyvənd olunması məcburidir, lakin əks
göstərişi olduğunu hesab edir, o zaman tələb olunan qaydalara riayət edir, əgər
uyğun görülərsə, əks göstəriş sertifikatı verilir”.
Vaksin "düşmənliyi”
Həkimin sözlərinə görə, bəzi
insanların vaksin "düşmənliyi”, vaksinasiyaya inanmamaları həkimlərlə
qarşıdurmaya səbəb olur: "Vətəndaşlar iddia edirlər ki, bəzi yerlərdə təzyiqlər
olur. Son vaxtlar xəstələr deyir ki, rayonlarda kredit, maaş kartlarının
vaxtının uzadılması üçün banka gedə bilmirlər, çünki vaksin tələb olunur. Vətəndaş
həkimə müraciət edir, kağız tələb edir. Peyvənd vurdurmamaq üçün sənəd tələb
edirlər. Bunlar da bəzi qarşıdurmalara gətirib çıxarır, xəstələrlə həkimlər
arasında problem yaşanır. Əks göstəriş sertifikatı bunun qarşısını almaq
üçündür. Məncə, bu sertifikatla toylara, böyük marketlərə girmək mümkün olmayacaq.
Bu sertifikat tibbi baxımdan önəm daşımır. Çünki vaksinasiya olunmayan hər kəs potensial
virus daşıyıcısıdır. Və marketlərdə, toylarda xəstəlik yaya, yoluxdura, yaxud
yoluxub xəstəliyi ağır keçirə bilərlər”.

Vaksinə qarşı fərqli
münasibət...
Həkim deyir ki, dünya praktikasında əks göstəriş
sertifikatı yoxdur. Bu, bir Azərbaycan praktikasıdır: "Vaksinasiya ilə bağlı
sertifikatın verilməsi məsələsi millətin xarakterinə uyğun hesablanır. Rusiyada
belə sertifikat müddətli verilir. Elə ölkələr var ki, buna ehtiyac yoxdur.
Çünki insanlar özləri vaksini vurdurmaqda maraqlıdırlar. Əgər kimsə vurdurmayıbsa,
deməli, həqiqətən vaksin vurdurmamaq üçün ciddi göstərişi var. Bizdə vaksinə
qarşı münasibət fərqlidir. İnsanlar şayiələrə inanır, vaksinə
inanmırlar. Adi allergik hallarda belə vaksin vurdurmaqdan çəkinirlər. Amma
vaksinasiya çox vacib və lazımlıdır. Pasiyentlər bizə müraciət edir, yanaki xəstəliklərinin
olduğunu deyir və arayış istəyirlər. Biz o arayışı verə bilmərik və bu sənəd keçərli
deyil. Ona görə də əks göstəriş sertifikatı var”.
Virusla mübarizədə
ən effektiv yol
Vaksinin əks göstərişlərinə gəldikdə isə, həkim
vurğulayır ki, yalnız10 faiz insanda əks göstəriş ola bilər: "Süd verən
analara, hamilə qadınlara məsləhət görülmür. Əslində süd verən ana da
vurdurmalıdır. Amma kifayət qədər araşdırma aparılmadığı üçün tövsiyə olunmur. Çox
ciddi allergik reaksiyası olanlara vaksinasiya tövsiyə olunmur. Hansı ki,
bundan öncə hər hansı iynədən ciddi anoflaktik şok keçirib. Yaxud əvvəllər
vaksin vurdurub allergik reaksiya veribsə, bu zaman vurdurmaq olmaz. Ola bilər
ki, vaksinin hansısa komponentinə qarşı ciddi reaksiya var. Amma kimsə deyir
ki, məndə dəridə səpkilər olur, toza qarşı, hansısa qidaya qarşı allergiyam
var. Bu, vaksin vurdurmaq üçün əks göstəriş hesab olunmur. Allergik xəstəliyi
olanların 90 faizi vaksin vurdura bilər. 10 faizdə ola bilər ki, reaksiya çox
ciddidir və onlara vaksin vurdurmaq tövsiyə edilmir. Hər bir halda əks göstəriş
sertifikatı olanlar COVID-dən sığortalanmır. Yoluxa da, yoluxdura da bilərlər.
Virusla mübarizənin ən yaxşı yolu vaksinasiyadır. Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin
təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən
qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin
saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara da riayət
olunmalıdır”.
"Peyvənd üçün əks
göstəriş yoxdur”
Məlumat üçün
bildirək ki, Tibbi Ərazi Bölmələrinin
İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun
həkim-infeksionisti Nəzrin Mustafayeva da bildirib ki, ümumilikdə peyvənd
vurdurmaq üçün əks göstəriş yoxdur: "Xəstəliyi keçirib, qanında İgG
formalaşanlar da peyvənd vurdura bilərlər.Yetər ki, xəstəliyin aktiv
dövründə olmasınlar. Xəstəlikdən yeni sağalmış şəxslərə də peyvənd vurula
bilər. Elmi olaraq bunun üçün heç bir əks göstəriş yoxdur”.
Aygün ƏZİZ
Fotoqraf
Firudin Səlimov / Global Media Group
