AZƏRBAYCANLI YAZIÇININ HEKAYƏSİ İRAN OXUCULARININ QONAĞIDIR

İran
İslam Respublikasının Təbriz şəhərində nəşr olunan "Məhdi-Təməddün” və Urmiyanın "Dəniz” qəzetləri tanınmış
yazıçı-publisist, "hekayə ustası” titulu ilə oxucuların rəğbətini qazanan
Əlabbas Bağırovun "Yol adamı” hekayəsini dərc edib. Ərəb qrafikalı əlifba ilə
Azərbaycan dilində iranlı oxucuların görüşünə gələn əsər qədim əlifbamıza
tanınmış tərcüməçi, şair və yazıçı Əkbər Əlyar Həmidi tərəfindən köçürülüb.
Bundan başqa, qəzetin bundan əvvəlki nömrəsində İran ədəbi mühitinin görkəmli
simalarından sayılan, tənqidçi Əkbər Əlyar Həmidi yazıçının yaradıcılıq
üslubundakı nadir xüsusiyyətlərdən bəhs edən məqalə ilə çıxış edib. Mütərcim
yazır ki, zəngin söz ehtiyatı və nadir yaradıcılıq üslubu, hadisələrin inkişaf etdirilməsində özünəməxsus bədii
taktikası var və o, atalar sözlərinə və el məsəllərinə yeni nəfəs gətirməyi
bacaran mahir bir qələm ustasıdır. Müəllif hekayə barədə düşüncələrini belə
tamamlayır: "Bu hekayənin fəlsəfi quruluşu, obrazlar arasındakı ünsiyyət
taktikası və ümumi məzmun tərbiyəvi əhəmiyyəti məni özünə çox bağladığı kimi
əminəm ki, digər oxucular üçün də cəlbedici olacaqdır.”
Mənə
görə, Əlabbas Bağırovun əsərlərinin adı ayrı-ayrılıqda və özü-özlüyündə bir
kitabdır. Haqqında bəhs etdiyimiz "Yol adamı” hekayəsi olduqca düşündürücü və
ibrətamizdir. Əgər yazıçı "Yol adamı” hekayəsini "Yaxşı adam”, "Qəlbin hökmü”,
"Savablı yol” və s. "Əməl və əcr (səvab)” fəlsəfəsini özündə əks etdirən
sərlövhələrlə təqdim etsəydi belə, əsər yenə də adı ilə tam şəkildə uzlaşar və
oxucunu eyni şəkildə düşündürər, öz tərbiyəvi əhəmiyyətini qoruya bilərdi.
Əlabbas Bağırov təbiət hadisələrini Keneş Cusupov, heyvanların xüsusiyyətlərini
və hərəkətlərini Cek London, real hadisələri Ömər Seyfəddin qədər məharətlə
yarada bilib. Oxucu Əlabbas Bağırovun "Qiyamçı” romanı ilə adlarını sadaladığı
korifey yazıçıların "Ağ diş” (Cek London), "Kalbimin dağları” (Keneş Cusupov)
və "Zeytunla çörək” (Ömər Seyfəddin) əsərlərindəki ayrı-ayrı epizodları
müqayisə etməklə bu gerçəkliyə əmin ola bilər. Əgər
azərbaycanlı yazıçının bir romanı ilə 3 dünya şöhrətli ədibin
əsərində müqayisə etməyə məqamlar tapa biliriksə bu hal öz-özlüyündə Azərbaycan xalqının ədəbi istedadının zənginliyinin
göstəricisidir.
Qeyd
edək ki, Əlabbas Bağırov "Qiyamçı", "Qaraqovaq
çölləri", "Köhnə kişi", "Gümüşü gecələr",
"Gözəl", "Halal qan", "Mərənd ölüsü" kimi
əsərlərlə ədəbiyyatımızın daha da zənginləşməsinə böyük töhfələr verib. Yazıçının öz
yaxın dairəsində Köhnə Kişi adı ilə şöhrət tapması məhz "Köhnə kişi"
nadir bir yaradıcılıq üslubu ilə həyata vəsiqə qazanmasıdır. "Köhnə kişi”nin
əsas qəhrəmanı Murad əsərin sonunda nadanlığı, yaltaqlığı, hiyləgərliyi, ikiüzlülüyü daşlamaqla oxucunun
ruhunu oxşayır. Eynilə müəllifin özü kimi…
Sabir Şahtaxtı
