• cümə, 29 Mart, 05:23
  • Baku Bakı 7°C

Azərbaycanlı qadınların xasiyyətindən şikayətlənən çinli tələbə - Əcnəbi

07.10.17 10:00 5426
Azərbaycanlı qadınların xasiyyətindən şikayətlənən çinli tələbə - Əcnəbi
Artıq 4-cü ildir ki, ölkəmizdədir. Burda kompüter mühəndisliyi ixtisası üzrə təhsil alır. Deyir ki, Azərbaycana təhsil almağa gəldiyi üçün əsasən, vaxtını və fikrini bu istiqamətə yönəldib. Mümkün olan qədər daha çox oxumağa, öyrənməyə çalışır. Amma bu müddətdə həm də ölkəmizi gəzib, bölgələrimizlə də tanış olmaq şansını əldən verməyib. Müsahibimiz Azərbaycan Texniki Universitetində təhsil alan çinli tələbə Go Yuyangdır.

- Təhsil almaq üçün Azərbaycanı seçməyinizə səbəb nə oldu?
- Azərbaycanla Çinin təhsil sahəsində əməkdaşlığı var və mən burada ödənişsiz oxuyuram. Vətənimdə isə bu təhsil ödənişlidir. Ona görə də mən Azərbaycanı seçmişəm. Təbii ki bu seçim kortəbii olmayıb. Mənim altı seçimim var idi. O ölkələrə Azərbaycan, Ukrayna, Belarus, Ermənistan və s. daxil idi. Azərbaycanda təhsil almağın mənim üçün daha uyğun və sərfəli olduğunu düşündüyüm üçün buranı seçdim.

- Azərbaycanla Çinin təhsili arasındakı fərq nədir?
- Düzü, mən bu sual ətrafında geniş danışmaq istəmirəm. Orda təhsilin daha yüksək olduğunu düşünürəm.

- Bəs nə üçün öz ölkənizdə oxumağa üstünlük vermədiniz?
- Çünki xaricdə oxumağa hökumətimiz icazə verir, şərait yaradır. Ölkəmizə xarici dilləri bilən və texnikadan yaxşı başı çıxan mütəxəssislər lazımdır. Burada mən təhsil almaqla yanaşı, rus və Azərbaycan dilini öyrənirəm. Bu, ölkəmiz üçün vacibdir.

- Hava limanında endiyiniz zaman ölkəmizdə sizin diqqətinizi çəkən nə oldu?
- Şəhəriniz çox gözəldir. Ümumi təəssüratım isə budur ki, azərbaycanlılar çox tərbiyəlidirlər. Mehriban, səmimi, səxavətli insanlarınız var. Metroda, avtobusda, ticarət mərkəzlərində olmuşam. İnsanlarınız mehriban və sevimlidirlər, nə isə soruşanda can-başla, gülər üzlə köməklik edirlər.

- Azərbaycan dilini öyrənə bilibsiniz?
- Bəzi sözləri öyrənmişəm. "Salam”, "sağ ol” kimi sözlərə daha bir-ikisini əlavə edib danışa da bilirəm. Amma hələ ki normal danışmağı bacarmıram. Rusca yaxşı danışıram. Azərbaycan dili rus dilindən bir az qəliz gəlir mənə. Sizin diliniz Türkiyə türkcəsinə və türkmən dillərinə yaxındır. Amma hər iki dili yaxşı öyrənməyə çalışıram. Hələ burdayam, öyrənməyə davam edirəm.

- Burda dostlarınız varmı?
- Əlbəttə, var. Burada həm azərbaycanlı, həm də rus dostlarım var.

- Artıq xeyli vaxtdır burdasınız. Sevdiyiniz varmı? Azərbaycanlı xanımla evlənərsinizmi?
- Azərbaycanlı qızlar çox gözəldirlər. Çində ərdə olan azərbaycanlı qadınlar tanıyıram. Amma çinlilərlə müqayisə etsək, azərbaycanlı qadınların xasiyyətləri bir qədər qəlizdir. Azərbaycanlı qızlar əlbəttə ki, gözəldirlər, amma düşünürəm ki, onlar məni sevmirlər. Çünki onlar məni başa düşmürlər. Problemim dili bilməməyimdir. Bütün dostlarım rus dilində danışırlar. Əgər xasiyyətimiz uyğun gələrsə, sevərəmsə, niyə də evlənməyək? Bunların hamısına müəyyən zaman lazımdır. Azərbaycanda olduğu kimi, bizdə də valideynlər bu işə xeyir-dua verməlidirlər. Bunsuz olmaz.

- Artıq 4-cü ildir ki, Azərbaycandasınız. Bu müddətdə nələri öyrənibsiniz?
- Əsas təhsil cəhətdən çox şey öyrənmişəm. Müəllimlərinizlə çox maraqlanıram, onlar mənə köməklik edirlər. Texniki universitet də gözəldir.

- Bakıdan başqa hansı şəhərlərimizdə olubsunuzmu?
- Bəli, olmuşam. Azərbaycana gəlib, tək Bakını görməklə kifayətlənmək olmaz. Təhsil almaqla yanaşı, həm də ölkənizi tanımağa, bura haqqında məlumatlı olmağa çalışıram. Dostlarımla Azərbaycanın çox yerlərinə səyahət etmişəm. Gəncə, Şəki, Quba, Qəbələ, Sumqayıt və s. yerlərdə olmuşam. Gözəl ölkəniz, təbiətiniz var. Şəkinin təbiətini lap çox sevdim. Balaca şəhər olsa da, çox təmizdir. Bir neçə gün dostlarımla orda oteldə qaldıq, gəzdik. Meşələri, çayları xoşuma gəldi. Gəncə şəhəri də tarixidir, gözəldir. Burdakı dostlarım da sağ olsunlar, tez-tez rayonlara qonaq dəvət edirlər, amma dərslərdən vaxt olmadığı üçün hər dəfə gedə bilmirəm.

- Bölgələrimizdə olubsunuzsa, fərqli mətbəx nümunələrimizi də yəqin ki görübsünüz. Mətbəximiz xoşunuza gəlirmi?
- Sizin mətbəxiniz bizimki ilə eyni deyil. Aralarında böyük fərq var. Yeməklərdən kabab, plov, dolma, şirniyyatlardan şəkərbura və paxlava xoşuma gəlir. Sizin yeməklər bir az şirindir, bizdə isə şirniyyatı elə də sevmirlər. Çində acı, duzlu yeməklərə daha çox üstünlük verilir, onlar sevilir.

- Çinlilər qurbağa yeməyi də çox sevdirlər...
- Bəli, burda da qurbağa var, amma bir qədər azdır. Bakıda Çin mətbəxi olan restoranlar var. Çox gözəl hazırlayırlar.
- Ölkələrimiz arasında əhəmiyyətli fərq nədir, sizcə?
- Sizdə məhdudiyyət və qadağalar çoxdur. Bəlkə müsəlman ölkəsi olduğu üçün bu, belədir, nədənsə, mənə belə gəlir.

- Məsələn, burda hansı çətinliklərlə üzləşirsiniz?
- Mənə yanaşma tərziniz bir balaca xoş gəlmir. Məsələn, Çində bütün tələbələr can-başla bir-birinə kömək edir. Burda da edirlər, amma bunu çox da xoşlamadıqları qənaətindəyəm.

- Bəlkə dili bilmədiklərindəndir?
- Nəsə xahiş edəndə, sadəcə, "sonra”, "sabah” deyib adamı başlarından edirlər. Çində vaxta, zamana çox diqqət ayırırlar. Bizdə düşünürlər ki, sonra vaxt olmaya bilər. Burda isə mən bunu hiss etmirəm. Bəlkə sabah heç olmayacaq? Əgər çinli sabah bu işi görəcəyini desə, bilin ki, mütləq onu, dediyi vaxtda yerinə yetirəcək. Burda isə hər dəfə ləngitmə var. Əgər sən çox məşğulsansa və bu gün gələ bilməyəcəksənsə, bunu açıq deyə bilərsən. Çində əgər bir saatdan sonra gələcəyinə söz veribsənsə, mütləq bunu etməlisən. Axı belə olanda mənim də zamanımı xərcləyirsiniz. Siz Çinə gələndə mənə deyirsinizsə ki, bu axşam görüşməliyik və mən də saat 6-ya razılaşıramsa, görüş yerinə həmin vaxtdan bir az da tez gəlirəm. Çalışıram heç vaxt gecikməyim. Burda isə demək olar ki, hamı gecikir.

- Burda Çin mallarının keyfiyyətsiz olması ilə bağlı bir yanaşma var. Yəqin ki, siz də bu haqda eşitmiş olarsınız…
- Bu problemi başa salmaq lazımdır. Bu sualı mənə çox veriblər. Bizdə keyfiyyətli mallar da var. Sadəcə, sizin biznesmenlər ucuz mal aldıqları üçün keyfiyyətə fikir vermirlər. Çinlilər ucuz və keyfiyyətsiz malları almırlar. Çünki keyfiyyətə çox fikir verirlər. Əlbəttə ki, ucuz malın keyfiyyəti olmayacaq. Amerikada, Avropada Çin mallarını çox sevirlər. Çünki onlara keyfiyyətli olanı gedir. Çinin keyfiyyətli məhsullarını gətirsələr, burda da sevərlər.

- Boş vaxtlarınızı burda necə keçirirsiniz?
- Dərslər vaxtımı çox alır. Dərsdən sonra evdə də hazırlaşmaq üçün xeyli vaxt lazım olur. Əgər bunlardan sonra boş vaxtım qalırsa, dostlarla parkda, şəhərdə gəzirik, çay, kofe içməyə gedirik.

- Gələcəklə bağlı planlarınız nədir? Burda qalmağı düşünürsünüzmü?
- Vətənimə qayıdacağam. Amma hələ ki, Azərbaycanda magistraturada da oxumağı düşünürəm. Universitetdən sonra Çinə qayıtmaq istəyirəm.
- Əgər şans yaransa, Azərbaycanda qalardınızmı?
- Hələ ki, bilmirəm. Amma tərcüməçi kimi bəlkə də qala bilərəm.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər