• cümə, 29 Mart, 18:16
  • Baku Bakı 14°C

Azərbaycanla Aİ yeni Tvinninq layihəsini reallaşdıracaq

23.06.17 13:10 1312
Azərbaycanla Aİ yeni Tvinninq layihəsini reallaşdıracaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti çərçivəsində "Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatın həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsinin təqdimatı olub.
APA-nın məlumatına görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümovvə nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri və ölkəmizdəki səfiri Malena Mard, Fransa səfiri Aurelia Buşez, Fransa Milli Pensiya Fondunun şöbə müdiri Eliz Debiz, Litvanın ölkəmizdəki səfirliyinin nümayəndəsi, yerli və avropalı ekspertlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan S.Müslümov vurğulayıb ki, sığorta prinsipinə əsaslanan və iqtisadi fəallığı təşviq edən sosial təminat bazar iqtisadiyyatı şəraitində əhalinin sosial müdafiəsində prioritet istiqamət olaraq, vətəndaşın üzləşə biləcəyi sosial risklərin səmərəli idarə olunması və onların mənfi nəticələrinin minimallaşdırılması prosesində onun özünün də iştirakına şərait yaradır: "Məhz bu prinsipə uyğun şəkildə aparılan islahatlar nəticəsində 2006-cı ildən fəaliyyət göstərən pensiya sistemi gözlənilən uğurlu nəticələrini verib. Ötən 11 ildə Azərbaycan Prezidenti cənabİlham Əliyevtərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması üzrə 9, sığorta hissəsinin indeksləşdirilməsi üzrə 11 olmaqla, 20 sərəncam imzalanıb. Nəticədə, qeyd olunan dövrdə əmək pensiyaları üzrə xərclər 5,9 dəfə, əmək pensiyasının baza hissəsi 4,4 dəfə artıb. Həmçinin əmək pensiyasının orta aylıq məbləğinin 6,4 dəfə artmasına, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə nisbətinin, yəni əvəzetmə əmsalının 28 faizdən 43 faizə yüksəlməsinə nail olunub. Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi üzrə inteqrə olunmuş göstərici 116 faiz təşkil edib".
Bu gün ölkə əhalisinin 13,4 faizinin, yəni 1 milyon 316 min nəfərin əmək pensiyası ilə təmin edildiyini bildirən nazir vurğulayıb ki, Azərbaycan prezidentinin 2014-cü il 4 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"na uyğun olaraq pensiya təminatı sistemində növbəti islahatlar aparılıb. Bununla əlaqədar pensiya qanunvericiliyində edilmiş və növbəti ayın 1-dən qüvvəyə minəcək dəyişikliklər ölkəmizdə həmin sistemin daim yenilənən müasir tələblərə uyğunlaşdırılmasına, dünyanın qabaqcıl təcrübəsi əsas götürülərək pensiya təminatı sistemində sığorta prinsiplərinin gücləndirilməsinə və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırılmış uyğunluğun yaradılmasına imkan verib.
S.Müslümov pensiya təminatı sistemində islahatların dəstəklənməsi məqsədilə ötən dövrdə Aİ-nin Tvinninq layihələri çərçivəsində görülmüş işlərin önəmini qeyd edib: "Hazırda təqdimat tədbiri keçirilən və 2 illik dövrü əhatə edən növbəti Tvinninq layihəsi də ölkəmizdə pensiya və sosial müdafiə sistemində Avropa ölkələrinin qabaqcıl təcrübələri əsasında gələcək islahatlara dəstəyin göstərilməsinə yönəlib. Bu dəstək fəaliyyətin müasir və səmərəli təşkili üçün vacib olan elektron audit sisteminin yaradılması və həyata keçirilməsi, büdcə tərtibatı prosesinin institutsional və texniki aspektlərinin təkmilləşdirilməsi, məcburi və könüllü sosial sığortalanma sisteminin strateji planlaşdırma mexanizmlərinin inkişaf etdirilməsi sahələrini əhatə edir. Layihənin komponentləri sırasına e-audit sahəsində çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması da daxildir”.
Nazir qeyd edib ki, layihə çərçivəsində görüləcək işlər Fransanın müvafiq qurumları (Fransanın Sosial İşlər və Səhiyyə Nazirliyi və Əmək, Məşğulluq, Peşə Təhsili və Sosial Dialoq Nazirliyi) ilə əməkdaşlıq şəraitində aparılacaq: "Bu, Fransadakı tərəfdaşlarla birgə icra olunan artıq üçüncü layihədir. Burada nəzərdə tutulan istiqamətlərin hər biri üzrə işlər Aİ-nin üzv dövlətlərinin müvafiq sistemlərinin öyrənilməsi və təhlili əsasında yerinə yetiriləcək. Yəni bu Tvinninq layihəsi pensiya təminatı sistemində islahatların həyata keçirilməsində Aİ ölkələrində mövcud olan müxtəlif yanaşmaları, iş mexanizmlərini nəzərdən keçirməyə də imkan verəcək ki, bu da çox faydalıdır".
S.Müslümov layihədəki vacib istiqamətlər üzrə məqsədyönlü işlərin aparılacağına əmin olduğunu bildirib və layihənin işçi heyətinə uğurlar arzulayıb.
M.Mard ötən dövrdə Azərbaycanda sosial müdafiə sahəsi ilə bağlı icra olunmuş Tvinninq layihələrinin müsbət nəticələrinin bu sahədə yeni Tvinninq layihəsinin həyata keçirilməsinə əsas yaratdığını vurğulayıb. O, Fransanın aidiyyəti qurumları ilə əməkdaşlıq müstəvisində artıq üçüncü layihə olan yeni Tvinninq layihəsinin ölkəmizdə pensiya və sosial müdafiə sisteminin Avropa ölkələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi əsasında təkmilləşdirilməsi üçün aparılan islahatlarda fəal dəstək olacağına əminliyini bildirib.
A.Buşez ötən dövrdə icra olunan iki layihənin Fransa və Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrini xeyli gücləndirdiyini qeyd edib. O, yeni Tvinninq layihəsinin bu əməkdaşlığın məqsədyönlü şəkildə davam etməsinə şərait yaratdığını və Azərbaycanda pensiya təminatının inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Tədbir layihənin komponentləri və layihə çərçivəsində görüləcək işlərdə gözlənilən nəticələrə dair təqdimat və müzakirələrlə davam edib.
banner

Oxşar Xəbərlər