• çərşənbə axşamı, 19 mart, 14:37
  • Baku Bakı 8°C

Azərbaycanın zorxana ulduzu - Portret

18.05.19 10:00 3875
Azərbaycanın zorxana ulduzu - Portret
Milli idman növlərimizin bir neçəsi təəssüf ki, tamamilə sıradan çıxıb. Yalnız folklorçuların araşdırma mövzusu olan həmin oyunlar, sadəcə nəzəri müddəaları ilə bizə təqdim olunur. Lakin sevindirici məqamlar da var. Belə ki, bəzi növlər dövrün tələblərinə uyğunlaşaraq, artıq beynəlxalq status qazanıb. Məsələn, zorxana.
Zorxana - qədim Azərbaycan şəhərlərində pəhləvanların güləşdikləri meydan. Zor – "güc”, xana isə - "məkan” mənasını ifadə edir. Zorxana rəngarəng və xüsusi özəllikləri ilə seçilən idman növüdür. Əvvəllər zorxanalar döyüşçü və pəhləvanların fiziki hazırlıq hərəkətlərini icra etdikləri məkan olub. Onun damı gümbəz, döşəməsi isə yer səthindən aşağı olarmış.

Zorxanalarda nizə, toppuz, qılınc, ox kimi silahlardan istifadə olunaraq məşqlər keçirilərmiş.

Bu idman növü çoxəsrlik tarixi ənənəyə söykənsə də, yaxın keçmişədək geniş ictimaiyyətə məlum deyildi. Dəqiq desək, paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarınadək. Vətəni Azərbaycan olan, əsasən İran, İraq və digər İslam ölkələrində yayılan zorxana, ilk dəfə məhz "Bakı-2017"-də böyük auditoriyaya təqdim edildi. Lakin bunadək dəfələrlə növ üzrə beynəlxalq yarışlar keçirilib. Belə ki, 2005-ci ildə İranın paytaxtı Tehranda Beynəlxalq Zorxana Federasiyası yaradılıb. Qurum yaranan gündən ona 29 dövlət üzv olub, hazırda 80-ə yaxın üzvü var. Dünya çempionatları ilə yanaşı, hər qitə üzrə çempionatlar keçirilir. Beləliklə, Azərbaycanda bu növü yaşadan, onu beynəlxalq arenada layiqincə təmsil edən idmançılardan birini sizə təqdim edəcəyik. Bu,yığmamızın məşqçisi və kapitanı Xəyyam Orucovdur.

26 yaşadək həvəskar güləş

Orucov Xəyyam Hüseyn oğlu 6 fevral 1981-ci ildə Ermənistan respublikasının Vardenis rayonunda dünyaya gəlib. Orta təhsilini Şəmkirdə alan Xəyyam, ilk olaraq sərbəst güləşlə məşğul olub. Lakin bu, çox gec - 16 yaşına təsadüf edib. Güləşə Şəmkirdə başlayan Orucov, orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub. Bununla belə, güləşə qarşı həvəsi azalmayıb. "Dinamo"da Könül Cəfərovun rəhbərliyi altında hazırlıqlarını davam etdirib. Altı ilə yaxın burada məşq etdikdən sonra o, Bakıya gələrək, yenidən "Dinamo"nun sıralarında yer alıb. Beləcə, 2007-ci ilə qədər güləşlə məşğul olub. Deyir ki, güləş onun üçün həvəskar əhəmiyyət kəsb edib. Belə ki, bu arada əsasən dolanışıq ardınca qaçdığından, məşqlərə çox da diqqət ayıra bilməyib. Elə bu səbəbdən də nə ölkədaxili yarışlarda uğur qazanıb, nə də beynəlxalq yarışlarda iştirak edib: "Həvəsim çox böyük idi. Güləşsiz qalanda darıxırdım. Sadəcə, maddi çətinliklər heç cür imkan vermirdi ki, peşəkar yanaşım. Müxtəlif işlərdə çalışırdım. Elə olurdu ki, uzun müddət məşqlərə gedə bilmirdim. Zorxanaya, əvvəllər bu idmanla məşğul olan uşaqlıq dostumun tövsiyəsi ilə gəldim. O, məni İdman Akademiyasına aparıb, Xanlar müəllimlə (red: Azərbaycan Zorxana Federasiyasının prezidenti, professor Xanlar Qurbanovu nəzərdə tutur) tanış elədi. Elə akademiyada məşqlərə başladım, il yarım sonra yığma komandada yer aldım. Tezliklə nəticələr qazandım. Heç iki il keçmədi ki, məni komandanın kapitanı təyin elədilər. Açığı, qısa vaxtda uğur əldə edəcəyimə ilk tanışlıqdan əmin olmuşdum".

İslamiadada üç medal və dördqat Avropa çempionluğu
Zorxana bənzərsizliyi, rəngarəng xüsusiyyətləri ilə ilk vaxtlardan onun diqqətini çəkib. Dediyinə görə, bütün məşq yoldaşlarından fərqli olaraq, istirahətin nə olduğunu bilməyib. Qarşısına tez bir zamanda ideal formaya çatmaq hədəfi qoyub və buna nail olub. Bunda uzun müddət güləşlə məşğul olmasının da təsiri çoxdur. 2009-cu ildə Bakıda baş tutan zorxana üzrə ilk Dünya Kubokunda komandamızın heyətində qalib olan Orucov, həmin il Minskdə təşkil olunan Avropa çempionatının qızıl medalını boynundan asıb. Qısaca qeyd edək ki, o, bu günə qədər dörd dəfə qitə çempionu, iki dəfə isə Dünya Kubokunun sahibi olub. Dünya çempionatlarında isə gümüş və bürünc medallara layiq görülüb. Öz təbirincə desək, karyerasının ən önəmli mükafatları IV İslam Həmrəyliyi Oyunları ilə bağlıdır. "Bakı-2017"də komanda yarışında və fərdi məharətlərin "mil səngin" növündə gümüş medal qazanan Xəyyam, "mil bazi"də fəxri kürsünün üçüncü pilləsində dayanıb.

"Qərara gəldim ki, məsuliyyəti üzərimə götürüm"
Növlərdən söz düşmüşkən, zorxana üç kateqoriyaya ayrılır. Zorxanaçılar komanda və fərdi məharətlərlə yanaşı, pəhləvan güləşində də güclərini sınayırlar. Yarışlar da elə üç gün ərzində baş tutur. Öncə komandalar mübarizə aparır, ardınca altı növ üzrə fərdi bacarıqlar nümayiş etdirilir. Sonuncu gün isə meydan güləşçilərin ixtiyarına verilir. Hər bir idmançı fərdi məharətlərin sadəcə, ikisi üzrə çıxış edə bilər ki, qəhrəmanımızın ilk gündən bu yana mübarizə apardığı "mil səngin" və "mil bazi" zorxanada ən çətin növlər sayılır. Orucov deyir ki, komandaya qoşularkən, bu növlərdə heç kim olmayıb: "Müqayisədə bir xeyli mürəkkəb olduğu üçün bu növlərdə boşluq idi. Çətinlikləri sevib, alışdığımdan, qərara gəldim ki, məsuliyyəti öz üzərimə götürüm. Pəhləvan güləşinə qarşı da həvəsli idim. Sadəcə, mən zorxanaya gələndə bu yarış cəmi bir - 90+ çəki dərəcəsi üzrə keçirilirdi. Mən isə 80 kilo idim. Düzdür, iki il sonra əlavə çəki dərəcələri müəyyənləşdi, amma mənim həvəsim qalmamışdı. Bütün diqqətimi öz növümə yönəltmişdim".

"Mil bazi" və "mil səngin" müvafiq olaraq, qılınc və toppuzla məşq hərəkətləridir. "Mil bazi"nin çəkisi 2, "mil səngin"inki isə 20 kiloqramdır.
İslamiadadakı nailiyyəti əsas uğur hesab etsə də, hələ zorxana ilə vidalaşmaq haqqında düşünmür. Qarşıdakı bir neçə ildə də sevimli idmanı ilə məşğul olmaq niyyətindədir. Əsas arzusu da dünya çempionatında nəhayət, çempionluq sevinci yaşamaqdır. Dörd ildən bir baş tutan zorxana mundialında onun əsas rəqibləri dünyanın ən güclüsü sayılan İran təmsilçiləridir. İdmançı karyerasını bitirdikdən sonra isə o, diqqətini tamamilə məşqçiliyə yönəldəcək.

Müəllim
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasını bitirən Xəyyam, hazırda sözügedən təhsil ocağında güləş müəllimi kimi çalışır. O, həm də beynəlxalq dərəcəli zorxana hakimi və Beynəlxalq Zorxana Federasiyasının Texniki komitənin üzvüdür. Bir sözlə, Orucov zorxana aləmində kifayət qədər məşhurluq qazanıb. Onu dünyanın ən məşhur zorxana ustalarından biri adlandırsaq, yanılmarıq.

İki ali təhsili olan, ingilis və rus dillərini yaxşı, fars dilini isə orta səviyyədə bilən Xəyyam, yüksək intellektual səviyyəsi ilə seçilir. Hər mövzuda mütaliəni sevsə də, tarixi və bədii kitablarla arası daha yaxşıdır. Lakin son vaxtlar sosial şəbəkələrdə çox zaman keçirdiyini, oxumağa vaxt tapa bilmədiyini deyir. Bundan başqa, texnika, yeni kəşflərlə yaxından maraqlanır. Piano və qarmonda ifa etmək isə əsas hobbisidir.

Film izləməklə də arası yaxşı olan Xəyyamın kumiri də kino ulduzudur. Belə ki, o, dünyaca məşhur amerikalı aktyor və restler Dueyn Consonu özünə örnək seçib. Bu arada, Xəyyam deyir ki, adətən onu zahiri görünüşünə görə kumirinə bənzədirlər.

Bir oğul və qız atası olan Orucov, övladlarının peşə seçiminə qarışmayacağını desə də, 2 yaşlı oğlunu gələcəkdə zorxanaçı və ya güləşçi olaraq görmək istədiyini də gizlətmədi.

Portret

Peşəsinə tükənməz sevgi, məqsədyönlülük və yorulmazlıq onu xarakterizə edən başlıca xüsusiyyətlərdir. Güləşdə çata bilmədiyi arzuları zorxanada reallaşdıran Xəyyam, öz uğurları ilə kifayətlənməyərək, milli idman növümüzü həm ölkədə sevdirir, həm də dünyaya tanıdır. Ona Azərbaycanın zorxana siması desək, yanılmarıq.

Sahib



banner

Oxşar Xəbərlər