• cümə, 29 Mart, 16:16
  • Baku Bakı 14°C

Azərbaycanın zəfəri dünya mediasında

13.11.20 16:57 2233
Azərbaycanın zəfəri dünya mediasında
"Bakı bölgəni geri qaytaracağını hər zaman deyirdi”
44 gün dünyanın diqqəti Qafqaza, daha dəqiq desək, Qarabağa, Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı azadlıq müharibəsinə yönəldi. 44 gün ərzində dünya mediası işğal altında olan torpaqların azad edilməsi istiqamətində aparılan müharibəni obyektiv işıqlandırsa da, bir çox hallarda qərəzli formada oxucularına çatdıranlar, alınan müsahibələri verməyə cürət etməyənlər də oldu. Şübhəsiz ki, ən önəmli olan bu 44 gündə Azərbaycan hakimiyyətinin apardığı açıq media siyasəti oldu. Azərbaycan Prezidenti İlham Əliyev də bu günlər ərzində dünyanın ən nüfuzlu media orqanlarına müsahibələr verdi, onların bütün suallarını cavablandırdı. Bəzən qərəzli, ermənipərəst mövqeli suallar verib dövlət başçısını özündən çıxarmağa çalışsalar da, Ali Baş Komandan tutarlı cavabları ilə onları yerində oturtmağa müvəffəq oldu. Erməni təbliğat maşını ümid edirdi ki, 90-cı illərdə olduğu kimi, indi də Azərbaycana qarşı çirkin informasiya müharibəsi uğur qazanacaq. Dünya, nəhayət başa düşdü ki, Azərbaycanın apardığı müharibə haqq müharibəsidir. Beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq öz ərazilərini azad edir. Dünya birliyi həm də, işğalçı Ermənistanın əsl simasını gördü. Dinc şəhərlərin bombalanması, insanların gecə yatdıqları yerdə hədəf alınmasını vandalizm kimi qiymətləndirdilər.
Beləliklə, son günlər dünya mediasında dərc olunan materiallara, müharibənin yekunlarına nəzər salaq. Bu məqalələrdə Azərbaycan Ordusunun bir daha dünyanın 50 ən güclülərindən biri olduğu əsas xətt kimi keçir. Məsələn, dünyaca məşhur "CNN”də dərc olunan "Bakı bölgəni gec-tez geri qaytaracağını hər zaman deyirdi” başlıqlı məqalədə bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ağır qərar verdiyini bəyan edib: "O, Azərbaycan və Rusiya liderlərilə Dağlıq Qarabağda müharibənin dayandırılmasına dair bəyanata imza atdığını söyləyib. Azərbaycan Paşinyanın bu açıqlamasından bir neçə saat öncə strateji əhəmiyyət kəsb edən Şuşa şəhərini ələ keçirdiyini açıqlamışdı. Halbuki, Ermənistanın baş naziri noyabrın 9-da Şuşa uğrunda döyüşlərin bitmədiyini demişdi. Son açıqlamasında isə bildirib ki, mən bu qərarı hərbi vəziyyətin dərindən təhlili nəticəsində qəbul etmişəm. Bu qərar mövcud vəziyyət üçün mümkün olan ən yaxşı həll olduğu üçün verilib”. Məqalədə daha sonra azad edilən Şuşaya yer ayrılır: "Xatırladaq ki, İlham Əliyev noyabrın 8-də Azərbaycan Ordusunun Şuşa şəhərini azad etdiyini açıqlamışdı. Bəziləri bu şəhəri dini nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb etdiyinə görə "Dağlıq Qarabağın Yerusəlimi” adlandırır. Azərbaycan Müdafiə Nazirliyi artıq noyabrın 9-da Azərbaycan bayrağının Şuşada dalğalandığını göstərən video yayıb. Bu o deməkdir ki, Azərbaycan hərbçiləri Stepanakertdən (Xankəndi) bir neçə mil məsafədədir”.
Fransanın "LesEchos.fr” nəşri yazır ki, 6 həftəlik ölümcül döyüşlərdən sonra Azərbaycanın hərbi qələbəsi təsdiqləndi: "Ermənistanla Azərbaycan arasında çərşənbə axşamına keçən gecə Rusiyanın vasitəçiliyilə imzalanmış saziş 6 həftəlik ölümcül döyüşlərdən sonra Azərbaycanın hərbi qələbəsini təsdiqləyir. Bu qərar Ermənistanda, xüsusən də Yerevanda minlərlə insanın hiddətinə səbəb olub və onlar küçələrə axışıblar. Dağlıq Qarabağda erməni separatçıları ilə Azərbaycan Ordusu arasında son 30 ilin ən qanlı döyüşləri sentyabrın sonunda başlamışdı. Razılaşma Azərbaycan Silahlı Qüvvələrinin separatçıların "paytaxtı” sayılan Stepanakertin (Xankəndi) 15 kilometrliyində yerləşən, strateji əhəmiyyətə malik Şuşa şəhərini ələ keçirməsindən sonra imzalanıb. Separatçı rejimin məhz Şuşanı itirməsi, müharibənin dönüş nöqtəsi hesab edilir”. Məqalədə, imzalanan sazişin Ermənistan üçün ağrılı qərar olduğu bildirilir: "Qərar həqiqətən də Ermənistanda xalqın qəzəbinə səbəb olub. Bəyanatın açıqlanmasından dərhal sonra Yerevanda minlərlə qəzəbli nümayişçi hökumət binasının ətrafına toplaşıb, yüz nəfərə yaxın insan binaya daxil olub, şüşələri sındırıb, otaqları dağıdıb. Eyni taleni parlament binası da yaşayıb. Beləliklə, Azərbaycan, 1990-cı illərin əvvəllərində başlamış və 30 min insanın ölümünə səbəb olmuş müharibə nəticəsində özünü de-fakto "müstəqil” elan etmiş Dağlıq Qarabağa nəzarəti yenidən ələ aldı”.
Yeri gəlmişkən, Azərbaycanın haqq işi qardaş Türkiyənin mediasında düz 44 gün işıqlandırıldı və indi də işıqlandırılır. Hər gün onlarla məqalə, reportaj və informasiyalar dərc edilir. Siyasət meydanında olduğu qədər informasiya müharibəsində də qardaş Türkiyə Azərbaycana dəstək verdi. Gerçəkləri bütün dünyaya çatdırmaq üçün 44 gün boyunca bütün hadisələri anbaan doğru və obyektiv paylaşan türk mətbuatının əməyi danılmazdır.
Onlardan bir neçəsinə nəzər salaq. Məsələn, Türkiyənin ən böyük qəzetlərindən biri olan "Milliyyet” məsələnin Naxçıvan tərəfinə toxunub. Bununla bağlı yazı dərc edən qəzet Türkiyə ilə Azərbaycan arasında quru yolu ilə, Naxçıvan vasitəsilə birbaşa əlaqə qurulacağını bildirilib. Yazıda, bunun Türk dünyası üçün mühüm addım olduğu vurğulanıb. "Anadolu” agentliyi atəşkəs elan olunduqdan sonra sığınacaqlarda qalan Tərtər əhalisinin evlərinə qayıtdığı haqda xəbər hazırlayıb. Xəbərdə Tərtər sakinləri ilə müsahibələrə də yer verilib. Türkiyənin aparıcı qəzeti "Hürriyet”də yayımlanan "Rusiyanın planı” adlı yazıda rus və türk qoşunlarının Qarabağdakı vəzifələrinin nə olacağından bəhs edilib. "CNN Türk” öz internet saytından vətəndaşlara Xocalı qətliamı və Qarabağın böyük şəhərləri olan Şuşa və Xankəndinin coğrafi mövqeyi, tarixi haqqında məlumat verib. Kifayət qədər jurnalist sayı ilə Gəncə və Bərdə hadisələrini də canlı formada yayımlayan, müxtəlif reportajlar hazırlayan türk mediası operativliyini bir daha sübut etdi.
Yeri gəlmişkən, "The Washington Post” qəzetində Robin Dikson 44 günlük müharibəni analiz edib, dron zərbələrinin Azərbaycana böyük üstünlük qazandırdığını yazıb. Müəllifin fikrincə, bu faktor həm də heyətsiz hücum dronlarının döyüş səhnələrini necə transformasiya etdiyini göstərdi. "Dronlar kiçik ölkələrə taktiki aviasiyaya ucuz çıxış verir... opponentin tanklar və havadan müdafiə sistemləri kimi daha bahalı avadanlığını dağıtmaq imkanı yaradır” , – deyə hərbi təhlilçi Maykl Kofmanın fikirlərini qabardır: "Dağlıq Qarabağ münaqişəsi bir neçə ayın içində kiçik və nisbətən ucuz hücum dronlarının vaxtilə quru döyüşləri və ənənəvi hava qüvvələrinin üstünlük təşkil etdiyi münaqişələrin miqyasını necə dəyişdirdiyini göstərdi”. Beynəlxalq Strateji Araşdırmalar İnstitutundan Frans-Stefan Geydi isə düşünür ki, tank və zirehli texnika kimi ənənəvi hərbi avadanlıq köhnəlməyəcək. Amma Dağlıq Qarabağ münaqişəsi digər silahlar və yaxşı təlim görmüş quru qüvvələri ilə yanaşı, silahlı dronlardan istifadənin "getdikcə artan əhəmiyyətini” göstərdi. "BBC”nin portalında rusiyalı təhlilçi Aleksandr Qabuyev atəşkəs razılaşmasının Rusiya üçün yaratdığı risklərə toxunur. Müəllifin fikrincə, Rusiya sülhməramlılarının yerləşdirilməsi üzrə razılaşmanın müddəti beş ildən sonra bitəcək və Azərbaycanla Ermənistan hərbçilərin çıxarılmasını tələb edə bilərlər.
"Münaqişənin həllinə vasitəçilik imkanı çox məhdud görünür. Hər iki tərəfin emosiyalarını, status kvonun ləğvini nəzərə alsaq, Bakı ilə Yerevanı nəyəsə razı salmaq qeyri-mümkün missiyaya bənzəyir”, – müəllif yazır və bu məqamda Moskvaya ABŞ və Avropanın əməkdaşlığının lazım olacağını vurğulayır.
"Rusiyanın Dağlıq Qarabağda vasitəçiliyi Avropa İttifaqının (Aİ) məğlubiyyətidir”. Bunu isə "Politico” dərgisində Niku Popesku yazır.
Müəllif qeyd edir ki, Aİ regionda strategiyasını nəzərdən keçirməyincə, başqalarının iş başına keçməsini müşahidə etməli olacaq. Rusiyanın vasitəçilik etdiyi razılaşma isə on il öncə münaqişə tərəflərinin beynəlxalq ictimaiyyətlə razılaşdırdığı Madrid prinsiplərini yada salır.
"Əsas fərq ondadır ki, bunu diplomatlar və siyasətçilər deyil, hərbi qüvvə həyata keçirir”, – müəllif yazır və durumun hər iki tərəf üçün qəlizləşdiyini vurğulayır. "Bloomberg” agentliyinin təhlilçisi Leonid Berşidski isə düşünür ki, Əliyevin Qarabağda hərbi yolla həlli seçməsi Vladimir Putin üçün itkidir. O yazır ki, Rusiyanın bölgəyə sülhməramlı yerləşdirməsi Ermənistanın alçaldıcı məğlubiyyətinin qarşısını ala bilmədi: "Bir tərəfdən, Putinin Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı etirazlar yaratmaq üçün məsələyə gec müdaxilə etdiyi düşünülür. Erkən müdaxilə Yerevana açıq, birtərəfli dəstək kimi də yozula bilərdi. Rusiya tərəflərdən heç birini açıq dəstəkləməmək mövqeyi tutdu”. Müəllif qeyd edir ki, istənilən halda Ermənistanın Rusiyanın orbitində qalmaq həvəsi sönəcək. Axı Yerevan Rusiyanın başçılıq etdiyi bir sıra qurumlarda təmsil olunur. Ermənilər bu əlaqələrin dəyərini sorğulayacaqlar.
Məqalədə Rusiyanın postsovet məkanında nüfuzuna zərbə dəydiyi, Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bir fikrin hətta rusiyalı həmkarı Vladimir Putini belə qorxutmalı olduğu vurğulanır. "Azərbaycan xalqı dəfələrlə vasitəçilərdən və bəzi beynəlxalq təşkilatların liderlərindən eşidib ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. Mən dedim ki, bu tezislə razı deyiləm və haqlı çıxdım”, – Prezident Əliyev deyirdi.
Təhlilçi qeyd edir ki, hərbi həllin mümkünlüyü postsovet məkanında dondurulmuş münaqişələrin hamısında, lap birinci, Ukrayna münaqişəsində balansı poza bilər.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər