AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vüsal Qasımlı: Xarici borcun səmərəli istifadəsi prioritetdir

Vüsal Qasımlı: Xarici borcun səmərəli istifadəsi prioritetdir

Müsahibə
10 İyun 2020, 14:07 1319
Son günlər dünyanın aparıcı maliyyə-kredit institutları Azərbaycanla əməkdaşlığı yeni mərhələyə çıxarmaq üçün müraciətlər edib. AZƏRTAC xəbər verir ki, məsələnin əhəmiyyətini nəzərə alaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bu mövzuda sualları cavablandırıb.

- Azərbaycanın xarici dövlət borcu hansı səviyyədədir və gələcək proqnozlar nədən ibarətdir?
- Bu ilin əvvəlinə birbaşa xarici dövlət borcumuz 8,32 milyard ABŞ dolları, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 771 milyon dollar, ümumilikdə xarici dövlət borcu 9,1 milyard dollar olub. Bizim təhlil göstərir ki, prioritet hesab olunan layihələr maliyyələşdirildikdən sonra xarici dövlət borcunun ÜDM-ə nisbəti azalan tendensiya üzrə davam edəcək. Hətta dövlətin borc strategiyasında qeyd olunur ki, xarici dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb olunan yeni borclardan çox olması ilə tədricən bu göstəricinin azalaraq 2025-ci ildə 12 faiz olacağı proqnozlaşdırılır. İndiki halda Azərbaycanın xarici borc cəlb etməsi üçün imkanları genişdir. Bizdə xarici dövlət borcunun ÜDM-ə nisbəti 17 faiz ətrafındadır ki, bu da dünyada ən yaxşı vəziyyətdə olan onluğun sırasında olmağımızı göstərir. Müqayisə üçün deyim ki, bu göstərici üzrə dünyada lider Yaponiyadır (238 faiz). Bizim bölgədə də ölkələr üzrə xarici dövlət borcu ÜDM-in orta hesabla 40 faizindən çoxdur. COVID-19 pandemiyası səbəbindən Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Böyük 20-lik və sair qurumlara borc üçün müraciət edən ölkələrin sayı 150-yə çatıb, artıq müflis elan edilən ölkələr var. Dünyada yeni borc dövrü başlayır. Azərbaycanda ötən il dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 6,2 faiz olub ki, bu da borc strategiyasında nəzərdə tutulan 15 faizdən əhəmiyyətli şəkildə aşağıdır. Dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət üçün yaradılan Təminat Fondu ciddi bir institusional bazadır. Dövlət borcu strategiyasında 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması hədəflənir ki, Azərbaycanda bu göstərici 20 faizin ətrafındadır. Dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payı da strategiyada nəzərdə tutulduğundan aşağı həddədir və bu da faiz risklərini aşağı salır. Azərbaycanın xarici dövlət borcunun və strateji valyuta ehtiyatlarının əhəmiyyətli hissəsinin eyni valyutada – ABŞ dollarında saxlanılması da valyuta risklərimizi azaldır.

- Dünyada borclanma ilə bağlı son vəziyyəti necə şərh edərdiniz?
- Qlobal olaraq dövlət borclarının bu il ərzində 13 faiz bəndi qədər artaraq dünya ÜDM-nin 83 faizindən 96 faizinə qalxacağı proqnozlaşdırılır. Azərbaycanda bu göstərici orta dünya səviyyəsindən 5 dəfə aşağıdır. Eyni zamanda, fiskal balansın inkişaf etməkdə olan ölkələrdə kəskin mənfi olacağı, orta gəlirli və aşağı gəlirli ölkələrdə isə müvafiq olaraq ÜDM-in -9,1 və -5,7 faizinə qədər düşəcəyi gözlənilir. İnkişaf etməkdə olan ölkələrin qeyri-rezidentlərinin portfelindən maliyyə çıxarılmaları bu il yanvarın sonlarından başlayaraq artım tendensiyası ilə 100 milyard dollara çatıb. Qlobal faiz dərəcələrinin çox aşağı olmasına baxmayaraq, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti üçün borclanmanın xərci artıb: inkişaf etməkdə olan ölkələrin suveren istiqrazları üzrə kredit spredi ilin əvvəlindən aprel ayına qədər iki dəfədən çox artaraq 600 bps-ə (6 faiz) çatıb. BVF-yə 100-dən çox ölkə sürətli maliyyələşdirmə alətindən (RFİ) istifadə edərək təcili maliyyə yardımı almaq üçün müraciət edib. Bundan başqa, BVF tərəfindən Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasına daxil olan 76 inkişaf etməkdə olan ölkə və 13 ada ölkəsinə, eyni zamanda, 25 ən yoxsul ölkəyə borcların restrukturizasiyası və ödəmələrin qismən saxlanılması təklif olunub.

- Bəzən belə bir sual yaranır. Niyə Azərbaycanın strateji valyuta ehtiyatları ola-ola xaricdən borc cəlb edilir? Bu məntiqi izah edə bilərsiniz?
- Məsələn, 2019-cu ildə dövlət büdcəsi hesabına imzalanmış kredit müqavilələrinin faiz dərəcəsi Euribor və LİBOR stavkası əsasında müəyyənləşib. Nəzərə alanda ki, hər iki indeks hazırda mənfi işarəyə malikdir, yeni kreditlər üzrə faiz dərəcəsi 1 faizin altındadır. Əlbəttə, burada valyuta riskini də nəzərə almaq lazımdır. Müqayisə üçün deyək ki, 2019-cu ildə Dövlət Neft Fondunun portfelinin ümumi gəlirliliyi daha yüksək həddə olub - 5,3 faiz. Təsəvvür edin ki, ötən il biz xarici vəsaiti 0-1 faiz xərclə cəlb etdiyimiz halda, xaricdə yerləşdirilən aktivlərimizdən 5,3 faiz qazanırıq. Aradakı təxminən 5 faizlik fərq bizim qazancımızdır. Üstəlik nəzərə almaq lazımdır ki, ötən il Fransa İnkişaf Agentliyi və Asiya İnkişaf Bankından cəlb etdiyimiz kreditlərin 3-6 il güzəşt dövrü var. Dünyanın aparıcı maliyyə institutları ilə əməkdaşlıq ölkəmizin tədiyyə qabiliyyəti və etibarlı partnyor kimi imicini gücləndirir. Eyni zamanda, bu yolla beynəlxalq standartların tətbiqi, yaxşı təcrübələrin öyrənilməsi, şəffaflıq və hesabatlılıq, həmçinin səmərəlilik sahəsində irəliləyiş əldə edirik. Azərbaycana sərmayə qoyan ciddi investorlar həm də ölkəmizin inkişafında maraqlı olurlar, bu isə əlavə qarantiyalar deməkdir. Xaricdən cəlb edilən vəsaitin tədiyyə balansına, fiskal balansa və yerli valyuta bazarına müsbət təsirlərini də qeyd etmək lazımdır. Hətta Asiya İnkişaf Bankının ayıracağı bəzi kreditlərin manatla ifadə olunması mümkündür, bu da yerli valyutaya inamı gücləndirir. Amma bütün hallarda xaricdən cəlb olunan kreditlər o dərəcədə səmərəli istifadə olunmalıdır ki, gəlirlilik səviyyəsi həm xərcləri bağlasın, həm də ölkə üçün əlavə dəyər yaratsın. Xarici borcdan səmərəli istifadə əsas prioritet olmalıdır.

- Sizcə xarici kreditlərdən nə dərəcədə səmərəli istifadə olunur?
- Məsələn, Asiya İnkişaf Bankı müxtəlif ölkələrdə öz layihələrinin uğur dərəcəsini qiymətləndirir. Azərbaycanda bu göstərici 80 faizdir və bu, regionumuz üçün yaxşı göstəricidir. Müqayisə üçün deyim ki, bu göstərici Gürcüstanda 75 faiz, Qırğızıstanda 67,6 faiz, Özbəkistanda 65,5 faiz və Qazaxıstanda 53,8 faizdir. Amma bu hal bizdə arxayınlıq yaratmamalıdır, mütəmadi olaraq xarici borcun səmərəli istifadəsi təhlil olunmalıdır. Xarici borcun düzgün idarə olunması ölkənin taleyini həll edir. Bir haşiyəyə çıxım: Ötən əsrin 70-ci illərinin sonunda Meksika böyük neft ehtiyatları tapanda, dərhal xarici borclanmaya gedən Jose Lopez ölkəsini tezliklə modernləşdirəcəyinə inandığı halda, 1982-ci ildə Meksika müflis elan olundu. Ardınca Latın Amerikası ölkələri itirilmiş onilliklə üzləşdilər. Son çıxışında prezident deyib ki, "Mən gəmiyə cavabdeh idim, tufana yox!” Amma tufanlar reallıqdır. Buna görə də Azərbaycanda borc strategiyası qəbul edilib, buna uyğun məzənnə riski, faiz riski, təkrar maliyyələşmə riski və əməliyyat riski təhlil edilir. Dövlət borcunun idarə olunmasında əsas məqsəd dövlət borcunun dayanıqlığını təmin etməklə ÜDM-ə nisbətin tədricən azaldılmasına nail olmaqdır. Bu isə ortamüddətli dövrdə dövlət borclarının idarə edilməsinin strateji çərçivəsinin yaradılmasını, habelə xərc və risklərin müvafiq tarazlığı nəzərə alınaraq, ən optimal maliyyə alətlərinin seçilməsini tələb edir. Dövlətin zəmanət vermədiyi, amma dövlət qurumları tərəfindən götürülən xarici borcların da səmərəli istifadəsi vacib istiqamətlərdəndir.

- Azərbaycana kredit verilməsi üçün beynəlxalq maliyyə qurumları niyə bu qədər maraqlıdır?
- Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə bir rəy yaradır. Təsəvvür edin ki, bu gün dövlətin strateji ehtiyatları onun xarici borcundan 5 dəfə çoxdur. Üstəlik, ölkədə ictimai-siyasi, iqtisadi və sosial sabitlik, aydın ifadə olunmuş siyasi iradə və perspektivlər xarici borclar üçün risk səviyyəsini aşağı salır. Region üçün yüksək sayıla biləcək kredit reytinqlərimiz də qiymətli kağızların emissiyasına, dövlət zəmanətli kreditlərin faizinin və sığorta mükafatlarının azalmasına səbəb olur. Kommersiya banklarının xalis xarici aktivləri 2016-cı ildə mənfi işarə ilə 4 milyard manatdan hazırda müsbət işarə ilə 4 milyard manata çatıb. Üstəlik, kommersiya banklarının xarici öhdəliklərin məcmu aktivlərə nisbəti də 2016-2020-ci illərdə 211 faizdən 27 faizədək azalıb. Bütün hallarda Azərbaycan xarici borclanmanı fiskal dayanıqlığın tərkib hissəsi kimi nəzərdən keçirir və səmərəlilik prinsipini əsas götürür. Beləliklə, dünya dövlətlərinin əksəriyyəti xarici borc üçün müraciət etdiyi halda, Azərbaycana aparıcı maliyyə qurumları özləri belə bir təkliflə çıxış edir.

- Pandemiyanın bu ilin dövlət büdcəsinə təsirini necə qiymətləndirirsiniz?
- Bu istiqamət hökumətin diqqət mərkəzindədir. Pandemiyanın yaratdığı xərclər, eyni zamanda, müvəqqəti vergi rejiminin gəlirlərə təsirləri təhlil edilir. Büdcə qanunvericiliyinə əsasən dövlət büdcəsinin icrası prosesində birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər. Bu hal imkan verir ki, pandemiyanın təsirləri dövlət büdcəsinin icrası zamanı nəzərə alınsın. Yeri gəlmişkən, ötən il də inqilabi sosial paket icra olunan zaman birdəfəlik təyinatlı vəsaitlər üzrə qənaət dövlət büdcəsinin ehtiyat fonduna yönəldilib və fonddan 1,4 milyard manatadək istifadə olunub. Bu zaman nəzərə almaq lazımdır ki, dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5 faizindən çox olmamaqla əvvəlki ildə bu fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir.