• çərşənbə axşamı, 16 aprel, 15:14
  • Baku Bakı 19°C

Azərbaycanın verdiyi şans və separatçıların təzyiqi - ŞƏRH

28.03.23 23:10 728
Azərbaycanın verdiyi şans və separatçıların təzyiqi - ŞƏRH

"Azərbaycanın mövqeyi aydın və dəyişməzdir: Qarabağ bizim daxili məsələmizdir və heç bir formada erməniəsilli vətəndaşlarımızın taleyi Ermənistanla sülh gündəliyinin bir hissəsi və ya hər hansı digər tərəflə müzakirə predmeti olmayacaq".

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Vətən müharibəsindəki qələbədən sonra Prezident İlham Əliyevin əsas fəaliyyət istiqamətlərindən biri dayanıqlı sülhə nail olmaqdır: "Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, bu məqsədlə iki ayrı istiqamətdə işin aparılması vacibdir. Birincisi, Ermənistanla sülh müqaviləsi, ikincisi isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerli ermənilərlə birbaşa təmaslar. Azərbaycanın bu məsələlərdə mövqeyi aydın və dəyişməzdir".

Deputat vurğulayıb ki, Azərbaycanın gücü və hərbi-siyasi potensialı, eləcə də yaradacağı reallıqları qəbul etdirmək üçün nüfuz və imkanları hər kəsə bəllidir: "44 günlük savaşda və sonrakı cəza tədbirləri fonunda bütün dünya bunun şahidi oldu. Bu gün Xankəndi və digər ərazilərin separatizmin tör-töküntülərinin qalıqlarından təmizlənməsi üçün bizə günlər yox, saatlar lazımdır. Lakin rəsmi Bakı hesab edir ki, müharibədən sonra yaranan reallıqlar reinteqrasiya prosesini dinc formada, qan tökülmədən həyata keçirməyə imkan verir. Artıq Qarabağın erməni icmasının nümayəndələri ilə reinteqrasiya və infrastruktur məsələləri ətrafında kommunikasiyalar qurmuşuq".

B.Məhərrəmovun sözlərinə görə, Azərbaycan rəsmiləri ilə erməni icmasının nümayəndələri arasında martın 1-də ilk təmas baş tutub, lakin onlar martın 13-də Azərbaycan tərəfinin təklifinə müsbət yanaşmayıblar: "Böyük ehtimalla deyə bilərik ki, separatçılar, Avropa Parlamenti, Fransa və İranın ritorikası, o cümlədən Rusiya sülhməramlılarının qeyri-adekvat davranışlarına arxayın olaraq yenidən diş qıcamaq istədilər. Lakin Laçın yolunun şimalındakı torpaq yollardan qeyri-qanuni fəaliyyətlər üçün istifadənin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirlərinin həyata keçirilməsi ilə Qarabağın erməni icmasının nümayəndələri bir daha gördü ki, istənilən halda situasiyanı Azərbaycan diktə edir. Bu bölgədə proseslərin yeganə ssenaristi bizik".

Deputat hesab edir ki, mövcud vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağın erməni icmasının nümayəndələrini aprel ayının birinci həftəsi yenidən Bakıya dəvət etməsi həmin vətəndaşlara daha öncə görüşdən imtina etməklə buraxdıqları səhvi düzəltmək üçün verilən yaxşı imkandır: "Sirr deyil ki, sıravi ermənilər bu prosesdə maraqlıdır və bunu təsdiq edən çoxsaylı nümunələr var. Lakin xuntanın təhdidi, eləcə də nifrət ideologiyasının təsiri altında bu prosesin qarşısında dayananlar daha fəaldır. Onlar anlamalıdırlar ki, bu verilən müstəsna bir şansdır, Azərbaycanın özünün yeganə variantı deyil. Əgər bu şans da dəyərləndirilməzsə, biz kommunikasiya qarşısında əngəlləri güc yolu ilə aradan qaldıraraq birbaşa Xankəndidə və Rusiya sülhməramlıların müvəqqəti yerləşdirildiyi digər ərazilərimizdə yaşayan erməni vətəndaşlarımızla yerindəcə ünsiyyət qurmalı olacağıq". (report)

banner

Oxşar Xəbərlər