• cümə, 29 Mart, 16:45
  • Baku Bakı 14°C

Azərbaycanın toy adətlərini bəyənən əfqan - Əcnəbi

28.02.20 13:30 4581
Azərbaycanın toy adətlərini bəyənən əfqan - Əcnəbi
Naqibullah Azizi: "Hələ indiyə kimi görməmişəm ki, kimsə "bu, yad ölkədən gəlib, qəribdir” desin”
"Azərbaycanın toy adətləri Əfqanıstandakından fərqlidir. Sizdə qonaqlar toy edən ailəyə maddi olaraq dəstək göstərirlər. Əfqanıstanda isə belə deyil. Bizdə bir insan toy etmək istəyirsə, çoxlu pul yığmalıdır. Sizdən fərqli olaraq bizim toylarda bəzən minə yaxın insan iştirak edir”.

Bu sözləri bizimlə söhbətində İslam Əməkdaşlıq Təşkilatının (Organisation of Islamic Cooperation) təqaüdünü qazanaraq Azərbaycana gələn əfqanıstanlı tələbə Naqibullah Azizi söylədi.

Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində inşaat mühəndisliyi və idarəetmə üzə magistr təhsili alan Naqibullah Azizi bakalavr təhsilini Kabul Politexnik Universitetində aldığını söylədi: "Bakalavr təhsilini öz ölkəmdə, Kabulda almışam. İslam Əməkdaşlıq Təşkilatı hər il təqaüd proqramı ayırır. 2019-cu ildə Əfqanıstandan bu təqaüd proqramını qazandım. Təsadüfən internetdə araşdırma edərkən, gördüm ki, Azərbaycan təqaüd proqramı elan edib. Qərara gəldim ki, bu təqaüdə müraciət edim. Müraciətimdən sonra seçilməyimə dair email aldım. Beləcə, Azərbaycanı daha ətraflı araşdırmağa başladım. "Youtube”da Azərbaycan haqqında videolara baxırdım. Mənim babam da Azərbaycan haqqında məlumatlı insandır. Çünki sovet dövründə Əfqanıstanda Azərbaycan, Rusiya, Özbəkistandan gələn müəllimlər dərs deyirdilər. Azərbaycan haqqında araşdırma edərkən gördüm ki, Bakını öz gözəlliyinə görə "Asiyanın gəlini” adlandırırlar. Burada olduğum müddətdə gördüm ki, Azərbaycan İrandan, Türkiyədən, Rusiyadan çox fərqli bir ölkədir. Ölkənizin özünəməxsus xüsusiyyətləri çoxdur”.


Yeməklərin dadı bir-birinə bənzəyir

Deyir ki, hələ Bakıya gəlməzdən əvvəl ölkəmizin mətbəxini də araşdırıb: "Ölkəniz haqqında araşdırma edərkən mətbəxinizi də öyrənməyə çalışdım. Mən Türkiyə mətbəxi haqqında az-çox məlumatlıyam. Əfqanıstanda mənim türk dostlarım çoxdur. Özbəkistanda da olduğuma görə, onların da yeməklərinə bələdəm. Yeməklərinizlə tanış olarkən gördüm ki, mətbəxlərimiz bir-birinə çox bənzəyir. Əksər yeməklərin hazırlanma qaydası eynidir. Amma mətbəxinizin özünəməxsus gözəlliyi var. Mənim ən çox sevdiyim və ilk dəfə görəndə təəccübləndiyim, Azərbaycan mətbəxinin "Şah plov”u oldu. Onun hazırlanma qaydası mənə çox qəribə gəlmişdi. Plov Əfqanıstanda da bişirilir və bizim də mətbəximizin məşhur yeməyidir. Məsələn, bizdə evə qonaq gələndə hörmət əlaməti olaraq plov bişiririk. Amma "Şah plov” çox fərqlidir. Ortaq coğrafi məkanda yaşadığımıza görə, əksər yeməklərin dadı bir-birinə bənzəyir. Mən burada yataqxanada qalıram deyə, yeməkləri özüm hazırlayıram. Əsasən Əfqanıstan yeməklərini bişirməyi bacarıram. Hələlik Azərbaycan yeməklərini bişirə bilmirəm. Amma bir çox yeməklərinizin dadına baxmışam. Adlarını yadımda saxlaya bilməsəm də, çox sevdiyim yeməkləriniz var”.


Azərbaycanda hər kəs mənim ailəm oldu

Naqibullah deyir ki, ilk vaxtlar ailəsi üçün darıxırmış. Amma qısa müddətdə Azərbaycana uyğunlaşa bilib: "Biz ailədə 6 uşağıq, 4 qardaş, iki bacım var. Onlar Əfqanıstanda yaşayır. İlk dəfə bura gələndə ailəm üçün bir az darıxırdım. Amma bir müddət sonra Azərbaycanda hər kəs mənim ailəm oldu. Azərbaycanda çoxlu dostlar qazandım. Hiss edirəm ki, burada mənim öz ailəm var. Hər dəfə bacı-qardaşlarımla danışanda deyirəm ki, narahat olmayın, artıq buraya öyrəşmişəm. Yəqin ki, Avropada, yaxud Rusiyada olsaydım, belə rahat uyğunlaşmazdım. Çünki mədəniyyətlərimiz və adət-ənənələrimiz bir-birinə çox bənzəyir. Dil, din, mədəniyyət ortaqlığı çox vacibdir. Buna görə də Azərbaycana ilk dəfə gələndə özümü yad yerdə hiss etmədim. Burada əcnəbilərə çox yaxşı münasibət var. Türk dilini bildiyimə görə, insanlarla dil tapa bilirdim. Burada özümə dostlar qazanmağa çalışıram. Qrupumuzda 3 azərbaycanlı var. Onlarla çox yaxşı münasibətimiz var. Müxtəlif tədbirlərdə, konfranslarda tanımadığım insanlarla da dostluq etməyə çalışıram. Bəzən birlikdə oturub çay, kofe içirik”.

Hələlik azərbaycanca danışa bilməsə də, dilimizi öyrənmək niyyətində olduğunu söyləyir: "Əksər sözləri bilirəm. Kimsə yanımda azərbaycanca danışanda, tam başa düşsəm də, bu dildə cavablaya bilmirəm. Çünki Azərbaycan dilində çox danışmaq imkanım olmur. Amma türk dilini bildiyimə görə, Azərbaycan dili mənə asan gəlir. İngilis, türk, fars, puştun, özbək dillərini bilirəm. Qısa müddətdə Azərbaycan dilini də öyrənmək üçün kursa getmək fikrim var. Çünki dilinizi akademik səviyyədə öyrənmək istəyirəm. Burada olduğum müddətdə rus dilini də öyrənməyə çalışacağam”.


İnsanların xarakteri çox yaxşıdır

Bir çox adətlərimizlə tanış olan həmsöhbətim qeyd etdi ki, Azərbaycanda əcnəbilərə böyük hörmət göstərilir: "Hər kəs bir-birinə qarşı hörmətli və diqqətcildir. Başqa ölkələrdə əcnəbilərə qarşı münasibət yaxşı deyil. Burada isə bizə böyük hörmət göstərirlər. İnsanların xarakteri çox yaxşıdır. Bu da ən önəmli məsələlərdən biridir. Hələ indiyə kimi görməmişəm ki, kimsə "bu, yad ölkədən gəlib, qəribdir” desin. Yaxud imkanı aşağı olan insanlara qarşı ayrı-seçkilik edilmir. Yəni hər kəsə eyni gözlə baxılır və hörmət edilir. İnsanlarınızın qonaqpərvərliyi də çox xoşuma gəldi. Elə gözəl adət-ənənələriniz var ki, hər bir əcnəbi burada özünü ölkəsindəki kimi hiss edir”.

Birinci semestr imtahanlarını artıq uğurla başa vurub. Bütün qiymətləri isə əladır: "Bütün fənlərdən əla qiymət aldım. Semestr ərzində dərslərimi yaxşı oxuduğuma görə, imtahanları vermək çətin olmadı. Bilirdim ki, son günə saxlasam, imtahandan kəsilə bilərəm. Bu il 5 fəndən imtahan vermişəm”.


Bizdə hər bir şəhərdə toy klubları var

Müsahibimlə milli adətlərimiz və bayramlarımız haqqında da danışdıq: "Qarşıdan Novruz bayramı gəlir. Bu bayram bizim ölkəmizdə də xüsusi qeyd olunur. Bundan başqa, Ramazan, Qurban bayramı da bizdə qeyd olunur. Bizdən fərqli olaraq, Azərbaycanda Yeni il bayramı çox möhtəşəm qeyd olunur. Əfqanıstanda isə ancaq dini və milli bayramlar qeyd olunur. Azərbaycan miladi, biz isə hicri təqvimini qeyd edirik. Toy adətləri də burada bizdəkindən fərqlidir. Azərbaycan toylarında olmamışam. Amma bir şeyi bilirəm ki, sizdə qonaqlar toy edən ailəyə maddi olaraq dəstək olur. Əfqanıstanda isə belə deyil. Bizdə bir insan toy etmək istəyirsə, çoxlu pul qazanmalıdır. Əgər kimsə toy edirsə, qonaqlar, sadəcə yeyib-içib, əylənir. Amma toy sahibinə heç bir maddi yardım etmirlər. Sizin bu adətinizi eşidəndə çox xoşuma gəldi. Çünki toy ərəfəsində çox xərc çıxır. Bizim toylarda bəzən minə yaxın insan iştirak edir. Hər kəs ən azından 20 manat versə belə, toy edən ailələrə böyük xeyri olar. Sizdə isə hər insan toya gələndə 100 manat pul verir. Bu, çox yaxşı adətdir. Toy edən də bilir ki, yaxınları, dostları ona dəstək olacaq. Ona görə də, maddi çətinlik çəkmir. Əfqanıstanda bütün çətinlik toy edənin üzərinə düşür. Bizdə hər bir şəhərdə toy klubları var. Bu klublarda 2000-nə yaxın insan yeyib-içə bilir”.

Sonda gələcək planları haqda da soruşduq. Deyir ki, təhsilini başa vurduqdan sonra Əfqanıstana qayıdacaq: "Azərbaycana sırf təhsil almaq məqsədilə gəlmişəm. Burada olduğum müddətdə öz bilik və təcrübələrimi artırmaq istəyirəm. Universiteti bitirəndən sonra yəqin təcrübə keçəcəyəm. Sonra isə ölkəmə qayıtmaq fikrim var. Azərbaycanda öyrəndiklərimi öz ölkəmdə tətbiq etmək istəyirəm. Hər bir vətəndaşın borcudur ki, ölkəsinə xidmət etsin”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər