İnformatika sahəsində dünya üçüncüsü olan azərbaycanlı - ÖRNƏK
Səid Nəsibov:
"Müəllimin köməyi ilə deyil, öz səylərimlə hazırlaşıram”
10-cu sinifdə oxuyur. Riyazi bilikləri, məntiqi ilə
həmyaşıdlarından seçilir. Məhz bu biliklər ona dəfələrlə qalib statusunu qazandırıb.Müsahibimiz Beynəlxalq İnformatika Olimpiadasında
ölkəmizə üçüncülük gətirən Səid Nəsibovdur.
90 ölkədən
351 şagirdin qalibi...
Səid Heydər Əliyev adına Müasir Təhsil Kompleksində
oxuyur. 90 ölkədən 351 şagirdin iştirak etdiyi 33-cü Beynəlxalq İnformatika
Olimpiadasında bürünc medal qazanıb. Bu, Səidin bu il qazandığı ilk medal
deyil. O, "Qış Onlayn Kvest”ində Azərbaycan komandasının daxilində dünya üzrə I
yer, Beynəlxalq STEM Olimpiadasında ölkə üzrə V yer, SASMO (Sinqapur Beynəlxalq
Riyaziyyat Olimpiadası) və Respublika Fənn Olimpiadalarında ölkə üzrə I yer
tutub.
Səidi fərqləndirən xüsusiyyətlərdən biri də
olimpiadalara müəllimlərlə deyil, tək hazırlaşmağıdır. O, fərdi müəllimlə,
yaxud kurslarda hazırlaşmağı vaxt itkisi hesab edir: "Valideynlərim müəllimlə,
fərdi şəkildə hazırlaşmağımı istəyirlər. Müəllim məktəbdə onsuz da lazımi
bilikləri verir. O biliklərlə hər bir şagird hazırlaşıb, istədiyi nailiyyəti
əldə edə bilər. Mənim öyrənmək istədiklərimlə, fərdi, yaxud kurs müəlliminin
mənə öyrətmək istədikləri fərqli ola bilər. Çərçivələri sevmirəm. Məhdud vaxtla
müəllimin təyin etdiklərini deyil, nəyi araşdırmaq istəyirəmsə, onları tapıb
öyrənməyin tərəfdarıyam”.
"Uduzmaqdan
qorxmuram”
Həmsöhbətimiz deyir ki, yarışlarda iştirak etmək
onda rəqabət hissini formalaşdırır: "Olimpiada ilə məşğul olmaq böyük zəhmət və
səbir tələb edir. Ən əsası isə uduzmaqdan qorxmamalısan. Mən dəfələrlə yer
tutmur, özümdən güclü uşaqlarla yarışırdım. Amma bu motivasiyamı salmırdı.
Əksinə, məqsədim qətiləşirdi ki, mən qalib gəlməliyəm. Həmçinin valideynlərimə
də sübut etmək istəyirdim ki, fərdi müəllim yanına getmədən də qalib ola
bilərəm”.
"Riyaziyyat
onun üçün oyun idi”
Səidin anası
Lətifə Nəsibova
deyir ki, Səid uşaqlıqdan riyaziyyatçıdır: " Səid hələ ana bətnində olanda
universitetdə təhsil alırdım. Çoxlu kitablar oxuyurdum. Hətta çin dilini də
öyrənirdim. Həmişə mənə deyirdilər ki, uşaq ana bətnində ananın bütün
oxuduqlarını duyur, hiss edir. Bəlkə də düz deyil, amma mən buna riayət
edirdim. Dünyaya gələndən sonra da aldığımız oyuncaqlarda belə maarifləndirici,
məntiqlə bağlı xüsusiyyətlər olurdu. Səid də öyrənməyə meyilli idi. Çox tez
öyrənirdi və yeni biliklər tələb edirdi. Puzzle, legolarla oynamağı sevirdi.
Riyaziyyat onun üçün oyun idi. Yolda maşında gedəndə, atası ilə birlikdə ancaq
hesablayırdı. Məsələn, rəsmə, humanitar fənlərə meyilli deyildi. Riyaziyyatdan
isə oyun kimi həzz alırdı. Gördüyü hər şeyi avtomatik hesablayırdı”.
Orada ancaq
kitab olsun...
Ananın sözlərinə görə, Səid daim araşdırır,
öyrənir: "Səid çox qəribə uşaqdır. Biz xarici ölkələrə çox gedirdik. Səidi ən
çox maraqlandıran getdiyimiz ölkədə kitabxanalar idi. Həmişə deyirdi ki, mənim
bir otağım olsun, orada ancaq kitab olsun.
Bakıda da hansı kitabxananın önündən keçiriksə, Səid mütləq baxmalıdır.
Daim axtarışdadır”.
"Səiddən
qalibiyyət gözləmirdim”
Lətifə xanım Səidi olimpiadaya hazırlaşdırmaq üçün
fərdi müəllim yanına göndərmək istəsə də, övladını heç vaxt razı sala bilməyib.
Xüsusi hazırlaşmadığı üçün də övladından qalibiyyət gözləməyib: "Sözün düzü,
gözləmirdik. Çünki mən hər dəfə çalışırdım ki, hansısa hazırlıq kursuna getsin.
Səid bunun əleyhinədir. Deyir ki, mən öz qrafikimi özüm quracağam. Olimpiadaya
müraciət edərkən maraqlandım ki, Təhsil Nazirliyinin şagirdləri fənn olimpiadalarına
hazırlaşdıran qrupları var. Mənə dedilər ki, uşaq o qrupda hazırlanmalı, fənn
olimpiadasına getməli, sonra beynəlxalq olimpiadalarda iştirak etməlidir. Hətta
Səidi bu qrupa da götürmürdülər ki, uşaq 7-8-ci sinifdən intensiv məşğul
olmalıdır. Səidə inanıb hazırlaşdırdıqları üçün nazirliyə və Rəşad müəllimə
təşəkkür edirəm. Oradakı şagirdlərdən geridə olsa da, bir ilə hazırlaşıb bu
nəticəni verdi”.
"Məqsədim
qalibiyyət idi”
Səid deyir ki, Nazirliyin hazırlıq qrupundakı
uşaqlar ondan güclü olublar: "Gördüm ki, hər kəs məndən öndədir. İlk illər
çətin idi. Amma onlara çatmaq üçün çalışdım. Məqsədim qalibiyyət idi. Onu da
əldə etdim”.
Səidin hədəfi daha çox yarışlarda iştirak edib,
qızıl medalı gətirməkdir: "Çalışacağam ki, qarşıdakı illərdə olimpiadaya
yenidən qatılıb qızıl medal əldə edim. Gələcəkdə dünyanın "TOP-10”una düşən
universitetlərindən birində oxumağı düşünürəm. Yəqin ki, alacağım təhsil
kompüter mühəndisliyi və informasiya texnologiyaları üzrə olacaq. Kumirim Stiv
Cobsdur. Mən də Azərbaycanın Stiv Cobsu olacağam”.
Səid həm də www.bakuwithkids.com saytını yaradıb və
bu layihə ilə STEP IT Academy tərəfindən dünya üzrə təşkil edilən Beynəlxalq
"Qızıl Bayt” yarışmasında 2-ci yeri tutub: "Bu saytda uşaqlar üçün maraqlı ola
biləcək məkanları tapa bilərsiniz. Akademiyada təhsil aldığım bir neçə il
ərzində anladım ki, proqramlaşdırma sahəsində özümü inkişaf etdirmək
istəyirəm”.
Səidin ən böyük dəstəkçisi valideynləri olub. Deyir
ki, o, məhz valideynləri ilə söhbətlərdən sonra uğursuzluqdan qorxmayıb.
Valideyn üçün
ən pis yol...
Lətifə xanım deyir ki, əksər valideynlərin etdiyi
ən böyük səhv öz arzularını uşaqların üzərində tətbiq etmək istəyidir: "Bu, ən
pis yoldur. Uşaq da bir fərddir. Onun istəklərinə riayət etmək lazımdır. Uşaq
öz qərarlarını verməlidir. Məsələn, biz deyirdik ki, uşaqlar 9-da yatsınlar.
Uşaqlar araşdırırlar, arqumentlərlə gəlirlər ki, bu yaşda uşaq filan qədər
yatmalıdır. Hansısa qərar qəbul edəndə evdə seçki keçiririk və qərar qəbul
olunur. Uşağın fikri, qərarı, istəkləri çox əhəmiyyətlidir. Əgər haqlı olduğunu
sübut edə bilirsə, deməli, onun qərarı ilə hərəkət etməliyik”.
"Sən bizim
qalibimizsən”
Həmsöhbətimiz vurğulayır ki, valideyn tərəfindən
uşağa təzyiq olmamalıdır: " Düzdür, hər bir valideyn övladı ilə fəxr etmək , övladının
qalib olmasını istəyər. Səiddə də axırıncı gün həyəcan var idi. Biz ona
deyirdik ki, sən bizim qalibimizsən. İnsanın həyatında müəyyən etaplar olur.
Heç bir uğursuzluq dünyanın axırı deyil. Biz özümüz də universitetə sənəd
verəndə düşünürdük ki, qəbul olmasaq, dünyanın sonudur. Bu, sadəcə, bir mərhələdir.
Burada alınmasa, ola bilsin ki, uğur başqa yerdədir. İki övladım var. Səid
oxumağa meyillidir, olimpiadaçıdır. Digəri kreativ uşaqdır. Uşağın ürəyincə
nədirsə, onu etməlidir. Valideyn uşağa özünü kəşf etməyə kömək etməlidir. Mən
görsəm ki, uşaq rəssamdır, istedadlıdır, onu dəstəkləyəcəm. Valideyn uşağın
dostu olmalı, sən bunu etməlisən deməməlidir. Elə şərait yaratmalıdır ki, uşaq
soruşmalıdır ki, siz mənim yerimdə olsaydınız nə edərdiniz? Biz övladlarımızın
arxasında dayaq rolunu oynamalı, yol göstərməliyik. Savadlı olsa da, olmasa
da...”.
Aygün ƏZİZ