• cümə, 19 Aprel, 03:35
  • Baku Bakı 18°C

Azərbaycanın son olimpiya çempionu karyerasını bitirir

28.09.21 15:10 470
Azərbaycanın son olimpiya çempionu karyerasını bitirir
Azərbaycanı çox sevirəm. Müharibədə dünyasını dəyişənləri anırıq. Əsgərlər böyük iş gördülər. Öz həyatlarını düşünmədən 30 ildir hamının gözlədiyi torpaqları geri aldılar. Buna bütün azərbaycanlılar kimi çox sevindim. Hərçənd, hələ də Rusiya vətəndaşıyam".
Bunu"Report"a açıqlamasında Azərbaycanın taekvondo üzrə olimpiya, dünya və ikiqat Avropa çempionu Radik İsayev deyib. Əslən Dağıstandan olan 32 yaşlı idmançı hazırda Mahaçqalada istirahət etdiyini bildirib.
Ağır çəkidə çıxış edən taekvondoçu gələcək karyerasına dair qərar vermədiyini vurğulayıb: "Milli komanda məşqlərini bərpa edib. Mənə isə hələ bir müddətlik də istirahət verilib. Bakıya iki aydan sonra qayıtmağı düşünürəm. Yığmada qalıb-qalmamağımla bağlı problem yoxdur. Buna özüm qərar verəcəyəm".
Paris Yay Olimpiya Oyunlarına cəmi 3 ilin qaldığını deyən İsayev ilk ikiqat olimpiya çempionu kimi Azərbaycanın idman tarixinə düşməyi çox istədiyini, lakin hazırda davam, yoxsa idmandan getmək üzərində düşündüyünü də açıqlayıb: "Karyeramı bitirmək üçün elə də ciddi səbəblərim yoxdur. Amma hələlik nə edəcəyimə qərar verməmişəm. Olimpiya çempionu kimi əmək haqqı alırdım. Amma Tokio-2020-yə lisenziya qazana bilmədikdən sonra maaşımı kəsdilər. Əlbəttə, bu, heç kimin xoşuna gəlməz. Lakin ediblərsə, deməli, elə də olmalı idi. Belə hal hər yerdə olur. Amma əmək haqqı gedişim üçün ciddi səbəb deyil. Sadəcə, özüm böyük idmanda qalıb-qalmamaq üzərində düşünürəm. Hərçənd, baş məşqçi Reza Mehmandust mənə "Səni gözləyirik, yığma məşqlərə başlayanda gələrsən" deyib. Özüm də Azərbaycanda olmaq, orada yaşamaq istəyirəm. Lakin hələ məşqlərə başlamamışam".
Titullu idmançı karyerasına dair qərarı ilin sonunadək qəbul edəcəyini dilə gətirib. Lakin o, konkret səbəb göstərməyib: "Heç bir zədəm yoxdur, yaşım mane olmur. Sadəcə, özüm gələcək karyerama aydınlıq gətirməliyəm. Yaza bilərsiniz ki, karyerasını bitirməyi düşünür. Yaxın vaxtlarda qərar qəbul edəcək. Qoy, desinlər ki, tez gəldi, tez də getdi" (gülür - red.).
O, bir çox legioner kimi, Azərbaycan vətəndaşlığı almaq istədiyini diqqətə çatdırıb: "Hələ mənə şəxsiyyət vəsiqəsi verilməyib. Azərbaycanı xarici pasportla təmsil edirəm. Bir neçə dəfə xahiş etsək də, vətəndaşlıq vermədilər. Səbəbini bilmirəm. Azərbaycanca bilirəm, amma müsahibə verəcək səviyyədə yaxşı danışmağı bacarmıram. Azərbaycanda qalıb işləməyi çox istəyirdim. Gələcəkdə alınsa, buna çox sevinərəm. Yığmada çalışaraq, öz təcrübəmi bölüşmək istəyirəm. Olimpiadada olmuşam, qızıl medalın nə olduğunu bilirəm. Məşqçi kimi də buna nail olmaq istərdim. Amma hələlik gözləməli olacağıq".
İsayev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmamasının səbəbləri barədə də danışıb. Onun fikrincə, olimpiadadan kənarda qalmasına pandemiya və hazırlıq səviyyəsi təsir göstərib: "Pandemiya ilə əlaqədar heç birimiz yaxşı hazırlaşa bilmədik. Hər yer qapalı idi. Evdə oturduq, demək olar ki, məşq etmədik. Məgər bu, azdır? 32 yaşlı idmançı üçün böyük müddətdir. Digər ölkələr, məsələn, Rusiya yığması məşq edirdi. Azərbaycanda isə şərait əla olsa da, məşqlərə icazə verilmirdi. Bununla belə, mənim kimi təcrübəli və titullu idmançı üçün pandemiya kiçik səbəb sayıla bilər. Azacıq idman uğuru da çatışmadı. Deməli, qismət belə imiş. Əvəzində lisenziya turnirində uduzduğum şimali makedoniyalı Deyan Georgievski olimpiadaya vəsiqə qazandı və Tokioda gümüş medala sahib oldu. Deməli, Georgievski məndən gənc olmasına baxmayaraq, daha hazırlıqlı idi".
Təcrübəli taekvondoçu komanda yoldaşları Milad Beigi Hərçəqani və Fəridə Əzizovanın Tokio-2020-də medalsız qalmalarına da münasibət bildirib: "Rio-2016-da taekvondo növündə 3 medal qazanmışdıq, bu dəfə isə ümumiyyətlə, medalsız qaldıq. İndi kimisə ittiham etsək, bu, düzgün olmaz. Hər kəs öz səhvini anlamalıdır. Hesab edirəm ki, hamı - hardasa məşqçi, hardasa idmançı müəyyən dərəcədə günahkardır. Buna görə də konkret günahkar çıxarmaq düzgün olmaz".
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi Azərbaycanın Tokiodan qızıl medalsız qayıtmasına da toxunub. İsayevin fikrincə, təkcə özü yox, digər idmançılar da karantindən əziyyət çəkib: "Uşaqlar bir ildən çox vaxt itirdilər. Bu da hamının çıxışına təsir göstərdi. Olimpiadada medal qazananların çoxu yaşlı idmançılar idilər. Rafael Ağayev məndən böyükdür, mənim böyük qardaşımdır. Onu misal çəkə bilərəm. Eləcə də güləşçilər. Biz hamımız bir-birimizi tanıyırıq. Hər yerdə yaş öz sözünü deyir. Yeni nazirlə gələndə tanış olaram".
banner

Oxşar Xəbərlər