• cümə, 29 Mart, 11:11
  • Baku Bakı 5°C

Azərbaycanın regionda yaratdığı yeni reallıq: Zəngəzur dəhlizi

25.10.21 09:15 259
Azərbaycanın regionda yaratdığı yeni reallıq: Zəngəzur dəhlizi
Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbədən sonra regionda yeni reallıqlar formalaşdı. Bu istiqamətdə önəmli məsələlərdən biri də Zəngəzur dəhlizidir. Bu dəhliz hələ sovet dövründə aktual məsələ olsa da, Ermənistan rəhbərliyi elə o dövrdə də bu dəhlizin açılmasına mane olmuşdu. Azərbaycanın regionda yaratdığı mövcud vəziyyət isə bu dəhlizin açılmasını artıq reallığa çevirib.
Kanada Qlobal Münasibətlər İnstitutunun elmi işçisiRobert Katlerbildirir ki, atəşkəs sazişi Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təşkil olunmasına imkan verəcək dəhlizin açılmasını nəzərdə tutur və orada həqiqətən bərpası mümkün olan dəmir yolu mövcuddur: "Amma Ermənistan Zəngəzur dəhlizindən keçməyən daha uzun dəmiryol marşrutunun açılmasında təkid edir. Bu marşrut daha uzun vaxt aparacaq, eyni zamanda onun bərpası və təmiri daha baha başa gələcək".
Daha əvvəl Türkiyənin BOTAŞ enerji şirkəti Naxçıvanla Ermənistan sərhədində iri zavodun tikintisində maraqlı idi. Əgər bu məqsəd üçün Ermənistanın cənub hissəsində boru kəməri tikmək mümkün olsaydı, bu, iqtisadi inkişafa ethiyacı olan bölgədə emal kompleksinin tikintisi sayəsində yeni iş yerlərinin yaradılmasına imkan verəcəkdi".
Milli Məclisin deputatıVüqar Bayramovisə belə hesab edir ki, Zəngəzur dəhlizinin reallaşması bütövlükdə regionun inkişafı üçün vacib layihələrdən biridir:
"Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolun bərpasına imkan verməyəcək, eyni zamanda bütün region ölkələrinin bu dəhlizdən faydalanmasına imkan yaradacaq. Bununla yanaşı, bu dəhlizin reallaşması region üçün vacibdir. Azərbaycan və Türkiyə regionda 6-lıq əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin reallaşması region dövlətləri üçün də iqtisadi baxımdan faydalıdır. Həmçinin, Ermənistan da bu dəhlizdən faydalana biləcək.
Ermənistan iqtisadiyyatındakı mövcud vəziyyəti nəzərə alsaq, bu ölkədə müşahidə edilən tənəzzülün aradan qaldırılması üçün yeganə yol kommunikasiyaların paralel bərpasıdır. Revanşist meyillərlə Ermənistanda müşahidə edilən tənəzzülü aradan qaldırmaq mümkün deyil".
ABŞ-ın Azərbaycandakı keçmiş səfiriMetyu Brayzaqeyd edir ki, Zəngəzur dəhlizi investisiyaların cəlbi, yeni iş yerlərinin açılması və sənaye müəssisələrinin bərpası üçün fürsətə çevrilə bilər:
"Bu dəhliz həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyə üçün iqtisadi əlaqələrin bərpasında böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizi Ermənistanın region iqtisadiyyatına inteqrasiyasına kömək edəcək. Ümid edirəm ki, qısa zamanda erməni siyasətçilər müharibədəki məğlubiyyət şokundan xilas olacaqlar və ölkədəki qərbyönümlü çoxluq "Böyük Ermənistan" mifindən əl çəkməyin və birlikdə ölkələrini yenidən qurmağın vaxtı gəldiyini başa düşəcəklər".
Ümumilikdə qeyd etmək lazımdır ki, regionda kommunikasiya xətlərinin açılması və iqtisadi əlaqələrin qurulması sülh şəratinin formalaşmasına təkan verəcək başlıca amillərdir. Ermənistan siyasi rəhbərliyi də illərdir Ermənistanı yuvarladıqları iqtisadi uçurumun dibindən qurtarmaq üçün Azərbaycanın diktə etdiyi reallıqları qəbul etməyə məcburdurlar. (Trend)
banner

Oxşar Xəbərlər