• şənbə, 20 Aprel, 14:50
  • Baku Bakı 23°C

Azərbaycanın müstəqilliyinin elan olunmasına bərabər tarixi hadisə

10.09.18 18:19 2003
Azərbaycanın müstəqilliyinin elan olunmasına bərabər tarixi hadisə
Azərbaycan Milli Ordusu və Qafqaz İslam Ordusunun Bakını erməni-daşnak, eser-menşevik və bolşeviklərdən azad etməsindən 100 il ötür. Sentyabrın 15-də qeyd ediləcək tarixi gün Azərbaycanın istiqlal tarixində və milli müqəddəratının həllində mühüm rolu olan bir hadisədir. Belə ki, müsəlman Şərqinin ilk müstəqil dövlətinin ərazi bütövlüyünü təmin etmək məqsədi ilə yaradılan Qafqaz İslam Ordusu 2500 km yol qət edərək mübarizəyə qoşuldu. Bakı erməni daşnaklarından azad edildi. Bu mübarizədə on minlərlə insan şəhidlik zirvəsinə yüksəldi ki, onlardan 1336-sı Türkiyə vətəndaşı idi.
Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən Osmanlı TürkiyəsiNuru Paşanın komandanlığı altında1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Tarixçi alimlər adı o vaxtdan bəri Azərbaycan və Türkiyə tarixində şanlı səhifəyə çevrilən Azərbaycan Milli Ordusu ilə Qafqaz İslam Ordusunun şücaətini Azərbaycan dövlətçiliyinin qorunmasında xilas kimi dəyərləndirirlər.

Azərbaycan və Türkiyə xalqlarının əbədi birliyinin rəmzi

"Sentyabrın 15-i Bakının yadelli qüvvələrdən azad edildiyi gündür. Bu günün böyük tarixi-siyasi və mənəvi-psixoloji əhəmiyyəti var. Onun əhəmiyyətini başa düşmək üçün 100 il əvvəlki dövrdə baş verən proseslərə nəzər yetirmək lazımdır” - deyə qeyd edən millət vəkili Musa Qasımlı yüz il arxada qalan, fəqət şanlı hadisəyə çevrilən tarixi vərəqləyir: "Bolşevik Rusiyası Birinci dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Bu zaman Cənubi Qafqazda üç hakimiyyət - Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdi. Regionda anarxiya hökm sürürdü. Rusiya ordu hissələri silahlarını ermənilərə vermişdi. Onlar buna qədər Anadoluda dinc türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınları bu dəfə Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində törətdilər. Azərbaycanlıların ordusu yox idi. Bu da səbəbsiz deyildi. Çünki çarizm türk və müsəlman olduqları üçün etibar etmədiyindən azərbaycanlıları hərbi xidmətə çağırmırdı. Onlar bununla həm hərb sənətini öyrənmirdilər, həm də əsgərliyə çağırılmadıqları üçün vergi də ödəyirdilər. Yalnız könüllülərdən ibarət "Vəhşi diviziya” var idi. Belə bir şəraitdə Bakıda qurulan sovet hakimiyyəti dinc türk, müsəlman əhaliyə zülm edirdi. Qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında Bakı şəhərində oldu. Qırğınlar digər yerlərdə də davam etdirildi. Transqafqaz Komissarlığı və Seymi bu qırğınların qarşısını ala bilmədi. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Azərbaycan dövlətinin qurulması üçün lazım olan ilkin şərtlər - ərazi və əhali mövcud idi. Hökumət də quruldu. Azərbaycanın müvəqqəti paytaxtı Gəncə elan edildi. Lakin ölkənin əsas şəhəri olan Bakı düşmən əlində idi. Azərbaycanın şəhəri azad etmək üçün kifayət qədər qüvvəsi yox idi. Xarici yardıma ehtiyac duyulurdu. Bu da qardaş Osmanlının yardımı oldu”.
Tarixçi alimin sözlərinə görə, Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə götürür. Belə bir şəraitdə Osmanlının hərb naziri Ənvər Paşa qardaşı Nuru Paşanı ordunun komandanı təyin edir: "Qafqaz hərəkatı başladı. Bakı azad edildikdən sonra ortaya problemlər çıxmaması və yerli əhalidən onun cərgələrini doldurmaq üçün ordu Qafqaz İslam Ordusu adlandırıldı”. M.Qasımlı bildirir ki, Türk ordusunun Qafqaz hərəkatının hüquqi-siyasi təməllərini Batum müqaviləsi təşkil edirdi: "Türk ordusunun yürüşünün mənəvi əsasları var idi. Osmanlı dövləti dünya türklüyünün və islamın mərkəzi idi. Dünya türkləri və müsəlmanları Osmanlı dövlətinə nicat gözü ilə baxırdılar. Onunla dil, din, mədəniyyət və mənəviyyat baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisi erməni-daşnak və bolşevik dəstələrinin soyqırımına uğramışdı. Özü nə qədər ağır vəziyyətdə olsa da, onlara yardım etmək Osmanlının borcu idi. Buna qədər çoxlu azərbaycanlı gənclər Çanaqqala savaşında türk qardaşlarına yardım etmək üçün çarizm orqanlarından xəlvəti olaraq getmişdilər. Bu hərəkatın hərbi-strateji, iqtisadi səbəbləri də var idi. Azərbaycan Cənubi Qafqazın açar ölkəsi idi. Bakıya sahib olan ölkə təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə nəzarət qazanırdı. Xəzər üzərində nəzarət isə Şimali Qafqaza nəzarət, Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə dünyanın ürəyi olan Avrasiyaya sahib olmaq demək idi. Azərbaycan qızıl körpü idi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi. Bakı zəngin neft mənbəyi idi. Dünya müharibəsinin son mərhələsində Yaxın və Orta Şərqdə, Qafqazda iki neft mənbəyi uğrunda ağır döyüşlər gedirdi. Bunlardan biri Mosul, digəri isə Bakı nefti idi. Neft hansı ölkənin əlində olacaqdısa, qələbə də onda olacaqdı. Osmanlı dövlətinin bu strateji yola və neft mənbəyinə yiyələnməsi üçün sosial, etnik baxımdan problemləri yox idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon əhalinin 3 milyonu türk və müsəlman idi”.
M.Qasımlı qeyd edir ki, hücumların qarşısında tab gətirə bilməyən Bakıdakı sovet hakimiyyəti böhrana düşərək iyulun 31-də istefaya gedib. Onun yerində qurulan Sentrokaspi diktaturası general Denstervil başda olmaqla ingilis qüvvələrini Bakıya dəvət edib. Bolşevik Rusiyası da müəyyən addımlar atıb: "Qafqaz İslam Ordusunun Bakıya yürüşünün qarşısını almaq üçün Osmanlının müttəfiqi Almaniya bolşevik Rusiyası ilə avqustun 27-də bir müqavilə imzalayaraq Bakı neftindən pay alacağı halda, Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Bakı məsələsində Almaniya Osmanlının müttəfiqi deyildi. Lakin bu da Qafqaz İslam Ordusunu dayandıra bilmədi. Bakı şəhəri mühasirəyə alındı. Ətraf yerlərdən gələn ərzaq təchizatı dayandığından şəhərdə ağır vəziyyət yarandı. Türk topçuları şəhəri elə dəqiqliklə atəşə tuturdular ki, tarixi-memarlıq binaları dağıdılmadı. Şəhər zərər görmədi. İngilislər və Sentrokaspi diktaturası türk hücumları qarşısında şəhəri qoyub qaçdılar. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçdü”.
M.Qasımlı bildirir ki, sovet dövründə ağır şərtlər altında yaşamasına, SSRİ-də türk düşmənçiliyinin, 30-cu illərin sonlarından - 50-ci illərin ortalarınadək sovet-türk münasibətlərində gərginliyin olmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını qoruyub saxladı, dağılmağa qoymadı, ətraflarına çiçəklər, ağaclar əkdi, onları ziyarətgaha çevirdi: "Nəhayət, Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu qardaşlıq abidəyə çevrildi. 1918-ci ilin mart soyqırımı qurbanlarının, 1990-ci il 20 Yanvar, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan şəhidlərin dəfn olunduğu və hər bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna möhtəşəm bir abidə ucaldıldı. Bu, adamların təkcə ziyarət edərək əklil qoyduqları bir abidə deyil, qanı bir-birinə qarışmış Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının və əbədi birliyinin rəmzidir”.

Şəhidlərin qanı hesabına

Tarixçi alim Solmaz Tohidi həmin hadisəni real olaraq müstəqil Azərbaycanın dövlətçiliyinin qurulmağa başladığı hadisə kimi dəyərləndirir. Belə ki, 28 Mayda böyük bir tarixi addım atılmış, azərbaycanlılar üçün son dərəcə uğursuz bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edilmişdi. Ölkənin paytaxtı olacaq Bakı şəhəri bolşevik-erməni qüvvələrinin əlində idi, ordu və maliyyə yox idi, Bakı quberniyasının qəzaları işğal altında idi, 50 minə qədər insan qətlə yetirilmişdi, minlərlə insan qaçqın şəraitində meşələrdə, yarğanlarda, dağlarda ac və xəstə vəziyyətdə həlak olmuşdu: "Azərbaycan ərazilərinin, xalqının və Azərbaycanın elan olunmuş dövlətçiliyinin ölüm-dirim məsələsi həll olunurdu. Məcburiyyətdən İrəvanın güzəştə gedilməsi də bu sıradan olan hadisələrdən idi. Ümid yeganə olaraq Osmanlı ordusuna qalırdı”.
Alim bildirir ki, türk qoşunları o dövrdə açıq şəkildə Osmanlı qoşunu kimi meydana çıxa bilmirdilər. Çünki müttəfiq olan Almaniya bunun əleyhinə idi. Həmçinin bolşevik Rusiyası hadisənin qarşısını almaq istəyirdi: "Odur ki, türk qoşunlarından ibarət ordu Qafqaz İslam Ordusu adı ilə Qafqaza göndərilir. Nəticədə həmin ordu 15 sentyabrda qələbəsini başa vurur”. S.Tohidi bildirir ki, 100 il ərzində əvvəlcə Türkiyə tarixçiləri, sonra Azərbaycan alimləri həmin dövrü günbəgün, saatbasaat qeydə alıblar. Həmin hadisələr, Gəncədə, Bakıda hökm sürən yüksək əhval-ruhiyyə haqqında mətbuat səhifələrində məqalələr yer alıb: "Məhəmməd Əmin Rəsulzadə Bakıya yazırdı ki, hərbi güc ilə şəhər azad olunmalıdır. Ancaq şəhərə bugünkü Azərbaycan hökuməti və qoşunları daxil olmalıdır ki, sonradan bu, türklərin işğal hərəkatı kimi qiymətləndirilməsin. Əks təqdirdə, "əlvida, Azərbaycan!” Yəni Bakının alınması ilə Azərbaycanın, dövlətçiliyimizin taleyi həll olunurdu. Şükürlər olsun ki, böyük bir əhəmiyyəti olan hadisə baş verdi. Şəhidlərin qanı, Azərbaycan xalqının şücaəti hesabına Bakı azad olundu. Bu hadisə olmasaydı, bolşevik qoşunları hələ iyun ayında Gəncəni alacaq, mərkəzi də dağıdacaqdılar. Bununla da Azərbaycan məsələsi bitmiş olacaqdı. Məhz o ordu əvvəlcə bolşevik qoşunlarının qarşısını aldı. Bolşeviklər hakimiyyətdən gedəndən sonra "Sentrokaspi diktaturası” hökumətinə böyük müqavimət göstərirdilər. Qafqaz İslam Ordusu, Azərbaycan milli qüvvələri və yerli əhalinin aktiv dəstəyi ilə Bakı da, Azərbaycanın dövlətçiliyi də xilas oldu. Bu hadisənin 100 illiyinin qeyd olunması gözlədiyimiz və alqışladığımız bir gündür”.

Cahanşümul hadisə

"1918-ci il sentyabrın 15-də Bakının azad olunması 28 May Azərbaycan istiqlaliyyətinin elan olunması qədər uzun bir hadisə idi” deyən Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiriFirdovsiyyə Əhmədovaqeyd edir ki, həmin dönəmdə Bakı Sovetinin əlində olan, "Sentrokaspi diktaturası”nın, menşevik-eser, daşnak hərbi birləşmələrinin, həm də ingilislərin əməkdaşlığı və dəstəyi ilə Bakı yadelli bir şəhərə çevrilmişdi: "Azərbaycanın Bakısız bir dövlət kimi mövcud olması mümkün deyildi. Bakı həm də Qafqazın sənaye və iqtisadi mərkəzindən başqa Qafqaz Müsəlmanlarının siyasi fikir mərkəzi idi. Diplomatik yolla Bakının azad olunması mümkün deyildi. Buna görə də Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan nümayəndə heyətinin sədri kimi İstanbulda apardığı diplomatik danışıqların nəticəsi olaraq ortaya qoyduğu qəti fikir ondan ibarət idi ki, düşməni fakt qarşısında qoymaq lazımdır. Bakısız Azərbaycan başsız bədən deməkdir. Lakin Bakının azad olunması Azərbaycanın naminə olmalı idi. Yəni Azərbaycan qoşunları tərəfindən Bakı azad edilməli idi. Ancaq həmin dönəmdə təbii ki, gənc bir dövlətin özünün nizami qüvvəsi yetərli deyildi. Bu baxımdan bir qardaş, dost köməyi kimi Osmanlı dövlətinə rəsmi olaraq müraciət olundu. Beləliklə, Qafqaz İslam Ordusu formalaşdı. Bu ordunun tərkibində həm Osmanlı hərbi hissələri, həm də Azərbaycanın yenicə formalaşmaqda olan hərbi qüvvələri birlikdə Bakı uğrunda mücadilə aparırdılar. Bakı uğrunda savaş qanlı bir savaş oldu. Gəncə şəhərində bolşeviklər və ermənilərin tərksilah olmasından başqa, Qaraməryəm, Göyçay, Şamaxı, Salyan və üzü Bakıya doğru Binəqədi döyüşləri qanlı döyüşlər idi. Bu döyüşlərdə Azərbaycanın yerli könüllü qüvvələri də iştirak edirdi. Osmanlı dövlətinin 5 və 15-ci hərbi diviziyaları döyüşlərdə iştirak edirdi. Süleyman İzzət Paşa, Mürsəl Paşa, Cəmil Cahid bəyin rəhbərliyi ilə böyük bir savaş gedirdi. Azərbaycan tərəfindən isə Əliağa Şıxlinskinin rəhbərliyi ilə Əlahiddə Azərbaycan hərbi Korpusu və Həmid bəy Səlimovun və Azərbaycanın digər görkəmli hərbçilərinin başçılığı ilə bu mücadilə sentyabrın 15-də Bakının azad olunması ilə nəticələndi. Nəhayət, Bakı Azərbaycanın paytaxtına çevrildi. Sentyabrın 17-də Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Bakının Azərbaycanın paytaxtına çevrilməsi, yəni yerli sahiblərinə qaytarılması beynəlxalq səviyyəli bir hadisə idi. Çünki həmin dönəmdə Bakı məsələsi beynəlxalq məsələyə çevrilmişdi. Çar Rusiyası ilə Osmanlı dövlətinin müttəfiqi olan Almaniya öz aralarında separat saziş imzalamışdılar ki, Bakı neftinin dörddə birini Almaniya almaq şərti ilə osmanlıların bölgəyə irəliləməsinin qarşısını almalı və Azərbaycan Rusiyanın tərkibində qalmalı idi. Ona görə Bakının azad olunması həmin dövrdə regional geopolitikanın başqa bir səmtdə inkişaf etməsinə, yəni Azərbaycan xalqının maraqlarına xidmət etmək baxımından cahanşümul bir hadisə idi”.

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər