• cümə, 29 Mart, 17:44
  • Baku Bakı 14°C

Heydər Əliyev - Azərbaycanın müasir tarixini yaratmış lider

12.12.18 19:23 981
Heydər Əliyev - Azərbaycanın müasir tarixini yaratmış lider
Görkəmli şəxsiyyət, dövlət başçısı və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı dünyanın nüfuzlu nəşrlərində, mətbu orqanlarında saysız-hesabsız məqalələr dərc edilir, ulu öndərin həyat yoluna nəzər salınır. Bu sırada qardaş ölkə Türkiyə mediası xüsusi seçilir. Əksər media orqanlarında Ulu Öndərlə bağlı yazılar dərc edilir, onun Azərbaycan və Türkiyə arasında münasibətlərin pik həddə yüksəlməsindəki rolundan geniş şəkildə bəhs edilir. Qardaş Türkiyənin tanınmış elm adamı, nüfuzlu Mərmərə Qrupu Vəqfinin rəhbəri Akkan Suver "Miliyyet” qəzetində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı təəssüratını və xatirələrini bölüşüb. Müəllif yazır ki, bu gün Azərbaycan investisiya yatırılan ölkədən investisiya yatıran ölkə statusunu qazanıb. "Müasir Azərbaycanın qurucusu Heydər Əliyevi düz on beş il bundan əvvəl itirdik. Heydər Əliyev Azərbaycanın rəhbərliyinə keçməzdən əvvəl öncə SSRİ rəhbərliyində təmsil olunmuş ilk və yeganə türk olub. Azərbaycan rəhbərliyində təmsil olunanda isə ölkə parçalanma, bölünmə və vətəndaş müharibəsi dövrünü yaşayırdı”, - deyə müəllif yazır. Əlavə edir ki, Heydər Əliyev on illik iqtidarı zamanı Azərbaycanda və Qafqazda inanılmaz layihələrə imza atıb. Heydər Əliyevin ən böyük uğurlarından biri Lissabonda ATƏT ölkələrinin sammitində Ermənistanın işğalçı dövlət kimi tanınması olub: "Və Azərbaycanın hazırladığı qətnaməni Ermənistandan başqa bütün iştirakçı dövlətlər qəbul etdilər. Bu o zaman beynəlxalq aləmdə qəbul edilən çox mühüm bir qərar idi. Müstəqil Azərbaycan Amerikadan Rusiyaya, İrandan Rusiyaya qədər uzanan bir cizgidə öz sözünü bütün dünyaya qəbul etdirmiş oldu”.

Müəllif yazır ki, ümummilli liderin rəhbərliyi ilə Azərbaycan Qafqazda ən güclü ordunu qurdu. "Hazırda Azərbaycan ilə Türkiyə arasındakı möhkəm birliyin təməlləri qurulub”, - deyə müəllif xüsusi vurğulayıb. "Heydər Əliyevlə başlayan işlərin şah əsəri bu gün Türkiyə ilə Azərbaycan arasındakı strateji ortaqlıq münasibətləridir. Bölgənin dincliyinə və təhlükəsizliyinə töhfəni təmin edən məhz bu iki dövlətdir. Əlaqələrimizin iqtisadi ölçüsü böyükdür. İki ölkə arasında xarici ticarətin həcmi bu gün 2 milyard 640 milyon dollar təşkil edir. Halbuki Heydər Əliyevi itirdiyimizdə Azərbaycan ilə Türkiyənin ticarət həcmi cəmi 350 milyon dollar ətrafında idi. On beş ildə xarici ticarətin həcmi yeddi dəfə artıb. Azərbaycan investisiya qoyan statuslu ölkəyə çevrilib. Bu investisiyaların da mərkəz nöqtəsi Türkiyədir. Yalnız SOCAR Türkiyəyə 20 milyard dollara yaxın investisiya yatırıb, 30 000 insanın işlə təmin olunması qarşıya məqsəd qoyulub. Ortaq gücümüzü artırmaqla yanaşı, regional əməkdaşlıqda da yeni üfüqlər sabitliyin bir elementi olaraq ortaya çıxır. Dünən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə başlayan birliyimiz, bu gün Bakı-Tbilisi-Ərzurum, TANAP qaz xətti və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək Trans-Adriatik Boru Xətti (TAP) Cənub Qaz Dəhlizi ilə davam edir. Digər tərəfdən, Türkiyə ilə Azərbaycanın imzasını daşıyan, "sülh və rifah” yolu deyə adlandırılan Bakı-Tbilisi-Qars dəmiryolu da birliyimizin ayrı bir ölçüsünü təşkil edir. Vəfatının on beşinci ilində mən onun xatirəsini dərin hörmətlə yad edirəm”, - deyə müəllif fikrini tamamlayıb.
Yeri gəlmişkən, ümummilli lider ilə bağlı silsilə yazılar dərc edən "Moskva-Bakı” portalı bu dəfə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Vladimir Suxoyunfikirlərini dərc edib: "Elə liderlər var ki, tarixə daxil olur və orada qalır, elə liderlər də var ki, milli tarix yaradırlar. Heydər Əliyev Azərbaycanın müasir tarixini yaratmış liderdir. Tarix onu zamanının əsl bir əfsanəsi, güclü bir dövlət başçısı, fədakar bir şəxs və dövlət quruculuğunun çətin tarixi məsələsini qəbul edə bilən unikal bir şəxs kimi xatırlayır.

1960-cı illərin sonlarından XXI əsrin əvvəllərinə qədər olan dövrü əhatə edən 35 illik Azərbaycan tarixi Heydər Əliyev adı ilə birbaşa bağlıdır. Onun siyasi yetkinliyi və həqiqətən də əvəzsiz insani keyfiyyətləri gənc dövlətin ayaq üstə durmasına və 21-ci əsrdə müstəqil bir ölkə kimi uğurla çıxış etməsinə imkan verdi. Çətin və ciddi maneələri aradan qaldıraraq, indi müasir Azərbaycan adlanan güclü müstəqil dövlət qurdu”. Müəllif yazır ki, Heydər Əliyev özü mütəşəkkil bir şəxs idi və ətrafında olanlardan da aydınlıq, tutarlılıq, effektivlik və məhsuldarlıq tələb edirdi: "Heydər Əliyev kabinet işini heç vaxt sevməyib. Hər yerdə, neft emalı zavodlarında, laboratoriyalarda, limanlarda, tikinti sahələrində baş verənləri yaxından görmək üçün şəxsən ora baş çəkirdi. Heydər Əliyevin xatirələrinə görə, bu, həyatının ən yaxşı illəri idi - "Bəzən, iş bitirdikdən sonra evə getməmişəm, respublikamızın vəziyyətini yaxşılaşdırmaq üçün yeni planlar hazırlamışıq”. Prezidentliyin 10 illiyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar həyata keçirmiş və demək olar ki, məhv edilmiş ölkənin xarabalıqları üzərində bir dövlət qurdu. Heydər Əliyevin çoxməqsədli siyasəti ölkənin rifahı və sabitliyini təmin edən dövlət strategiyası halına gəldi. O, Birləşmiş Ştatlarla, Aİ ilə konstruktiv münasibətləri, həmçinin Türkiyə, Rusiya və İranla dostluq əlaqələrini nəzərdə tutan praqmatik və balanslı xarici siyasətlə hakimiyyətə gəldi”.

Müəllif yazır ki, Azərbaycanda siyasi sabitliyin əldə olunmasından əlavə Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyi üçün əsaslar yaratdı. O, istehsalın bütün sahələrini bərpa etmək, maliyyə vəziyyətini yaxşılaşdırmaq və xarici investisiyaların cəlb edilməsi üçün antiböhran proqramı hazırladı: "1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış "Əsrin müqaviləsi” xarici neft şirkətləri ilə çoxmilyardlıq müqavilədir. Keçmiş Sovet İttifaqında heç bir zaman belə bir sənəd imzalanmamışdı. Bu, Azərbaycan üçün vacib bir layihə idi və ölkədə daxili sabitliyin qurulmasında və xarici siyasətdə uğur qazanılmasında həlledici rol oynayıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsini reallaşdırmaqla Heydər Əliyev böyük bir Qərb kapitalını Azərbaycana cəlb etdi ki, bu da bir çox yeni iş yerlərinin yaradılması və bir sıra sahələrin inkişafına gətirib çıxardı. Heydər Əliyev keçmiş sovet məkanında ən yüksək səviyyədə tanınan Azərbaycanda misli görünməmiş iqtisadi artımı təmin etdi”.

Rusiyalı professor əlavə edir ki, Heydər Əliyev 1995-ci ildə qəbul edilmiş yeni Konstitusiyanın da müəllifidir: "Heydər Əliyev ölkəsini və onun tarixini sevirdi. Heydər Əliyev bilirdi ki, iqtisadi inkişafla yanaşı, müstəqilliyin əsas elementlərindən biri də mədəniyyətdir. O, Azərbaycan mədəni irsini dəstəkləyir, ölkənin milli kimliyini yüksək tuturdu. Heydər Əliyev həyatın bütün sahələrində effektiv və məqsədyönlü fəaliyyətlərlə yanaşı, ölkədə təhsilin yaxşılaşdırılmasına böyük əhəmiyyət verirdi. Gənc nəslin təhsili və tərbiyəsi həmişə uzaqgörən liderin dövlət proqramında əsas xətt olub. İstedad və iradə Heydər Əliyevin əsas şəxsiyyət xüsusiyyətləridir. Prezident kimi güclü bir siyasətçiyə gərək olan fövqəladə şəxsiyyət xüsusiyyətlərinə malik idi: onda fotoqrafik yaddaş, güclü bir müşahidə və insanları, o cümlədən rəqiblərini düşərgəsinə gətirmək imkanları var idi”.
Başqa bir nəşr - "Vestnik Kafkaz”a da Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayevin ümummilli liderlə bağlı "Heydər Əliyevin siyasi iradəsinin bir aspekti” başlıqlı məqaləsini dərc edib. Müəllif yazır ki, artıq 20 ildir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin "incə” quruluşunun müxtəlif bəhrələrini müşahidə edirik.

Başqa bir nəşrdə "Versii.com”da da ümummilli lider barəsində "İrəlidə gedən atlı: Heydər Əliyev həmişə xalqın qəlbində yaşayacaqdır” başlıqlı xatirə yazısı dərc olunub: "On beş il əvvəl - 12 dekabr 2003-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dünyasını dəyişib. Onun həyat yolu Azərbaycanın inkişaf yoludur. Heydər Əliyev böyük insan, tarixi bir şəxs idi, bəlkə də əsrdə bir dəfə belə insanlar dünyaya gəlir. Belələri ən çətin zamanda, xüsusilə də lazım olduqda meydana çıxır. Xalq özünü vətənə xidmətə həsr etmiş liderlərini və qəhrəmanlarını unutmur. Heydər Əliyev ölkəsi üçün, o çətin bir dövrdə doğru yolu göstərən, insanları səhvlərdən və faciələrdən xilas edən parlaq şəxs, siyasi lider olub. Heydər Əliyevin fiziki gedişindən sonra da xalqın ona olan məhəbbəti azalmadı. O, hər bir azərbaycanlı üçün yalnız ölkənin qabiliyyətli lideri kimi deyil - ahəngdar, inteqral, hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi idealdır. Bununla yanaşı, Heydər Əliyev təbiətən yorulmaz şəxs, realist siyasətçi idi. Onun siyasi və idarəetmə prinsipləri romantizmdən və təvazökarlıqdan uzaq idi. Bəlkə də ilk baxışda onun qərarları kimdəsə əsassız görünə bilərdi, ancaq müəyyən bir vəziyyətdə həmişə düzgün və optimal olub. Yüksək vəzifədə çalışdığı ilk günlərdən Heydər Əliyev xalqının dirçəlişi və xoşbəxt gələcəyi üçün böyük fədakarlıq göstərdi. Bu dövrdə güclü dövlət, milli dirçəliş, sosial rifah və Azərbaycanın mənəvi yüksəlişi üçün təməl qoyulub. O, sovet hakimiyyət sistemini öz vətəninin strateji maraqlarına çevirə bilən lider olub. Hakimiyyətdə olan Heydər Əliyev xalqının həyatında mühüm rol oynadı. Bu, Azərbaycanın tarixindəki ən canlı və məlumatlı səhifələrdir. Respublikanın şəhərləri və kəndləri yenidən quruldu, əhalinin maddi vəziyyəti yaxşılaşdı, cəmiyyətin bütün sahələrində, o cümlədən təhsil, elm və mədəniyyətdə dəyişikliklər baş verdi. Qısa bir dövrdə ölkə bir əsrə bərabər inkişaf yolu keçdi. Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycanda əldə olunan uğurlar barədə çox danışmaq olar. Bu gün cəsarətlə deyə bilərik ki, Heydər Əliyev öz ölkəsinin gələcəyini 20-30 il qabaqdan görən bir adam idi. Heydər Əliyev sovet hakimiyyətinin prinsiplərindən səmərəli istifadə edərək, Azərbaycanın inkişafını təmin etməyə çalışdı. Əsrlər boyu unudulmayacaq böyük lider xalqının və ölkənin həyatında böyük rol oynayıb. 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılmasından sonra Azərbaycan dağılma və vətəndaş müharibəsi ərəfəsində idi. Ermənistanın Azərbaycan xalqına qarşı təcavüzü gedirdi, iqtisadiyyat, siyasət və digər sahələrdə böhran yaşanırdı. Belə çətin bir dövrdə, təcrübəsizliyin və hakimiyyətdə olan rəhbərliyin peşəkarlığının olmaması səbəbindən ölkə çətin duruma düşmüşdü. Bu dövr Azərbaycan üçün həlledici idi: ya müstəqil dövlət olacaq, ya da parçalanacaq və məhv ediləcəkdi. Məhz Heydər Əliyev bunun qarşısını aldı. Heydər Əliyev fəaliyyətinin bütün sahələrində Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və gücləndirilməsi prinsiplərinə əsaslanırdı. Hakimiyyətə gəldikdən sonra o, güclü, müstəqil, hüquqi dövlət qurmağa çalışdı.

Milli mədəniyyətini səmimiyyətlə sevən və dünya mədəni irsini yüksək qiymətləndirən Heydər Əliyevin sayəsində Bakı bu gün mədəniyyətlərarası dialoqu üçün geniş bir platformaya çevrilib”.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər