• çərşənbə axşamı, 16 aprel, 16:27
  • Baku Bakı 19°C

Azərbaycanın iqtisadi potensialı bütün hədəfləri uğurla yerinə yetirməyə imkan yaradır

18.08.21 15:02 285
Azərbaycanın iqtisadi potensialı bütün hədəfləri uğurla yerinə yetirməyə imkan yaradır
Bu gün işğaldan azad olunmuş Azərbaycan ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan Prezidentinin müdrik siyasətinin, xalqımızın sarsılmaz iradəsinin və öz torpağına sonsuz bağlılığının təcəssümüdür. Cənab Prezidentin işğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan dövləti öz fəaliyyətini gələcəyə hesablanmış konkret və düşünülmüş strategiya əsasında qurub.
Bunu Trend-ə Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Millət vəkili hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən ardıcıl tədbirlər mümkün olan ən qısa müddət ərzində bu torpaqların əsl sakinlərinin öz yurd-yuvalarına qayıtmasına imkan verəcək. Eyni zamanda, Azərbaycan iqtisadiyyatında yeni inkişaf mənbələrinin yaranmasını təmin edəcək.
Soltan Məmmədovun fikrincə, Azərbaycanın iqtisadi potensialı, hərbi qüdrəti və beynəlxalq nüfuzu qarşıya qoyulan bütün hədəfləri uğurla yerinə yetirməyə imkan yaradır. "Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbənin əhəmiyyəti həm də bundadır ki, dövlətimizin gücünü, əsgərlərimizin qəhrəmanlığını, xalqımızın mübarizə əzmini dünyaya nümayiş etdirdi. Bununla yanaşı, regionda yeni geosiyasi reallıqlar yaratdı, yeni təhlükəsizlik formatı meydana çıxdı. İndi qarşıda duran əsas məsələlərdən biri bu yeni reallıqları uyğun olaraq, kommunikasiyaların açılmasına nail olmaqdır".
Millət vəkili bildirib ki, Ermənistanın bəzi siyasi dairələrində səsləndirilən revanşist fikirlər regionda sabitliyi və təhlükəsizliyi təhdid etməklə yanaşı, erməni xalqı üçün daha böyük fəlakətə səbəb ola bilər: "Vətən Müharibəsindən sonrakı dövrün öz reallıqları, öz şərtləri mövcuddur. Bu şərtləri Azərbaycan diktə edir. Əlbəttə ki, bu, bir tərəfdən Vətən müharibəsində qazanılmış qələbənin məntiqi nəticəsi hesab oluna bilər. Digər tərəfdən, indiki geosiyasi amillər, dünyada və regionda cərəyan edən proseslərin təhlili göstərir ki, Cənubi Qafqazda əməkdaşlıq və sabitlik dövrü başlamalıdır. Azərbaycanın təşəbbüsləri, təklif etdiyi gündəlik məhz zamanın şərtlərini nəzərə aldığına görə realdır".
Soltan Məmmədov Azərbaycan Prezidentinin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı çox aydın, dəqiq və konkret mesajlar verdiyini vurğulayıb. Bildirib ki, Ermənistan, eyni zamanda, regionda gedən proseslərin bu və ya digər dərəcədə iştirakçısı olan dövlətlər praqmatik qərarlar qəbul etmək üçün bu mesajları düzgün qiymətləndirməlidir.
banner

Oxşar Xəbərlər