• cümə axşamı, 25 aprel, 08:06
  • Baku Bakı 14°C

Azərbaycanın idman həyatı 2021-ci ildə

30.12.21 12:00 578
Azərbaycanın idman həyatı 2021-ci ildə
Avropa çempionatının Bakıda keçirilən oyunları, paralimpiyaçıların Tokiodakı möhtəşəm çıxışı və "Qarabağ”ın tarixi uğuru ilin ən yaddaqalan məqamlarıdır
Koronavirus 2021-ci ildə də dünyanın idman həyatına ciddi təsir göstərdi. Ancaq 2020-ci ilə baxanda "buna da şükür” deməyə bilmərik. 2020-ci ildə təxirə salınan futbol üzrə Avropa çempionatı və Olimpiada, nəhayət, 2021-ci ildə keçirildi.
Bakının təşkilatçılığına kimsə irad tuta bilmədi
Düzdür, məhdudiyyətlər oldu, azarkeşlər stadionlara qismən buraxıldı. Amma ən əsası o idi ki, böyük turnirlər üçün "yaşıl işıq” yandı. Təbii ki, böyük turnirlərdə Azərbaycanın və idmançılarının da izi vardı. Futbol üzrə Avropa çempionatının 4 qarşılaşması Bakıda keçirildi. Koronavirusa görə gözlənilən ajiotaj olmadı. Sərhədlər bağlı olduğu, ümumiyyətlə, insanlar koronovirus şokundan tam qurtulmadığı üçün azarkeşlər oyunları televiziya qarşısında izləməyə üstünlük verdilər. Amma Bakının təşkilatçılığına kimsə irad tuta bilmədi. Ölkəmiz çempionatın 4 oyununu (3 qrup mərhələsi, 1 1/4 final qarşılaşması) yüksək səviyyədə təşkil etdi. Azarkeşləri üzən məqam isə qardaş Türkiyə yığmasının uğursuz çıxışı oldu.
Paralimpiyaçıların triumfu
Tokioda keçirilən olimpiya oyunlarında stadionlara azarkeş buraxılmadı. Azərbaycan idmançılarının Yaponiyadakı çıxışını isə uğurlu adlandıra bilmərik. İdmançılarımız turniri 7 medalla bitirdilər. Amma qızıl medalsız. Karateçilər İrina Zaretska (+61 kq) və Rafael Ağayev (75 kq), sərbəst güləşçi Hacı Əliyev (65 kq) Azərbaycanın Olimpiya yığmasına 3 gümüş medal qazandırdılar. Qadın güləşçi Mariya Stadnik (50 kq), Yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq), boksçu Alfonso Dominquez (81 kq) və cüdoçu İrina Kindzerska (+78 kq) Azərbaycana 4 bürünc medal gətirdilər. Tokio Olimpiya Oyunlarında Azərbaycanı 44 idmançı təmsil edib. Əvəzində isə paralimpiyaçılarımız möhtəşəm uğur əldə etdilər. Tokioda 19 medal qazandıq ki, onun da 14-ü qızıl idi. Bir idmançımız gümüş, 3 idmançımız isə bürünc medalı boynundan asmalı oldu. Azərbaycan Tokio-2020 Paralimpiya Oyunlarında komanda birinciliyində 19 medalla 10-cu yeri tutdu. Bu, Azərbaycan millisinin Paralimpiya Oyunlarında göstərdiyi ən yüksək nailiyyətdir.
"Qarabağ”dan tarixi nəticə
2021-ci il Azərbaycanın futbol tarixində də qalacaq. İlk dəfə Azərbaycan klubu avrokubokların qrup mərhələsini adlamağı bacardı. Təbii ki, bu uğuru "Qarabağ” reallaşdırdı. "Köhlən atlar” "Bazel”, "Kayrat” və "Omoniya” kimi güclü rəqiblərin yer aldığı qrupda 2-ci pilləni tutaraq 1/16 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə isə "Qarabağ”ın rəqibi Fransa "Marsel”i olacaq. "Qarabağ”ın bu uğuruna Azərbaycan Prezidenti İlham Əliyev də biganə qalmadı. Cənab Prezident qrup mərhələsinin oyunları başa çatandan sonra "Qarabağ”ı qəbul etdi. Prezident "Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam da imzaladı. Sərəncama əsasən, UEFA Konfrans Liqasının qrup mərhələsində uğurla iştirak edərək növbəti mərhələyə vəsiqə qazanması ilə əlaqədar 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan "Qarabağ”a 5 milyon manat ayrıldı.
Yeni nazir, yeni hədəflər
2021-ci ildə Prezidentin sərəncamı ilə Fərid Qayıbov gənclər və idman naziri təyin edildi. Cənab Prezident Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul etdi və Azərbaycan idmanı ilə bağlı gələcək hədəfləri müəyyənləşdirdi. İlham Əliyev olimpiadanın nəticələrini əsas götürərək idman federasiyalarında olan çatışmazlıqları bir daha diqqətə çatdırdı və problemlərin həlli istiqamətində ciddi addımlar atılması üçün göstərişlər verdi. Yeni nazirin həll etməli olduğu problemlər var. Azərbaycan idmanının yeni inkişaf yolu da məhz ayrı-ayrı federasiyalarda kök salmış bu problemlərin həllindən sonra başlayacaq. İnanırıq ki, görülən tədbirlərin ilkin nəticələrini elə 2022-ci ildə hiss edəcəyik.
Muxtar
banner

Oxşar Xəbərlər