• cümə, 19 Aprel, 02:34
  • Baku Bakı 18°C

Azərbaycanın humanistliyinə baxmayaraq, erməni tərəfi bunun qarşılığında heç bir addım atmır

05.05.21 16:00 518
Azərbaycanın humanistliyinə baxmayaraq, erməni tərəfi bunun qarşılığında heç bir addım atmır
Üç erməni əsirinin qaytarılması Azərbaycan Prezidenti İlham Əliyevin növbəti humanist addımıdır. Lakin bunun qarşılığında erməni tərəfi heç bir addım atmır, minalanmış ərazilərin xəritələrini və birinci Qarabağ müharibəsində itkin düşmüş dörd min azərbaycanlı haqqında məlumatları verməkdən imtina edir.
Bu fikirləri hərbi ekspert Ədalət VerdiyevAZƏRTAC-a açıqlamasında deyib.
Hərbi ekspert qeyd edib ki, erməni tərəfi Azərbaycanın terrorçu kimi təsnifatlandırdığı əsirlərinin qaytarılması məsələsini müntəzəm olaraq qabardır. Amma Ermənistan birinci Qarabağ müharibəsində əsir və girov götürdüyü Azərbaycan vətəndaşlarının taleyi barədə indiyədək heç bir məlumat təqdim etməyib, yaxud onları geri qaytarmaq haqqında düşünmür. Halbuki hazırda dörd min nəfərə yaxın mülki vətəndaşımız və hərbi qulluqçumuz itkin kimi qeydiyyatdadır.
Ədalət Verdiyev bildirib ki, digər tərəfdən isə Ermənistan yalnız özünün maraqlı olduğu məsələləri qabardaraq gündəmdə saxlamağa çalışır. Münaqişənin başa çatmasından və üçtərəfli birgə bəyanatın imzalanmasından artıq yeddi ay ötür. Lakin hələ də bu günə qədər Ermənistan tərəfi minalanmış ərazilərin xəritə formulyarlarını Azərbaycana verməyib. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi proseslərin müsbət dinamikada inkişafı üçün əlindən gələni edir. Gələcəkdə hər iki ölkənin mehriban qonşuluq şəraitində yaşamasının əsas şərtlərindən biri birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş sayılan azərbaycanlı hərbçilərin və mülki şəxslərin nəşinin qaytarılması, eləcə də minalı sahələrin xəritələrinin Azərbaycana verilməsidir. Əks halda bu addımlar birtərəfli qaydada uzun müddət və davamlı olaraq atıla bilməz.
"Azərbaycan Vətən müharibəsində qalib gəlib və hazırda şərtləri diktə edən tərəfdir. Odur ki, Ermənistan hakimiyyəti, eləcə də Qarabağda sülhməramlı missiyanı həyata keçirən Rusiya tərəfi Azərbaycanın tələblərinə daha diqqətli yanaşmalı, mövcud problemlərin aradan qaldırılması, o cümlədən nəqliyyat infrastrukturunun bərpası kimi aktual məsələlərə töhfə verməyə çalışmalıdır”, - deyə həmsöhbətimiz əlavə edib.
banner

Oxşar Xəbərlər