AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın Fransadakı səfirliyi xüsusi bəyanatla çıxış edib

Azərbaycanın Fransadakı səfirliyi xüsusi bəyanatla çıxış edib

Siyasət
27 Fevral 2013, 14:12 1597
Azərbaycanın Fransadakı səfirliyi xüsusi bəyanatla çıxış edib. APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı erməni məsələsi bürosu təşkilatının “Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı təşkil etdiyi tədbirdə iki azərbaycanlı erməni fəalları tərəfindən vəhşicəsinə döyülüb.

“Əslən azərbaycanlı olan Fransa vətəndaşı, Paris “Azərbaycan Evi”nin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov bu tədbirdə iştirak ediblər və burada qırx nəfərə yaxın erməni fəalları tərəfindən döyülüblər. Hadisə tədbirin sonlarına yaxın baş verib. Xanım Fətəliyevanın “Biz bu gün Xocalı qətliamının 21 illiyini qeyd edirik. Dağlıq Qarabağ müharibəsi zamanı 1992-ci ilin fevral ayının 26-da erməni silahlı qüvvələri Xocalı şəhərində 613 mülki insanı qətlə yetiriblər, biz də bu gün bu qurbanları yad edirik” sözlərindən sonra içəridəki ermənilər tədbirin keçirildiyi Milli Assambleyanın Kolber zalının qapılarını bağlayaraq, hər iki azərbaycanlını vəhşicəsinə döyüblər.

Mirvari Fətəliyevanın müdafiəsinə qalxan və onu yumruqlardan qorumağa çalışan Vüsal Hüseynova ciddi xəsarət dəyib və o, ağır yaralanıb. Hər iki soydaşımız xəstəxanaya yerləşdirilib. Dərhal hadisə yerinə gəlmiş Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov bu olaydan çox narahat olduğunu bildirib: “Biz Fransa Respublikasının simvolu olan parlamentdə erməni diasporu fəalları tərəfindən həyata keçirilmiş bu kobud, zorakı və utanc verən olayı qəti şəkildə pisləyirik. Biz Fransa Milli Assambleyasının sədri və Fransa dövlətindən adekvat münasibət gözləyirik. Eyni zamanda ümid edirik ki, gələcəkdə belə hadisələrin baş verməməsi üçün bunu icra edənlərin kimliyi tezliklə müəyyən ediləcək və onlar qanun qarşısında cavab verəcəklər”.

Azərbaycan Xarici İşlər Nazirliyi də Fransa parlamentində soydaşlarımızın döyülməsi faktı ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Fransa Milli Assambleyasının üzvlərinin gözləri qarşısında baş vermiş hadisəyə onlar tərəfindən heç bir müdaxilə edilməyib: “Xaricdəki erməni lobbisi və onların havadarları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı zorakılığa yol verilməsi bir daha təsdiqləyir ki, Azərbaycan tərəfinin münaqişə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırması istiqamətindəki fəaliyyəti onlarda dərin narahatlıq doğurur. Bu kimi zorakılıq hallarına baxmayaraq, Azərbaycanın xaricdəki diplomatik missiyaları və diaspor təşkilatları, Ermənistan tərəfindən xalqımıza qarşı törədilmiş faciələrin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyətini bundan sonra da davam etdirəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına qarşı törədilmiş zorakılığı pisləyərək, baş vermiş hadisəyə Fransa Respublikasının müvafiq qurumları tərəfindən münasibət bildiriləcəyinə və cinayətin bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən operativ şəkildə araşdırılaraq, cinayətkarların məsuliyyətə cəlb olunacağına inanır”.

Daha əvvəl Azərbaycanın Fransadakı səfirliyi Azərbaycan diaspor üzvlərinin döyülməsi faktı ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Səfirlikdən APA-ya verilən məlumata görə, daha bir nota Fransa Milli Assambleyasına təqdim olunacaq. “Bu, ciddi cinayətdir. İstəyirik ki, Fransa parlamentinin üzvləri baş verən hadisəyə qiymət versinlər” – deyə səfirlikdən bildiriblər.