Azərbaycanın elektron imza təcrübəsi BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının toplantısında təqdim olunub
İsveçrənin Cenevrə şəhərində
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən "Elektron ticarət
və rəqəmli iqtisadiyyat” üzrə hökumətlərarası ekspert qrupunun ilk iclası
keçirilib. İclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
nümayəndəsi iştirak edib.
Ekspert qrupunun əsas məqsədi rəqəmli
iqtisadiyyatın dünya ölkələri üzrə qeyri-bərabər inkişaf etdiyini nəzərə alaraq,
elektron ticarətin imkanlarından faydalanmaqda və mövcud çətinliklərin aradan
qaldırılmasında inkişaf etməkdə olan ölkələrə dəstək olmaqdır.
Müxtəlif beynəlxalq təşkilatların
rəsmiləri ilə yanaşı, 70-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi hökumətlərarası
ekspert qrupunun iclasında BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən
hazırlanan "İnformasiya İqtisadiyyatı 2017” hesabatı təqdim olunub.
İclasda inkişaf etməkdə olan ölkələrdə
rəqabətə davamlı elektron ticarət və rəqəmli iqtisadiyyatın qurulması ilə bağlı
ehtiyacların müəyyənləşdirilməsi, inkişaf etməkdə olan ölkələrin texnoloji
infrastrukturunun yaxşılaşdırılması üçün görüləcək işlər, elektron ticarətin
imkanlarından maksimum yararlanmaq və mövcud çətinliklərin aradan qaldırılması
üçün inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrlə tərəfdaşlıq
formalarının müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunub.
Tədbirdə 2016-cı ildə UNCTAD tərəfindən təsis
olunmuş beynəlxalq
"www.etradeforall.org” platformasının inkişafına dair məlumat
verilib. Sözügedən platforma inkişaf etməkdə olan ölkələrə elektron ticarətin
potensialından faydalanmağa imkan verir. Bu təşəbbüs vasitəsilə ölkələr
potensial tərəfdaşlarla əlaqə qura, yeniliklər və elektron ticarət üzrə ən son məlumatları əldə edə bilərlər.
Tədbirdə çıxış edən Nazirliyin
nümayəndəsi Azər Bayramov elektron ticarət və rəqəmli iqtisadiyyatın inkişafı
üzrə Azərbaycan təcrübəsindən, elektron hökumətin, elektron xidmətlərin və Açıq Hökumət Məlumatlarının elektron ticarətin
inkişafında mühüm rolundan danışıb.
Qeyd edilib ki,
2018-ci ildən etibarən Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət
vəsiqələri, mobil hökumətin və mobil imzanın geniş tətbiqi ölkəmizdə elektron
ticarətin inkişafı üçün mühüm təkan verəcək.
Çıxışda ölkələrarası
elektron ticarətin inkişafı üçün elektron imzaların qarşılıqlı tanınmasının əhəmiyyəti
və bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi tərəfindən görülən işlər barədə
məlumat verilib. Elektron imzanın tətbiqi ilə bağlı Azərbaycan təcrübəsi
iştirakçılar tərəfindən maraqla qarşılanıb və uğurlu təcrübə kimi qeyd olunub.