• cümə, 29 Mart, 17:19
  • Baku Bakı 14°C

“Azərbaycanın bütün hava limanlarında bütün aviaşirkətlər üçün zəruri şərait və əlverişli şərtlər yaradılıb”

22.05.19 10:30 1907
“Azərbaycanın bütün hava limanlarında bütün aviaşirkətlər üçün zəruri şərait və əlverişli şərtlər yaradılıb”
Aşağı büdcəli ("lou-kost”) hava nəqliyyatı şirkətlərinin fəaliyyəti müntəzəm olaraq xaricə uçmaq istəyən, səyahəti hobbisinə çevirən, tez-tez işgüzar səfərlərə və ya istirahətə yollanan, təhsil məqsədi və s. işlərlə əlaqədar ölkədən kənara üz tutan insanların ikiəlli alqışladığı nüansdır. Bu, rəqabətin gücləndirilməsi və uçuşların sayının artırılması, xüsusən qısa məsafəli məntəqələrə təyyarə biletlərinin qiymətinin aşağı salınması üçün əlverişli mühit formalaşdırmağa xidmət edir. Hazırda ölkəmizdə bu fəaliyyəti "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsi kimi "Buta Airways” həyata keçirir. Vətəndaşlarımız isə Azərbaycanın yeganəloukoster şirkəti olan "Buta”nın uçuş istiqamətlərinin çoxalmasını arzulayırlar. Belə ki, Avropa ölkələrinə uçuşlar üçün Tbilisi-Kutaisidən uçuşları həyata keçirən hava şirkətlərinin xidmətindən deyil, elə Bakıdan – milli aviadaşıyıcı vasitəsilə həyata keçirmək istəyirlər. Sosial şəbəkələrdə yazılan rəyləri və ümumən tez-tez səfər edən insanların fikirlərini nəzərə alsaq, onlara görə "Buta”nın fəaliyyəti az sayda ölkələrlə məhdudlaşır. Belə ki, iş, təhsil, turizm və s. məsələlərlə bağlı Avropaya gedib-gələnlərin sayı daha çoxdur və bu tələbat günü-gündən artır. Bəs tələbatı qarşılamaq üçün hansı addımlar atılır?"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski "Kaspi”nin suallarını cavablandırıb:
- Yaxın vaxtlarda Avropa ölkələrinə loukost reyslərin açılması nəzərdə tutulurmu?
- Hal-hazırda "Buta Airways” 17 istiqamətə və 6 ölkə ərazisinə uçuşlar həyata keçirir. İstiqamətlərin seçimi zamanı ölkə əhalisinin daha çox tələbatı olan istiqamətlərə reyslərin açılması prioritet götürülür.Məhz bu səbəbdən Türkiyənin, Rusiyanın, Gürcüstanın və Ukraynanın bir neçə şəhərləri istiqamətində müntəzəm uçuşlar həyata keçirilir. 2019-cu ildə "Buta Airways” Ankara, Ufa, Xarkov, Odessa, Batumi və Həştərxan şəhərləri istiqamətində müntəzəm uçuşların yerinə yetirilməsinə başlayıb. Avropa istiqamətində vətəndaşlarımız tərəfindən yüksək tələbat olduğu halda (Şengen vizasının daha da sadələşdirilmiş qaydada ölkə vətəndaşlarına təqdim olunması və s.) bu istiqamət üzrə uçuşların yerinə yetirilməsi aktual ola bilər. Onu da qeyd edək ki, hazırda Macarıstanın loukost aviaşirkəti "Wizz Air” Bakıdan Budapeştə və əks istiqamətə uçuşlar həyata keçirir.
- Turizimçilər ölkəyə turist cəlbi üçünaeroportların loukosterlərə daha çox açılması təklifində nə qədər haqlıdırlar?
- Şübhəsiz ki, ölkədə turizmin inkişafı bir çox amillərdən, o cümlədən rahat və sərfəli nəqliyyat əlaqələrinin mövcudluğundan asılıdır. "Buta Airways” aviaşirkətinin yerinə yetirdiyi uçuşlarda böyük sayda turistlərin səyahət etdiyinin şahidi oluruq və məhz uçuşlarımızın sərfəli qiymətləri sayəsində, istiqamət seçimi zamanı turistlər bizim ölkəmizi səfərləri üçün seçirlər. O ki qaldı aeroportların loukosterlərə daha çox açılmasına, qeyd etmək istəyirik ki, hava limanlarının loukosterlərə açılması bizim üçün bir təklif deyil, bu, bizim rəhbər tutduğumuz fəaliyyət prinsiplərimizdən biridir. Belə ki, "Azərbaycan Hava Yalları” QSC rəhbərliyinin dəfələrlə ictimaiyyətə açıqlamasında qeyd etdiyi kimi, bizim hava limanlarımız bütün aviaşirkətlərə açıqdır və loukosterlərin burada xüsusi yeri vardır.
- Bölgə aeroportlarında loukosterin fəaliyyəti nəzərdə tutulurmu?
- Azərbaycanın bütün beynəlxalq hava limanları xarici aviadaşıyıcılar və loukosterlər üçün açıqdır və biz bütün aviaşirkətləri həm Bakıdan, həm də regionlardan uçuşlar həyata keçirməyə dəvət edirik. Bununla bağlı məhdudiyyət yoxdur. Bildiyiniz kimi, paytaxt Bakı şəhərindəki Heydər Əliyev Beynəlxalq Aeroportundan başqa, bölgələrimizdə 5 beynəlxalq - Gəncə, Naxçıvan, Qəbələ, Lənkəran və Zaqatala hava limanları var. Öncəki sualın cavabında da qeyd olunduğu kimi, bütün hava limanlarımız aşağı büdcəli aviaşirkətlərlə işləməyə tam hazırdır. Bundan əlavə, bölgələrə uçuş həyata keçirən həm klassik aviaşirkətlər, həm də loukosterlər üçün xüsusi stimullaşdırıcı xidmət paketləri tətbiq edilməkdədir. Öncəki yaz mövsümündə bölgələrdə yerləşən hava limanlarından "Ural Airlines”, "Utair”, "Flydubai”, "Air Arabia”, "Fly Baghdad” loukost şirkətləri vasitəsilə sərnişin daşımaları həyata keçirilmişdir. Bundan başqa qeyd etmək istəyirik ki, hazırda "Buta Airways” aviaşirkəti Gəncə-Moskva-Gəncə istiqamətində müntəzəm uçuşlar həyata keçirir. Xüsusilə yeni xarici aviaşirkətlərin Azərbaycana cəlb edilməsi istiqamətində davamlı tədbirlərin mütəmadi aparıldığını bildirmək istərdik. Belə ki, əldə edilmiş razılaşmaya əsasən, yaxın zamanda Hindistanın "İndiGo” və Küveytin "Kuwait Airways” aviaşirkətləri Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlara başlayacaqlar. Bundan əlavə, Rumıniyanın "Tarom”, Polşanın "LOT”, Yaponiyanın "ANA”, Cənubi Koreyanın "Korean Air”, Malaziyanın "Malaysia Airlines”, Rusiyanın "Pegas” və "Smartavia” aviaşirkətləri ilə ölkəyə uçuşların açılması məqsədilə danışıq və məsləhətləşmələr aparılmaqdadır. Həmin tədbirlər sırasında fəaliyyətimizin digər istiqaməti Azərbaycanda artıq fəaliyyət göstərən xarici aviaşirkətlərin uçuşlarının sayının artırılması və məntəqə əhatəsinin genişləndirilməsidir ki, bu sahədə də zəruri addımlar atılır və tezliklə nəticələri olacaq.
- İnsanlarımız Gürcüstan yolu ilə, konkret Kutaisi aeroportu iləAvropanın müxtəlif ölkələrinə ucuz daşıyıcılar vasitəsilə gedirlər. Bu xidməti öz ölkəmizdə tətbiq etmək mümkün deyil?
- Yuxarıda qeyd olunduğu kimi, "Buta Airways” aviaşirkətinin istiqamətlərinin seçimində ölkə əhalisinin daha çox tələbatı olan istiqamətlərə üstünlük verilir. "Buta Airways” aviaşirkətinin aşağı qiymətlər ilə müxtəlif aktual istiqamətlərdə uçuşlar yerinə yetirməsi, sərnişinlərin digər hava limanları vasitəsilə tək Avropa deyil, həmçinin digər ölkələrə rahat və sərfəli qiymətlər ilə calanma uçuşlarına aviabiletlər əldə etmək imkanı verir və sərnişinlərimiz bundan faydalanırlar. Bundan əlavə, Azərbaycanın bütün hava limanlarında bütün aviaşirkətlər üçün zəruri şərait və əlverişli şərtlər yaradılıb. Bunun bariz nümunəsi kimi "Buta Airways” ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən "Flydubai”, "Jazeera Airways”, "Wizz Air”, "Air Arabia” loukost aviaşirkətlərini göstərə bilərik. Hazırda mövcud olan marşrutlar siyahısına iyun ayından etibarən İzmir istiqaməti üzrə "Pegasus” loukost şirkətinin uçuşları da əlavə olunacaq.Bir faktı da vurğulamaq istərdik ki, Azərbaycan hava limanları sərnişin dövriyyəsinə görə Gürcüstanın hava limanlarından heç də geri qalmır, əksinə sərnişinlərinin sayına görə onları üstələyir. Misal üçün, 2019-cu ilin ilk dörd ayı ərzində Azərbaycanın bütün beynəlxalq aeroportları 1 milyon 45 min sərnişinə xidmət göstərmişdir ki, bu da Cənubi Qafqaz ölkələrinin bütün aeroportları arasında rekord göstəricidir. Onu da qeyd edək ki, sərnişinlərin 1 milyon 23 min nəfəri təkcə Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşmüşdür.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər