• şənbə, 20 Aprel, 13:34
  • Baku Bakı 23°C

Azərbaycanın biznes və investisiya cəlbediciliyi

08.10.21 09:00 408
Azərbaycanın biznes və investisiya cəlbediciliyi
Ölkənin biznes və investisiya mühitinin əlverişliliyini xarici sərmayəçilərin rəyləri də təsdiq edir
Biznesin uğurlu olması, investisiya fəaliyyətinin genişləndirilməsi, eləcə də yeni məhsul və xidmətlərin yaradılması zamanı bu sahədə tələbatın, müştərilərin, rəqiblərin, satış şəbəkəsinin və sair bu kimi məlumatların öyrənilməsi üçün sahibkarlıq subyektlərinin baxışlarını öyrənmək, onların gözləntilərini və risklərini təhlil etmək üçün müxtəlif sorğular aparılır.
Ölkəmizdə iqtisadi şaxələndirmə, qeyri-neft sahələrinin inkişafı və əlverişli sərmayə qoyuluşunun təmin edilməsi məqsədilə önəmli islahatlar həyata keçirilir. Pandemiyanın yaratdığı qlobal çətinliklərə və dünyada iqtisadi geriləmələrə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz inkişaf templərini qoruyub saxlamaqla böhrandan minimum itkilərlə çıxmağa nail oldu. Ölkəmizin sosial və iqtisadi sahədə əldə etdiyi uğurlar və müsbət nəticələr beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda, keçirilən rəy sorğularında da əksini tapır.
AZƏRTACxəbər verir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə bu yaxınlarda təqdimatı olmuş "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021” hesabatı da bu qəbildəndir.
Azərbaycanda investisiya mühiti və həyata keçirilən iqtisadi islahatların səmərəliliyi haqqında 2021-ci ilin may-iyul aylarında keçirilmiş sorğunun nəticələrinə əsaslanan və sorğu iştirakçılarının cavablarını özündə əks etdirən hesabat ölkədəki investisiya mühitinə diqqət ayırmaqla xarici şirkətlərin Azərbaycandakı fəaliyyətinə fokuslanıb. Hesabatda Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətlər, ölkənin investisiya yatırımı üçün cəlbediciliyi əcnəbi iş adamları tərəfindən xüsusi olaraq vurğulanır. Yetərincə nüfuzlu şirkətlər arasında aparılmış sorğu nəticəsində hazırlanan hesabat Azərbaycanda pandemiyanın iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi və təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsi baxımından da real mənzərəni ortaya qoyur.
Ümumiyyətlə, bu cür hesabatlar işgüzar dairələrin rəyinin öyrənilməsi, biznes çağırışlarının dəyərləndirilməsi, hər hansı ölkənin biznes cəlbediciliyinin səviyyəsini nümayiş etdirmək baxımından əhəmiyyət kəsb edir.
Azərbaycanda işgüzar mühit əcnəbi iş adamları tərəfindən necə qiymətləndirilir?
Qeyd edək ki, "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti Sorğusu 2021” hesabatının hazırlanması məqsədilə Azərbaycanda fəaliyyət göstərən və 30 ölkəni (Almaniya, Böyük Britaniya, ABŞ, İsveçrə, Türkiyə və sair) təmsil edən 270 xarici şirkətə sorğu göndərilib. Dəyərləndirmə üçün 130 etibarlı və tamamlanmış cavab seçilib.
Diqqət çəkən məqam ondan ibarətdir ki, sorğuda iştirak edən xarici şirkətlərin 88 faizi mikro müəssisələr və KOB-ların isə 67 faizi 10 ildən çoxdur ki, Azərbaycanda öz layihələrini həyata keçirir, ölkə iqtisadiyyatı və yerli bazar haqqında geniş məlumata malikdir.
Sorğuda rəyi öyrənilən respondentlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətini sabit qiymətləndirir. Müqayisə üçün qeyd edək ki, ötənilki hesabatda bu göstərici 39 faiz təşkil edirdi.
Xarici şirkətlərin 57 faizi Azərbaycanda fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətindədir. Pandemiya ilə əlaqədar investisiya qoyuluşu sahəsində yaranmış çətinliklərə baxmayaraq, xarici şirkətlər Azərbaycanın gələcəyinə nikbinliklə baxır və birbaşa xarici investisiyaların azalmadığını qeyd edirlər.
Xarici investorların azad edilmiş ərazilərimizin bərpasında və yenidən qurulmasında iştiraka marağı...
Məlum olduğu kimi, Vətən müharibəsində qazanılan Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə mühüm layihələrə start verilib və bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Qeyd edilməlidir ki, azad edilmiş ərazilərimizin zəngin təbii sərvətləri, mineral ehtiyatları, aqrar və turizm potensialı xarici şirkətlərin diqqətini cəlb edir. Yeni əsası qoyulmuş Ağdam və "Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının strateji əhəmiyyəti, azad edilmiş ərazilərdə sənaye zonalarının yaradılması xarici şirkətlərin investisiya yatırmaq imkanlarını daha da genişləndirəcək. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan Rusiyanın "KamAZ” ASC ilə Cəbrayılda "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin yaradılması da xarici sərmayədarların azad edilmiş ərazilərimizdə biznesin qurulmasında iştiraka maraqlarının göstəricisidir.
Təkcə azad edilmiş ərazilərimizdə yox, ümumiyyətlə, ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər, pandemiyanın Azərbaycanda biznes mühitinə təsiri və hökumətin dəstək mexanizmləri, sənaye zonalarının, həmçinin Ələt Azad İqtisadi Zonasının logistika imkanları, Milli Prioritetlərimizdən olan işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış, bu ərazilərdə reallaşdırılacaq "ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyaları sərmayədarlar üçün yeni biznes və investisiya imkanları açır.
Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulması, tenderlərin meyar və prosedurları haqqında şəffaf və proqnozlaşdırıla bilən proseslər əsasında müqavilələr bağlayaraq, Azərbaycanın iş bütövlüyünə sadiqliyini nümayiş etdirmək imkanı yaradır.
Aparılmış sorğuya əsasən demək olar ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasına üzv şirkətlər işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq layihələrinə böyük maraq göstərirlər. Şirkətlərin 61 faizi bu layihələrdə podratçı/subpodratçı kimi çıxış etmək və ya dövlət-özəl tərəfdaşlığı çərçivəsində iştirakda maraqlıdırlar.
Xarici şirkətlərin 43 faizi Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək layihələrdə iştirak edə biləcəklərini, 22 faizi iştirakın mümkünlüyünü, 17 faizi isə (əksəriyyəti tikinti, telekommunikasiya və informasiya texnologiyaları sahələri üzrə müəssisələr olmaqla) iştirak etmək marağını artıq bildiriblər.
Respondentlərin 60 faizi (əvvəlki hesabatda 50 faizi) Azərbaycanı əlverişli biznes məkanı kimi tövsiyə edir. Xarici iş adamları inanır ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin aparılması Xəzər bölgəsində təhlükəsizliyin və stabilliyin gücləndirilməsinə, beynəlxalq nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsinə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməklə yanaşı, dünyada ölkəmizin investisiya cəlbediciliyini və rəqabət qabiliyyətini artıracaq.
Sorğuda iştirak edənlərin 71 faizi Azərbaycandakı siyasi sabitliyi, 49 faizi təhlükəsiz ölkə olduğunu, 39 faizi infrastruktura davamlı sərmayə qoyuluşunu xüsusi vurğulayıb.
Hesabatda, həmçinin biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində islahatların davam etdirilməsi gözləntiləri də əksini tapıb.
Göründüyü kimi, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyi və xarici şirkətlərin bu baxımdan ölkəmizə marağı keçirilmiş rəy sorğularında da aydın ifadə olunur.
banner

Oxşar Xəbərlər