• cümə axşamı, 25 aprel, 20:31
  • Baku Bakı 21°C

Azərbaycanda vaksin əhatəliliyi genişləndiyi üçün “delta” ştamı xüsusi təhlükə törədə bilməz

29.06.21 17:30 505
Azərbaycanda vaksin əhatəliliyi genişləndiyi üçün “delta” ştamı xüsusi təhlükə törədə bilməz
Ölkədə bu günə qədər təxminən 3,5 milyon doza vaksin istifadə edilib. Nəzərə almaq lazımdır ki, 1 milyon vətəndaş da xəstələnərək koronavirusa qarşı immunitet qazanıb. Deməli, əhalinin təxminən 45 faizində COVID-19 əleyhinə immunitetin formalaşdığı istisna edilmir. Beləliklə, Azərbaycanda vaksin əhatəliliyi genişləndiyi üçün Hindistan ştamı ("delta”) xüsusi təhlükə törədə bilməz.
Tibb elmləri doktoru, professor Əlizamin SadiqovAZƏRTAC-a koronavirusun "delta” ştamı ilə bağlı məlumat verib.
Həkim-pulmonoloq "delta” ştamının ölkəmizdə digərlərindən fərqli nəticələrə səbəb olacağını, ölüm riskini artıracağını hesab etmir: "Yeni növ koronavirus infeksiyasının (COVID-19) "delta” ştamı dünyada uzun müddətdir ki, mövcuddur. Qonşu dövlətlərdə bu ştamın yayılması bizi daha çox narahat etməyə başlayıb. Məlumata əsasən, hazırda Rusiyada koronavirusa yoluxanların 90 faizi məhz "delta” ştamı ilə xəstələniblər. COVID-19 əleyhinə vurulan bütün növ vaksinlər Britaniya, Braziliya, Cənubi Afrika, Hindistan, qısacası istənilən ştamın qarşısını almaq imkanına malikdir. Sadəcə olaraq, əhalinin vaksinasiya prosesi sürətli şəkildə həyata keçirilməyə davam etdirilməlidir. Çünki koronavirus infeksiyasından qurtulmağın yeganə yolu peyvəndləmədir”.
Professor Əlizamin Sadiqov vurğulayıb ki, vətəndaşların "delta” ştamı ilə bağlı xüsusi narahatlıq keçirmələrinə əsas yoxdur: "Qonşu dövlətlərdə olduğuna görə, Azərbaycanda da "delta”nın aşkarlanma ehtimalı var. İstənilən halda, oktyabr-noyabr aylarında hava şəraiti ilə əlaqədar virusa yoluxma sayında artım baş verərsə də, əvvəlki kimi ağır vəziyyət yaranmayacaq. Əhali arasında 4-5 ay ərzində kollektiv immunitetin formalaşması istisna edilmədiyi üçün yoluxma sayında kəskin artım müşahidə edilə bilməz”.
Qeyd edək ki, bu günə kimi ölkədə koronavirusun "delta” ştamı aşkarlanmayıb. Əhalinin peyvəndlənməsi koronavirusun istənilən növündən xilas olmağın yeganə yoludur.
Xatırladaq ki, indiyə qədər "delta” ştamı qonşu Rusiya və Gürcüstan da daxil olmaqla, dünyanın 90-dan çox ölkəsində qeydə alınıb.
banner

Oxşar Xəbərlər