• cümə, 19 Aprel, 13:23
  • Baku Bakı 25°C

Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah

12.12.18 15:30 1387
Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah
İnsanların sosial rifah halının yaxşılaşdırılması yönündə qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar uğurla həyata keçirilir. Sosial müdafiə sistemi bu sahədə mühüm yer tutur və insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bunun üçün isə düzgün sosial siyasətin olması vacib şərtdir. Lakin iqtisadiyyatda uğur qazanmadan, yüksək maliyyə imkanlarına malik olmadan sosial siyasətin inkişafından danışmaq yersizdir. Hal-hazırda aparılan sosial siyasət cəmiyyətin hər bir fərdini əhatə edir. Yəni aztəminatlı ailələrə, müharibə veteranlarına və əlillərinə mənzillərin, avtomobillərin verilməsi, ailə, qadın və uşaq problemlərinə qayğı və diqqət sosial siyasətin başlıca məqsədlərindən biridir. Bundan başqa, əhalinin məşğulluğunun təmin edilməsi, uğurlu gənclər siyasəti də ön plandadır. Həmçinin yoxsulluğun aradan qaldırılması üçün mühüm işlər görülür. Eyni zamanda, əhalinin imkansız təbəqələrinə ünvanlı sosial yardımlar verilir. Bu da minlərlə ailənin sosial vəziyyətinin yaxşılaşması yolunda bir təkandır. Əhalinin sosial təminat sisteminin daha da təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ilin 25 fevral tarixində "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti tərəfindən Fərman imzalandı. Sosial müavinətlərin artırılması məqsədi ilə müvafiq tədbirlər görüldü. Belə ki, hər bir ailə üzvünə verilən ünvanlı sosial yardımın həcmi artdı. Aztəminatlı ailələrin sosial yardıma olan ehtiyacının müəyyənləşdirilməsi qaydalarının təkmilləşdirilməsi məqsədi ilə Nazirlər Kabinetinin 11.02.2016-cı il tarixli qərarı ilə "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na da dəyişikliklər edildi. Nəticədə müraciət zamanı tələb olunan sənədlərin sayı 15-dən 3-ə endirildi. Bundan başqa, sosial yardımın verilmə müddəti 1 ildən 2 ilə artırıldı.
Əhalinin məşğulluğunun təmin edilməsi vacibdir
İşsiz vətəndaşlara işsizlik müavinətinin verilməsi də əhalinin sosial müdafiəsinin gücləndirilməsi yönündə atılan müsbət addımlardan biridir. Lakin əhalinin işlə təmin olunması məsələsi də vacib amillərdən biri olub, sosial siyasətin tərkib hissəsinə daxildir. Yəni məşğulluq əhalinin əksər hissəsinin sosial problemlərini öz əməyi hesabına həll etməsinə imkan verir. Eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsi həm də əhalinin kəndlərdən şəhərə axınının, həmçinin iş dalınca xarici ölkələrə üz tutmasının qarşısının alınması istiqamətində də mühüm addımdır. Şəhid hərbi qulluqçuların ailələrinə, onların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi də əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində görülən tədbirlərdən biridir.
Beynəlxalq təşkilatlarla əməkdaşlıq
Bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edən Azərbaycan Respublikası 1992-ci ilin may ayından Beynəlxalq Əmək Təşkilatının (BƏT) tam hüquqlu üzvüdür. Bu beynəlxalq təşkilatla fəal əməkdaşlıq, əmək, məşğulluq, əməyin təhlükəsizliyi və mühafizəsi, qanunvericiliyin təkmilləşdirilməsi sahələrində müsbət nəticələrini verir. Belə bir əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda da BƏT-in nümayəndəliyi açılıb. Bütün bunlar xalqın sosial rifahının yüksəldilməsinə xidmət edir. Ümumiyyətlə, ötən 17 il ərzində Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar aparılıb, insanların sosial müdafiəsini təmin edən bir sıra qanunlar, fərman və sərəncamlar qəbul edilib. Ölkəmiz uyğun beynəlxalq konvensiyalara qoşulub. Bütün bunlar isə əhalinin sosial müdafiəsinə yeni yanaşma üsulları və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoyur. Respublikada həyata keçirilən pensiya-sığorta siyasəti də aparılan fəal sosial siyasətin mühüm tərkib hissəsidir.
1993-2003-cü illər ərzində ölkədə əhalinin sosial müdafiəsi ilə bağlı mühüm qərarların verilməsi, uğurlu tədbirlərin həyata keçirilməsi bütünlüklə pensiya və müavinət təminatının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlər yaradıb. Belə ki, 1990-cı ilin 20 Yanvar faciəsində şəhid olanların ailə üzvləri dövlət qayğısı ilə əhatə olundu, Çernobıl AES-də baş vermiş qəza nəticəsində zərər çəkmiş və həmin qəzanın ləğvində iştirak etmiş vətəndaşların sosial müdafiəsi işlərinə başlanıldı. Bu sahədə müvafiq qanunlar qəbul edildi. İkinci Dünya Müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görüldü. Vətənimizin azadlığı, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canından keçənlərin ailələrinin, milli qəhrəmanlarımızın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması yönündə fərman və sərəncamlar verildi. Ümumiyyətlə, 1997-ci ildən bəri 6,1 min nəfər əlil və şəhid ailəsi mənzillə təmin edilib. 6 mindən çox müharibə əlili və onlara bərabər tutulan şəxslər isə minik avtomobili ilə təmin olunublar. Müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin uşaqlarına da aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət ödənilir. 2,3 minə qədər əlilliyi olan şəxs isə evində sosial xidmətlə təmin edilir. Bununla yanaşı, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1229 nəfər əlilliyi olan şəxsin istirahəti təşkil edilib.Eləcə də, nazirliyin 14 bərpa-müalicə müəssisəsində hər il 10 mindən çox əlilliyi olan şəxsə bərpa müalicəsi xidməti göstərilir. Dövlət başçısının göstərişi ilə Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb.
Hazırda ölkəmizdə 620 minə yaxın əlilliyi olan şəxs vardır. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda, aylıq sosial müavinətlə təmin olunurlar. 2018-ci il 1 oktyabr tarixinə olan məlumata görə, respublikamızda olan 1 milyon 309 min nəfər pensiyaçının 30 faizi əlilliyi olan şəxslər, aylıq sosial müavinət ödənilənlərin isə 60 faizə qədəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.Əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı, müharibə əlilləri və onlara bərabər tutulan şəxslər və yalnız aylıq müavinət alan, ümumi səbəblərdən I qrup əlilliyi olanlar isə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar.
Pensiya və müavinətlərin artırılması
Ötən illər ərzində sosial müdafiə sisteminin bütün sahələrində ciddi irəliləyişlər baş verib. Belə ki, dövlət büdcəsindən pensiya və müavinətlər, digər sosial ödənişli vəsaitlərin davamlı olaraq artırılmasına başlanılıb. Ardıcıl olaraq həyata keçirilən bu kimi irəliləyişlər 1997-ci ilin avqust ayında pensiyaçıların yarıdan çoxunun pensiya məbləğinin 2,2 dəfə, 1998-ci ilin avqust ayında şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiyalarının məbləğinin 2 dəfədən çox artırılması ilə müşayiət edilib. Eyni zamanda, 1997-ci ilin avqustundan əlilliyi olan şəxslərin, tənha ahıl vətəndaşların, sosial pensiyaçıların pensiyalarına müavinətlər əlavə edilib. 2000-ci ilin noyabr ayından sosial pensiyalara əlavələrin edilməsi, 2001-ci ilin yanvarın 1-dən isə 20 Yanvar əlillərinin və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olanların pensiyalarına hesablanan aylıq müavinətlərin orta hesabla 1,5 dəfə artırılması da qeyd olunmalıdır. Aztəminatlı ailələrdə uşaq doğularkən verilən birdəfəlik müavinətin 1,4 dəfə, dəfn üçün müavinətin 1,5 dəfə, üç uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin orta hesabla 1,8 dəfə artırılması da təmin olunub.
Əlillərin cəmiyyətə inteqrasiyası
Ölkədə əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası ilə yanaşı, onların cəmiyyətə inteqrasiyası sahəsində də tədbirlər həyata keçirilir. Belə ki, fiziki məhdudiyyətli insanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması məqsədilə müvafiq tədbirlər təşkil olunur. Həmin tədbirlərin davamı olaraq, nazirliyin təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə əlaqədar Bakıda fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsi (İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Qoşa qala qapısı tərəfdən girişdə) təşkil edildi. Qeyd edək ki, 3 dekabr - Beynəlxalq Əlilliyi olan şəxslər günü BMT Baş Məclisi tərəfindən təsis olunub. Bununla, fiziki məhdudiyyətli insanlara cəmiyyətin diqqətinin artırılması və onların ictimai həyatda fəal iştirakına şərait yaradılır. 2018-ci il dekabrın 3-də – Beynəlxalq Əlilliyi olan şəxslər gününün mövzusu "Əlilliyi olan şəxslərin imkanlarının genişləndirilməsi, inklüzivliyin və bərabərliyin təmin olunması” idi.Üç gün davam edən sərgi-müsabiqədə ölkəmizin müxtəlif bölgələrindən 250 nəfərdən çox fiziki məhdudiyyətli şəxsin 1500-dən çox əl işi nümayiş olundu. Bu zaman əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əl işlərinin satışına da şərait yaradılmışdı.
Əlilliyi olan şəxslərin əmək bazarına çıxışı, məşğulluğunun dəstəklənməsi də onların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Belə ki, 2018-ci ilin 11 ayı ərzində Dövlət Məşğulluq Xidməti vasitəsilə 500-dən çox əlilliyi olan şəxs işlə, 60-dan çox əlilliyi olan şəxs ödənişli ictimai işlə təmin edilib. Dövlət Məşğulluq Xidməti və ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən ümumilikdə 320-dək əlilliyi olan şəxs peşə hazırlığına cəlb edilib.
Ümumiyyətlə, xalqın sosial qayğılarının təmin olunması ilkin şərtdir. Regionlarda yaradılan yeni müəssisələr, iş yerlərinin təşkil olunması buna əyani misaldır. Sosial, mədəni, infrastruktur obyektlərinin istifadəyə verilməsi, energetika və kommunal xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması, bütövlükdə, regionları 10-15 il əvvəlki simasından fərqləndirir. Əhalinin güzəranının yaxşılaşması məsələsi daim diqqət mərkəzindədir. Ölkəmizdə sosial problemlərin həlli yalnız paytaxtda deyil, eyni zamanda, ucqar rayonlarda da həyata keçirilir. Ölkədə yerli istehsal müəssisələrinin yaradılması işləri davam etdirilir. Və bu müəssisələr əsasən, bölgələrdə yaradılır, bütün bunlar isə bölgə əhalisinin iş yerləri ilə təmin olunmasında mühüm rol oynayır.
Zeynəb Əliqızı
Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb
banner

Oxşar Xəbərlər