• çərşənbə axşamı, 16 aprel, 14:17
  • Baku Bakı 19°C

Azərbaycanda qlobal istiləşməyə qarşı hansı işlər görülür? - AÇIQLAMA

15.09.21 11:23 202
Azərbaycanda qlobal istiləşməyə qarşı hansı işlər görülür? - AÇIQLAMA
Azərbaycanda qlobal istiləşməyə qarşı mühüm işlər görülür.
BunuTrend-ə açıqlamasında ekoloq Fikrət Cəfərov deyib.
O bildirib ki, bu gün ekologiyaya təsirlər əsasən enerji sektorundadır və enerjinin yaşıllaşdırılması istiqamətində mühüm işlər aparılır: "Bildiyiniz kimi, qlobal iqlim dəyişikliyinə səbəb olan əsas amillərdən biri istixana qazlarının havaya buraxılmasıdır. Ölkədə bütün energetika müəssisələri təbii qazla təmin olunub və bundan istifadə olunur. Bu da keçmişdə istifadə olunan yanacaqdan fərqli olaraq havaya buraxılan zərərli qazların miqdarının 15-20 dəfəyə yaxın azaldılması deməkdir. Digər tərəfdən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeni strategiya qəbul edib. Bu strategiyanı 20-20-20 adlandırmaq olar. İlk 20 faiz atmosferə atılan qazların miqdarının azaldılması, o biri 20 faiz bərpa olunan enerji mənbələrindən istifadə olunmasıdır. Bu gün quruda və dənizdə günəş panellərindən və külək enerjisindən istifadənin miqyası genişləndirilir. Qeyd etdiyimiz digər 20 faiz isə metan qazların emalıdır. Neft çıxarılması zamanı aşağı təzyiqli qazlar meydana gəlir. Onları emal və istifadə etmək çox təhlükəlidir. Bu səbəbdən çox zaman onu yandırırdılar. Bu gün SOCAR-ın proqramında həmin qazların yığılması, tənzimlənməsi və istifadəsi nəzərdə tutulub. Beləliklə, həmin qazlar artıq birbaşa atmosferə buraxılmayacaq. Hesab edirəm ki, bu mənada Azərbaycanın iqlim dəyişikliyinə qarşı fəaliyyətini müsbət qiymətləndirmək olar".
Ekspert iqlim dəyişikliyinə səbəb olan digər amilin isə nəqliyyatın karbon emissiyası ilə bağlı olduğunu deyib və bu istiqamətdə də ölkədə müsbət işlər görüldüyünü diqqətə çatdırıb: "Birinci növbədə, Avropa standartlarına keçid edilib. Yanacaq sistemində dəyişiklik olunub. Bu gün elektrikli avtomobillərdən istifadə dövlətin əsas siyasətinin tərkib hissəsidir. Müxtəlif güzəştlər, rüsumların azaldılması ölkəyə hibrid avtomobil və elektromobillərin gətirilməsini asanlaşdırıb. Bunun sayəsində nəqliyyatdan havaya buraxılan zərərli qazların miqdarı xeyli dərəcədə azalıb və ölkədə hibrid və elektrikli avtomobillərin sayı kifayət qədər artıb".
Qeyd edək ki, son illərdə yanğınların artması və yaşanan quraqlıq qlobal iqlim dəyişikliklərinin göstəricisi hesab edilir. Son bir neçə ildə qlobal temperatur 1,1 °C artıb. Bununla əlaqədar imzalanan Paris Sazişinə əsasən, ölkələr mitiqasiya cəhdləri ilə istiləşməni "2.0 °C-dən aşağıda" saxlamaq haqqında razılığa gəliblər. Lakin vədlərə baxmayaraq, hazırkı siyasətə əsasən, əsrin sonuna kimi qlobal istiləşmənin təxminən 3,0 °C-ə çatacağı gözlənilir. İstiləşmənin 1,5 °C-ə qədər məhdudlaşdırılması planı isə yalnız 2030-cu ilə qədər emissiyaların yarıya, 2050-ci ilə qədər isə sıfıra endirildiyi halda baş tuta bilər.
banner

Oxşar Xəbərlər