AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda orta məktəblərə silah paylanır

Azərbaycanda orta məktəblərə silah paylanır

Cəmiyyət
19 Dekabr 2012, 11:46 2869
Bir çoxumuz asanlıqla xatırlayırıq ki, orta məktəbin 9-11-ci siniflərində hərbi hazırlıq dərslərini necə keçmişik. Nə xüsusi geyimimiz olub, nə də ki, hərbi bilikləri öyrənmək üçün bir poliqonumuz. Elə sinifdəcə oturub müəllimin yeganə “Hərbi hazırlıq” kitabından mühazirələri dinləmişik. Hərdən maraqlı olsun deyə, taxtadan yonulmuş “silah”ları da boynumuzdan asıb məktəbin həyətində dövrə vurardıq.

Təəssüflər olsun ki, əksər məktəblərdə hərbi hazırlıq dərsləri hələ də bu qaydada aparılır. Hələ elə məktəblər var ki, ümumiyyətlə “hərbi hazırlıq” nədir, bilmirlər, dərslər ya boş keçir, ya da şagirdlər məktəb həyətində ağac dibi belləyirlər. Amma, artıq bu sahədəki boşluq dolmaq üzrədir. Belə ki, Nazirlər Kabineti 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nə dəyişikliklər edib. Dəyişikliyə əsasən, “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanun bu siyahıdan çıxarılıb və bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunla əvəzlənib. Müdafiə Nazirliyi isə gənclərin ibtidai hərbi hazırlığına rəhbərlik səlahiyyətini itirib. Bundan sonra bu səlahiyyəti Təhsil Nazirliyi ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) yerinə yetirəcək.

Məktəblərə avtomat veriləcək

Hər iki qurum ibtidai hərbi hazırlıq fənninin tədrisi və hərbi vətənpərvərlik tərbiyəsi işlərinin təşkili üzrə hərbi rəhbərlərin qabaqcıl təcrübəsini öyrənəcək və tədris müəssisələri arasında yayacaq. Səhiyyə Nazirliyi isə hər iki qurumla birgə şagird və tələbələrin tibbi-sanitar təliminin, təcrübə dərslərinin poliklinikalarda, xəstəxanalarda keçirilməsini və bununla əlaqədar tövsiyələr, proqramlar hazırlanmasını təmin edəcək. SHXÇDX yeni təyin olunmuş və ya bir ildən az işləyən hərbi rəhbərlərin tədris ili ərzində bir aylıq istiqamətverici toplanışının hərbi hissələrin birində keçirilməsini təşkil edəcək, təhsil müəssisələrində işləyən hərbi rəhbərlərə, metodistlərə, inspektorlara və mütəxəssislərə hərbi rütbələrin verilməsini təmin edəcək. Bundan başqa, ibtidai hərbi hazırlıq fənninin tədrisinin yekun mərhələsində şagirdlərlə 3 günlük çöl-təlim məşğələlərinin hərbi hissələrdə keçirilməsini təşkil ediləcək. Bu zaman məktəblilər atəş təlimini yerinə yetirmək üçün avtomat silahları və boş (gülləsiz) patronlarla təchiz olunacaqlar. Eyni zamanda, Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə birlikdə təhsil şöbələri hərbi rəhbərlər üçün hər ayın axırıncı həftəsinin beşinci günü məşğələlər, qış tətili günlərində isə 3 günlük metodiki seminar təşkil edəcəklər.

Bunlarla iş bitmir, ibtidai hərbi hazırlıq fənninin tədrisi və hərbi vətənpərvərlik tərbiyəsi işinin təşkili və keçirilməsi üçün təhsil müəssisələri tədris avtomatları, kiçik çaplı tüfənglər və patronları, tədris texnikası, fərdi mühafizə vasitələri, kimyəvi və radiasiya kəşfiyyatı cihazları ilə tabel üzrə təmin ediləcək. Həmçinin, təhsil müəssisələrində işləyən hərbi rəhbərlərlə, mütəxəssislərlə və metodistlərlə 5 ildən-bir, dəyərinin 50 faizi həmin şəxslər tərəfindən ödənilməklə hərbi geyim dəsti verilməsi təmin ediləcək.

İndiyə qədər axsayan məsələ!

“Əsasnamə”yə edilən dəyişiklik ekspertlərin də ürəyincə olub. Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, polkovnik-leytenant Üzeyir Cəfərov bizə müsahibəsində bu məsələnin həddindən çox gecikdiyini dedi:

“Çünki müharibə şəraitində yaşayan ölkədə bu məsələlər çoxdan həllini tapmalıydı. Xeyli vaxt itkisinə yol verdik və keçmiş SSRİ zamanında qəbul olunmuş absurd qərarı uzun illər yerinə yetirməli olduq. Bu da bizim gənclərimizin çağırışaqədərki hərbi hazırlığına çox mənfi təsir göstərdi. Biz uzun illərdir bu məsələni qaldırırıq ki, gənclər hərbiyə çağırılmazdan əvvəl, heç olmasa avtomat silahdan bir neçə dəfə atəş açsınlar, qızların tibbi hazırlıqları olsun və s. Bunlar hamısı önəmli məsələlərdir. İndi şükürlər olsun ki, gec də olsa, belə bir qərar qəbul olundu. Mən çox istərdim ki, bu qərar formal şəkildə yox, yüksək səviyyədə icra olunsun. Bunun ancaq və ancaq dövlətə böyük xeyri var”.

Ekspert sonra əlavə etdi: “Təsəvvür edin ki, hərbiyə çağırılmış gənc ilk dəfə avtomatı görəndə bilmir ki, ona hansı tərəfdən yaxınlaşsın, yaxud necə davransın. Amma buna hazırlıq orta məktəblərdə yüksək səviyyədə həyata keçirilsə, hərbi komandirlər də gələn gənc əsgərlərlə çox rahat şəkildə onlarla təmas quracaqlar. Bundan sonra əsgər bütün hərbi xidmət dövründə həm sıra hazırlığı, həm döyüş hazırlığı təlimlərini çox asan şəkildə həyata keçirə biləcəklər. Bu ilin və ötən illərin statistikasına nəzər yetirəndə görürük ki, silahla ehtiyatsız davranışdan xeyli sayda əsgərimiz dünyasını dəyişib. Bu kimi hadisələr isə ümumilikdə, ordunun döyüş hazırlığına xələl gətirir. Amma hazırda Nazirlər Kabinetinin verdiyi bu qərara əsasən, Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti, o cümlədən, digər güc strukturları əlaqəli şəkildə iş planı qurmalıdırlar. Bundan sonra gənclərimizin hərb sahəsində elementar bilikləri və hazırlıqları olacaq. Bu məsələlər indiyə qədər çox axsayırdı”.

Üzeyir bəy məsləhət olaraq bildirdi ki, Bakı şəhərində və digər böyük rayon və şəhərlərimizdə atıcılıq tirləri, o cümlədən, Könüllü hərbi vətənpərvərlik idman cəmiyyətinə məxsus olan aerodromlar, sürücülük məktəbləri və s. lazım olan vəziyyətə salınmalıdır ki, gənclərimiz orada müəyyən hazırlıq keçsinlər: “Biz çalışmalıyıq ki, həm Təhsil Nazirliyi, həm digər qurumlar bu məsələdə ciddi olsunlar. Əvvəla, yerlərdə ibtidai hərbi hazırlıq müəllimləri peşəkarlardan, keçmiş zabitlərdən təyin olunmalıdır. Kiminsə qohumu, tanışı olmamalıdır bu şəxslər. Təbii ki, bu məsələni təkcə Təhsil Nazirliyinin üzərinə buraxsaq, nazirlik yenə də əvvəlki kimi, min cür bəhanə ilə bu işi formal həyata keçirəcək. Mən istərdim ki, bu işlə əlaqəli digər güc strukturları məsələnin üzərinə, daha doğrusu Təhsil Nazirliyinin üzərinə getsinlər ki, onlar da hər hansı bir boşluğa yol verməsinlər”.

Hərbi hazırlıq nüfuzdan düşüb!

Mövzu ətrafında təhsil üzrə ekspert Nadir İsrafilovun da fikirlərini aldıq. O vurğuladı ki, Nazirlər Kabinetinin bu qərarını təqdir eləmək lazımdır:

“Bizim məktəblərdə sovet dönəmində hərbi vətənpərvərlik tərbiyəsinə böyük diqqət yetirilirdi. Məktəblərdə hərbi hazırlıq dərslərinə xeyli həvəs vardı. Amma hal-hazırda bizim məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsi, demək olar ki, tədris olunmur, formal xarakter daşıyır. Yadınıza gəlirsə, Sumqayıt məktəblərinin birində müəllimin səhlənkarlığına görə balaca bir partlayış olmuşdu. Buna görə nazir əmr verdi, bütün məktəblərdən hərbi ləvazimatlar yığışdırıldı. Axı bunu müəllim haradansa gətirmişdi, onun səhlənkarlığı idi. Çünki, məktəblərə verilən ləvazimatlar təlim üçün nəzərdə tutulur, döyüş üçün deyil. Belə çıxır ki, əgər hansısa təyyarə qəzaya uğrayıbsa, biz təyyarədən imtina eləməliyik?!”.

N. İsrafilov hazırda ibtidai hazırlıq fənninin nüfuzdan düşməsini də bununla əlaqələndirdi: “Biz o vaxt məktəblərə yoxlamalara gedirdik, görürdük ki, hərbi hazırlıq dərslərinə əhəmiyyət verən yoxdur. Bilirsiniz ki, hazırda Azərbaycan hərbiyə böyük ehtiyacı olan bir ölkədir. Dövlət tərəfindən də bu sahəyə böyük diqqət yetirilir. Yeni silahlarımız istehsal olunur və s. Amma belə bir şəraitdə gənclərimizdə vətənpərvərlik hissi də aşılanmalıdır. Bunlar isə məktəblərdə olmalıdır. Bu mənada, əsasnaməyə edilən dəyişiklik gözlənilən bir qərardır. Mən ümidvaram ki, bu addımdan sonra şübhəsiz ki, bizdə ibtidai-hərbi hazırlıq dərslərinin keyfiyyəti, müəllim, tələbə hazırlığı və s-də bir canlanma olacaq”.

Elgün Mənsimov