• cümə axşamı, 18 aprel, 22:01
  • Baku Bakı 21°C

Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu

04.04.20 15:00 694
Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
Əlverişli təbii şəraitə malik olan dünya ölkələrində müalicə turizminin inkişafına böyük önəm verilir və buna küllü miqdarda vəsait ayrılır. Son illər dünyada müalicə turizmi sahəsinə təqribən 100 milyard dollar həcmində yatırım edilib.
Ölkəmizdə müalicə turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. Bu imkanlardan biri də tibbi zəlilərlə bağlıdır. Çünki bu növ müalicə ölkəmiz üçün gələcəkdə turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edə bilər.
AZƏRTACxəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev deyib.
"Tibbi zəlilərin insan orqanizmi üçün faydalı olan 3 forması müəyyən edilib: adi tibb zəlisi, aptek zəlisi, şərq tibb zəlisi. Aparılan müşahidələr onu deməyə əsas verir ki, şərq tibb zəlisi digər zəlilərdən fərqli olaraq daha fəal yırtıcı həyat tərzi keçirir. Belə ki, 2 qram çəkiyə malik olan orta ölçülü bu zəlilər öz çəkisindən 5-8 dəfə çox qan sormağa qadirdirlər. Tibbi zəlilər su bitkiləri ilə zəngin olan şirin su tutarlarında, əsasən göl və gölməçələrdə, nohurlarda, gölməçə tipli bataqlıqlarda, sakit axan dayaz çaylarda, bəzi bulaqlarda, bol qida mənbəyi olan sututarlarında mövcuddurlar. Onlar əsasən litofil onurğasız heyvanlardır.
Qədimdə insanlar zəlilərdən baş ağrısı, qan durulducu və təzyiqsalıcı vasitə kimi istifadə ediblər. Zəlidən müalicə vasitəsi kimi ilk dəfə Holofonada yaşayanı Nikandr bizim eradan 200 il əvvəl istifadə edib. Zəli ilə müalicə Yunanıstanda, Misirdə, Qərbi Avropada və digər ölkələrdə ilk əvvəllər asma-bronxit, ürək-damar, hipertoniya xəstəliklərinin müalicəsində istifadə ediblər. Ibn Sina zəlini bir çox xəstəliklərin müalicəsində əvəzolunmaz bir vasitə hesab edib. Zəlinin xalq təbabətində istifadə kökləri çox qədim dövrlərə gedib çıxır. Hətta Misir piramidalarında zəlilərin təsvirləri mövcuddur. Zəlilər qədim insanlar üçün təbii "aspirin” rolu oynayırdı, onları universal həb hesab edirdilər.
Hazırda zəli ilə müalicə tibdə öz təsdiqini tapmış bir müalicə vasitəsi kimi tanınır və dünyanın bir çox ölkələrində, o cümlədən Çin, Yaponiya, Hindistan, ABŞ, Kanada, Rusiya, Qərbi Avropa ölkələrində geniş tətbiq olunur. Azərbaycanda da zəli ilə müalicə geniş vüsət alıb.
Tədqiqatlar göstərir ki, tibbi zəlinin bədəni əsl farmoseptik mini fabrikdir. Müəyyən edilib ki, zəlinin ağız suyundan ifraz olunan fermentlər insan bədəninə cürbəcür - mexaniki, bioloji, reflektor və immunoloji təsirlər göstərir. Tədqiqatçılar zəlinin ağız suyundan əvvəl elmə məlum olmayan 100-dən çox bioloji aktiv birləşmə aşkar ediblər.
Araşdırmaçılar elm və texnologiyanın inkişafına əsaslanaraq 2030-cu illərdə bəzi xəstəliklərin zəli ilə müalicəsində yüksək nailiyyətlər əldə olunacağını proqnozlaşdırırlar. Müəyyən olunub ki, zəlinin ağız suyundan ifraz olunan hirudin, destebilaza, orhelaza fermentləri insan orqanizmində immun sisteminin yüksəlməsinə, patogen mikrofloranın təmizlənməsinə, iltihabı prosesin aradan qaldırılmasına, damarların elastikliyinin artmasına, qanın durulmasına, qandan trompların əridilməsinə və damar tutulmasına təsir edir. Antistazin, dekorzin, kalin və s. fermentlər isə qanın və limfanın toxuma və hüceyrələrdə normal hərəkətinə səbəb olur”, - deyə Ş.Əliyev bildirib.
Onun sözlərinə görə, zəlinin kompleks müalicə effekti var: "Adətən zəli ilə müalicə xəstəliklərin tuğyan etdiyi dövrdə, yəni yaz və payız aylarında aparılır. Lakin apardığımız müşahidələrə əsasən demək olar ki, xəstəlik xroniki xarakter daşıyarsa, fəsildən asılı olmayaraq hər bir ayda zəli müalicəsi qəbul etmək faydalı ola bilər. Hətta sağlam insanlar profilaktik məqsədlə ildə bir neçə prosedur zəli müalicəsi qəbul etsələr, həmişə sağlam olarlar. Xəstəliyin xarakterindən asılı olaraq 3-5, 8-10 seans zəli proseduru qəbul etməklə xəstəliyin simptomlarının aradan qaldırılmasında müsbət nəticələrə nail olmaq mümkündür. Bir kurs müalicə üçün 60-80 ədəd zəli kifayət edir. Hər bir zəlidən 1 dəfə istifadə edilə bilər, onların təkrar istifadəsi təhlükəlidir.
Apardığımız müşahidələr göstərir ki, göz təzyiqi insanda qlaukoma xəstəliyinə səbəb olur. Lakin 5-6 seans zəli müalicəsi qəbul etməklə xəstə normal vəziyyətə düşə bilər. Digər araşdırmalar zamanı məlun olub ki, illərlə miqren xəstəliyindən əziyyət çəkən xəstələr bir neçə prosedur zəli müalicəsi qəbul etməklə ondan xilas ola biliblər. Ölkəmizdə fəaliyyət göstərən apteklərin əksəriyyətində zəli satılır. Lakin bəzi apteklərdə zəlilər qablarda düzgün saxlanılmır. Məsələn, 3 litr şüşə qablarda 50-60 zəli yerləşdirilməli olduğu halda 300-400 zəli saxlanılır. Zəlilər üzərində aparılmış müşahidələr göstərir ki, zəlilər dərilərini 1-2 gündən bir dəyişirlər. Ağ şəffaf rəngli qabıqlar qabın dibinə çökərək bakteriya mənbəyinə çevrilir və zəlilərin bakteriyaya yoluxmasına səbəb olur. Odur ki, qablarda saxlanılan zəlilərin suyu hər gün dəyişdirilməlidir. Təbiətdən ovlanmış zəlilər ən azı 6-7 gün təmiz xlorsuz sağlam su ilə hər gün yuyulduqdan sonra istifadəyə yararlı ola bilər.
Azərbaycanda müalicə turizmi inkişaf etdirilməsi siyasi və iqtisadi əhəmiyyət kəsb edir. Bu cəhətdən yaradılacaq zəli biofabriklərinə, hirudoterapiya, yəni zəli ilə müalicə pansionatlarına turistlərin səfər etməsi, onların ölkəmizdəki bioloji zənginliklərlə tanışlıq onun siyasi və iqtisadi qüdrətinə səmərəli təsir edə bilər. Ölkəmizdə tibbi zəli yetişdirilməsi üzrə biofabrikin təşkili və tərkibində hirudoterapiya müalicə kompleksinin yaradılması ilk növbədə bu sahənin inkişafına, ölkə daxilində zəlilərə olan tələbatın tam ödənilməsinə, əhalinin steril zəli ilə müalicəsinin həyata keçirilməsi baxımından faydalı ola bilər. İşin səmərəli və təhlükəsiz qurulması üçün yerli mütəxəssislərin Rusiya və digər xarici ölkələrin təcrübəsindən istifadə edilməsi ilə faydalanmaq olar.
Ölkəmizdə hirudoterapiya istiqamətində müalicə sağlamlıq turizmini brend kimi formalaşdırmaqla beynəlxalq səviyyədə tanınmaq üçün reklamını təşkil etməklə bu sahədə cəlbedici turizm ölkəsinə çevrilə bilərik. Tibbi zəlilərin akvarium şəraitində saxlamaqla da zəlilərin aktiv həyat tərzi ilə əyani olaraq tanışlıq, yerli və xarici turistlərin marağına səbəb ola bilər. O cümlədən, bu istiqamətdə səmərəli kommersiya fəaliyyəti də təşkil oluna bilər”.
banner

Oxşar Xəbərlər