Azərbaycanda ilk dəfə - “Ekologiyadan əvvəlki “ekologiya”
Ölkəmizdə ekologiyanın tarixi indiyədək əhatəli öyrənilməyib.
Əhalinin ətraf mühitə münasibətinin tarixi kökü çox qədimlərə gedib çıxır və
onu öyrənməyin ekoloji problemlərin həll edilməsində əhəmiyyəti vardır. Bu sahədəki
mövcud boşluğu aradan qaldıra biləcək yeni monoqrafiya işıq üzü görüb.
Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri
doktoru, "Şöhrət” ordenli professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının
akademiki Qara Mustafayev, Bakı Dövlət Universitetinin dosenti, şair-publisist
Аnar Məmmədov və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı Yusif
Mahmudovun həmmüəllifliyi ilə "Ekologiyadan əvvəlki "ekologiya” adlı
monoqrafiya çapdan çıxıb.
Məlum olduğu kimi, ekologiya – 1866-cı ildə E.Hekkel tərəfindən
yaradılıb, canlıların öz aralarında və ətraf mühit komponentləri ilə qarşılıqlı
əlaqələrini öyrənir. Müasir dövrdə ekologiya bütün elmlərə inteqrasiya olunur və
sürətlə inkişaf edir. Lakin qeyd etmək lazımdır ki, əhalinin qədim dövrlərdən bəri
ətraf mühitə pozitiv və ya neqativ təsirləri həmişə olub. Bu baxımdan
monoqrafiyada ekologiyanın mahiyyəti, elm kimi tarixi və müasir bölmələri, qədim
zamanlardan başlayaraq əhalinin ətraf mühitlə qarşılıqlı münasibətlərindən bəhs
edilir. Müəlliflər bu münasibətləri "Ekologiyadan əvvəlki "ekologiya””
adlandırıblar. Monoqrafiyada yaşamaq və özünü qorumaq üçün ətraf mühitdən
istifadə edən əhalinin fəaliyyəti ekoloji baxımdan təhlil edilərək, bu uzun
yolda nəyin inkişaf, nəyin gerilik olduğu nəzərə çatdırılır. Bu məqsədlə Azərbaycanın
tarixi qaynaqlarında, tarixi - mədəniyyət abidələri və qədim sənət nümunələrində
təbii sərvətlərə münasibət açıqlanır. Folklorumuzda, o cümlədən ağız ədəbiyyatı
nümunələrində, şifahi xalq ədəbiyyatında, dastan və nağıllarda, atalar sözləri
və el məsəllərində, bayatı, tapmaca və laylalarda, aşıq sənəti, xalq mahnıları
və xalq rəqslərində ətraf mühitə münasibət araşdırılır. Qədim türk abidələri və
şumernamələrdə, "Avesta” qanunlar toplusunda, "Kitabi-Dədə Qorqud” dastanında təbiətə
münasibət, Novruz bayramının ekoloji aspektləri ön plana çəkilir. İslam dinində
ətraf mühit komponentlərinə qayğıkeş münasibətin nümunəviliyi xüsusi
vurğulanır. Monoqrafiyada həmçinin Azərbaycanın fəlsəfi fikir tarixində, eləcə
də XI - XIX əsrlərdə yaşamış klassik şair və yazıçıların əsərlərində təbiətə
münasibət geniş şərh edilir. Alimlərin, səyyahların və müxtəlif peşə sahiblərinin
ölkəmizin təbiəti haqqında qeydləri təqdim edilir. Azərbaycanda ətraf mühitin
qorunması tədbirləri və respublikada ekologiyanın başqa elmlərə müasir
inteqrasiyası sadalanır.
Azərbaycan Milli Elmlər
Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə
çap olunan bu monoqrafiyanın elmi redaktorları akademiklər Vasim Məmmədəliyev və
Yaqub Mahmudov, rəyçiləri akademik Urxan Ələkbərov, fəlsəfə elmləri doktoru,
professor İzzət Rüstəmov, pedaqoji elmləri doktoru, professor Vidadi Xəlilov və
filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlıdır.
"Elm və təhsil” nəşriyyatında
çap olunan monoqrafiya ali və orta məktəb müəllimləri, tələbələr, magistrlər,
doktorantlar, ümumiyyətlə, ekologiya ilə maraqlanan müxtəlif peşə sahiblərinin
istifadəsi üçün nəzərdə tutulub.