• cümə axşamı, 28 mart, 21:36
  • Baku Bakı 13°C

Azərbaycanda “İlin qadın müğənnisi”ni “Altın Kelebek” seçəcək

22.11.18 09:00 1372
Azərbaycanda “İlin qadın müğənnisi”ni “Altın Kelebek” seçəcək
Son dönəmlər sosial şəbəkələrdə Azərbaycanın tanınmış qadın ifaçılarının Türkiyədə keçirilən "Altın Kelebek” yarışmasındakı iştirakı və bunun əhəmiyyətindən çox bəhs edilir.
Ötən il Azərbaycan ilk dəfə həmin müsabiqədə iştirak hüququ qazanmışdı. Müsabiqədə Azərbaycanı Röya Ayxan, Miri Yusif və müğənni Nigar Camal təmsil etmişdi. Nəticədə isə Röya Ayxan müsabiqənin qalibi olmuşdu. Onun bu qalibiyyəti böyük söz-söhbətlə yekunlaşmışdı. Türkiyədə Röya Ayxanla Nigar Camal eyni səhnəni paylaşmaq istəməmiş, bir-birlərinə arxa çevirmişdilər. Məsələnin üzərindən bir il keçməsinə baxmayaraq, Röya və Nigar Camal arasında atmacalar hələ də səngimək bilmir. Röya həmkarlarını paxıllıqda, bu uğurunu qəbul edə bilməməkdə qınamışdı.
Bu il də sözügedən yarışmaya Azərbaycanın 7 qadın ifaçısı namizəddir. Siyahıya xalq artisti Aygün Kazımova, ifaçı Dilarə Kazımova, Günay İbrahimli, Roza Zərgərli, Xatirə İslam, Aysel Əlizadə və Səmra Rəhimli kimi məşhur simalar daxildir. Sözügedən müğənnilər Türkiyədə baş tutacaq final gecəsində iştirak edəcəklər. Azərbaycandan finala vəsiqə qazanan üç ulduzdan biri "Azərbaycanda ilin qadın müğənnisi” adına layiq görüləcək. Türkiyədə bu layihə hər il böyük səs-küyə səbəb olur və "Altın Kelebek” mükafatı böyük prestij hesab edilir. İlin sonuna yaxın keçirilən bu müsabiqədə qalibləri səsvermə yolu ilə seçirlər. Səsvermə SMS vasitəsi keçirilir.
Layihənin sponsoru isə "Panten” saç şampunları şirkətidir. Şirkətin siması hesab olunan Türkiyənin məşhur aktrisası Neslihan Atagül məhz bu layihə çərçivəsində dekabrın 1-də Bakıya qonaq gələcək. O, "Altın Kelebek”lə bağlı keçiriləcək mətbuat konfransında iştirak edəcək.
Dekabrın 2-də isə baş tutacaq konsertdə "İlin qadın müğənnisi” ilə bağlı keçirilən səsvermənin nəticəsi bəlli olacaq. Qalib dekabrın 9-da Türkiyədə keçiriləcək "Altın Kelebek” mükafatlandırma gecəsində iştirak edəcək.
Müsabiqəni Azərbaycanda keçirən şirkətin nümayəndəliyindən qəzetimizə verilən məlumata görə, hazırda "İlin qadın müğənnisi” nominasiyası üzrə səsvermə davam edir: "Səsvermə SMS vasitəsi ilə keçirilir. Hər bir müğənninin öz nömrəsi var, tamaşaçılar həmin nömrələrə mesaj göndərməklə sevdikləri ifaçını qalib edib, Türkiyədə keçirilən "Altın Kelebek” yarışmasına göndərə biləcəklər. Qalibin adı orda elan ediləcək. Hazırda namizədlərdən kimin daha çox səs topladığı barədə heç bir məlumatımız yoxdur”.
Layihənin sözçüsü əlavə etdi ki, Türkiyədə bu yarışma çox tanınır: "Bu yarışma uzun zamandır ki, keçirilir. Layihənin çəkisi və nüfuzu çox böyükdür. Yarışmanın müxtəlif kateqoriyaları var. "İlin ən yaxşı aktyoru”, "İlin ən yaxşı aktrisası”, "İlin ən yaxşı filmi”, "İlin ən yaxşı rejissoru” və sair kimi nominasiyalar mövcuddur. Azərbaycan bu müsabiqədə ikinci dəfə iştirak edir. Ötən il "Azərbaycanın parlayan ulduzu” nominasiyasında iştirak etdik. Bu il isə "Azərbaycanın qadın müğənnisi” nominasiyası üzrə iştirak edirik. Onu da əlavə edim ki, "Altın Kelebek” Türkiyənin ən əsas mükafatlarından biridir”.
Mətbuatda, ifaçı Sevda Yəhyayevanın da bu müsabiqədə iştirak üçün namizəd olduğu, hətta "Altın Kelebek”in təşkilatçılarından təklif aldığı, amma imtina etdiyi barədə məlumat yayılmışdı. Layihənin sözçüsündən bu məsələyə münasibət bildirməsini istəsək də, o, bu barədə heç bir məlumat verə bilməyəcəyini söylədi.
Sevda Yəhyayeva mətbuata açıqlamasında yarışmadan imtina etdiyini bildirib: "Mənə də "Altın Kelebek”dən təklif gəlmişdi. Sağ olsun xalq artisti Murad Dadaşov. Təşkilatçılara arxiv videolar lazım idi. Mən həmin materialları vaxtında yığa bilmədim. Çünki mənzilimi yeni dəyişmişəm, bir az qarmaqarışıqlıqdır. Onların vaxtı az olduğuna görə, imtina etdim. Namizədlər arasından isə xalq artisti Aygün Kazımovanı dəstəkləyirəm”.
Namizədlərdən Roza Zərgərli də düşüncələrini bölüşüb.
Onun fikrincə, Azərbaycandan namizəd olan bütün 7 xanım mükafata layiqdir. Namizədləri "7 gözəl” adlandıran müğənni bildirib ki, onun üçün əsas amil, adının namizədlər sırasında olmasıdır, nəinki qalibiyyət: "Əslində, biz 7 gözəl deyil, 77 gözəlik... Azərbaycandan namizəd olan hər bir xanım qalib olmağa layiqdir. Amma mənim üçün bu, o qədər də vacib deyil. O qədər müğənnilər arasından seçilib, namizədlər sırasında yer almaq çox qürurvericidir”.
Bizə isə iştirakçılara uğurlar arzulamaq qalır. Ümid edirik ki, bu müsabiqə ötən ilkindən fərqli olaraq, qalmaqalsız başa çatacaq.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər