• cümə, 19 Aprel, 00:10
  • Baku Bakı 18°C

Azərbaycanda ildırım, dolu, leysan hadisələrinin sayı çoxalıb

07.01.20 21:27 630
Azərbaycanda ildırım, dolu, leysan hadisələrinin sayı çoxalıb
Azərbaycanın Aran rayonlarında, Abşeron yarımadasında göy qurultusu, ildırım, dolu, leysan hadisələrinin sayı çoxalıb.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, "Müasir iqlim dəyişmələri şəraitində Azərbaycanda atmosfer sirkulyasiyası və sinoptik proseslərin tədqiqi” (2016-2019) mövzusunda aparılan araşdırma əsasında bu nəticəyə gəlinib.
Araşdırmaya əsasən, Azərbaycanın əksər rayonlarında yağıntıların illik miqdarında azalmalar müşahidə edilib. Sutkalıq miqdarı ≥20 mm olan yağıntılı günlərin sayının azalmasına baxmayaraq, intensivliyi daha çox olan bol yağıntılı günlərin sayı artıb.
Bunun səbəbi müdaxilə edən hava kütlələrinin xarakterində bəzi dəyişikliklərin baş verməsidir: "Məsələn, Xəzər dənizi üzərindən Lənkəran vilayətinə daxil olan hava kütlələri indi əsasən şimal-şərq və şərq istiqamətli olub. Bu hava kütlələrinin konvektiv dayanıqsız təbəqəsinin qalınlığı xeyli azalmışdır. Ona görə də qeyd edilən zonada bol yağıntılı günlərin sayı (həm də illik yağıntı miqdarı) 2 dəfədən çox azalıb".
Tədqiqat nəticəsində müəyyən edilib ki, şimal yarımkürəsinin I sinoptik rayonunda (Atlantik-Avrasiya sektoru) 1891-1930-cu illərdə şərq hava kütlələrinin axını (W) proseslərinin normadan müsbət meyletmələri müşahidə olunub. Bu illərdə Azərbaycan ərazisində bol yağıntılı günlərin miqdarı və onların yaratdığı təhlükəli hadisələr az təkrarlanmaya malik olub. 1930-1950-ci illərdə şərq hava kütlələri (W) və şimal hava kütlələri (C) axını prosesləri bir-birini əvəz edib. 1950-ci illərin sonundan etibarən qərb hava kütlələləri (E) axını proseslərinin müsbət təkrarlanması yağıntıların və sel hadisələrinin fəallaşmasına səbəb olub. 1990-2010-cu illərdə şərq, 2012-ci ildən etibarən şimal və rəqb meridional proseslər üstünlük təşkil edib.
banner

Oxşar Xəbərlər