AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda həkimlər çoxdur?

Azərbaycanda həkimlər çoxdur?

Cəmiyyət
18 İyul 2018, 09:30 793
2018-2019-cu tədris ili üçün bakalavr səviyyəsi üzrə qəbul planı təxminən 2303 yer (5,37 %) artırılaraq 45159-a çatdırılıb. Amma bu artma bütün universitetlərdə plan yerlərinin sayının artması demək deyil. Belə ki, Azərbaycan Tibb Universitetində qəbul planı əvvəlki illərlə müqayisədə 26% azalıb. Statistik göstəriciləri bir kənara qoyub, işin əsas tərəfinə nəzər yetirək. Məlumatı ilk eşidən zaman məndə belə bir sual yarandı: "Sağlamlığımızın keşiyində dayananların sayı nə üçün azaldılır?” Verilən bu qərar növbəti mərhələdə səhiyyə sahəsində müsbət, yoxsa mənfi nəticələr doğuracaq? Mövzu ilə bağlı mütəxəssislərin fikrini öyrənməyə çalışdıq.
 
Azərbaycan Tibb Universitetinin Tədris şöbəsinin müdiri, dosent Samir Cavadov bu azalmanın müsbət nəticə verəcəyini deyir: "Bizə sadəcə olaraq plan yerinin azaldılması ilə əlaqədar məktub göndərilib. Başqa heç bir məlumat verilməyib. Düşünürəm ki, universitetə qəbul planının azaldılması yaxşı nəticə verəcək. Çünki hazırda ölkəmizdə çox sayda həkim fəaliyyət göstərir. Yəni digər ölkələrlə müqayisə edəndə, Azərbaycanda hər xəstəyə düşən həkim sayı çoxdur. Ona görə də düşünürəm ki, bu azaldılma həm keyfiyyətli kadr hazırlanmasına, həm də həkimlərin işlə təmin olunmasına gətirib çıxaracaq”. 
 
Təhsil eksperti Nadir İsrafilov ali təhsilin istər bakalavriat, istərsə də magistratura və ya rezidentura səviyyələrində ayrı-ayrı tədris ili üzrə tələbə qəbulu planında bir sıra yenilik və dəyişikliklərin aparılmasının labüd bir proses olduğunu düşünür: "Məsələn, elə il olub ki, qiyabi təhsil forması üzrə plan 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı artırılıb. Müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul isə ümumiyyətlə planlaşdırılmayıb və s. Göründüyü kimi, 2018-2019-cu tədris ili də dəyişikliksiz ötüşməyib. Yəni ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə qəbul planının ötən illə müqayisədə 2303 yer artımı fonunda Azərbaycan Tibb Universitetində plan yerlərinin sayı 26 % azalıb. Bu hal hər şeydən əvvəl müəyyən universitetlərdə yeni ixtisasların açılması və plan yerlərinin onlara ayrılması ilə izah olunur”. 

Ekspert tibb sahəsi üzrə yerlərin azalmasının birmənalı qarşılanmadığını qeyd edir: "Düzdür, kəskin artımın daha çox bədən tərbiyəsi, ciddi azalmanın isə tibb ixtisası üzrə olması heç də hamı tərəfindən birmənalı qarşılanmayıb. "Bizə həkim lazımdır, yoxsa idman müəllimi?” kimi fikirlər də səsləndirilib. Danılmaz faktdır ki, regionlarda həkimlərə ciddi ehtiyac var. Amma təəssüf ki, tibb ixtisası üzrə universitet məzunlarının heç də böyük əksəriyyəti regionlara getməkdə o qədər də maraqlı deyillər. Paytaxtda və bir-iki böyük şəhərlərimizdə isə xarici həkimlərin əlindən yerli gənclərə yer yoxdur. Televiziyalarımız da gecə-gündüz yalnız onların reklamı ilə məşğuldur”.

Müsahibimiz qeyd edir ki, universitetlərdə plan yerini azaltmaqdansa, iş yerlərinin sayını artırmaq daha məqsədəuyğun olardı: "Ümumiyyətlə bütün bunları bir kənara qoysaq, açıq etiraf etməliyik ki, bizdə tələb-təklif prinsipi lazımınca gözlənilmir. Ölkəmizdə təkcə müəllimlərin sayı tələbatdan iki dəfədən artıqdır ki, bu da ali təhsilli işsizlər ordusunun yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, ayrı-ayrı universitetlərin plan yerlərini doldurmaqdan daha çox, tələb-təklif prinsipini gözləməklə gənclərin məşğulluğu üçün iş yerləri barədə düşünmək daha məqsədəuyğun olardı”.
 
Təhsil eksperti Etibar Əliyev bildirir ki, Tibb Universitetində elmi tədris edəcək yeni nəsil yoxdur: "Əslində sovet dövründə də bu ixtisas üzrə qəbul çox idi. Həmin dövrdə "Müalicə proflaftika-1”, "Müalicə proflaftika-2” fakültələri ayrı-ayrı fəaliyyət göstərirdi. Səhv etmirəmsə, 2 minə yaxın tələbə qəbul edirdi. Bu, bizim kimi kiçik bir ölkə üçün çox böyük say idi. Düşünürəm ki, tibb ixtisası digərlərinə nisbətən daha çox fərdi təhsilə üstünlük verilən sahədir. Yəni bu elə bir ixtisasdır ki, tələbələrin sayı başqa sahələrlə müqayisədə az olmalıdır. Eyni zamanda ixtisaslaşmış professor, müəllim heyətinin tərkibi keyfiyyətli olmalıdır. Tibb sahəsi üzrə mütəxəssislərin böyük əksəriyyətini yaşlı nəsil təşkil edir. Çox təəssüflər olsun ki, həmin yaşlı nəsil də gənclərin yetişməsinə şərait yaratmır. Azərbaycan Tibb Universitetində 80-90-cı illərdən kafedra müdiri işləyənlər var. Onlar gənclər üçün yol açmırlar. Gənc nəsil sıxışdırıldığından, yetişmə prosesi ləngiyir. Hazırda fəaliyyət göstərən gənclərimizin böyük bir qismi isə xaricdə bu sahə üzrə təhsil alıb gələnlərdir. Və o gələnlər də sırf praktiki olaraq həkimlik fəaliyyəti ilə məşğuldurlar. Nəticə etibarı ilə də universitetdə elmi tədris edəcək yeni nəsil yoxdur”.

Qəbul planının azalmasının kəskin kadr qıtlığına səbəb olacağını düşünməyən ekspert deyir ki, Tibb Universitetinin savadlı mütəxəssis yetişdirməsi üçün kampusu olmalıdır: "Xarici ölkələrə nəzər yetirsək görərik ki, əksər tibb universitetlərinin nəhəng kampusları var. Bizim Tibb Universitetimiz həmin universitetlərin fakültəsi səviyyəsində belə kampusa malik deyil. Tibb sənəti mütləq böyük kampusun olmasını tələb edir. Doğrudur, müəyyən klinikalar var, tələbələr orada praktik fəaliyyətə cəlb olunur. Amma bunlar kampus kimi deyil. Əgər universitetin kampusu olarsa, mütəxəssis hazırlığı, şübhəsiz, bir qədər fərqli olar. Məncə, qəbul yerlərinin azaldılması mənfidən çox müsbət addım kimi qiymətləndirilməlidir. Bu sahəni bitirənlərin iş tapmaqda çətinlik çəkdiyini nəzərə alsaq, yerlərin az olması məqsədəuyğundur. Düşünmürəm ki, bu azalma gələcəkdə kəskin kadr qıtlığına səbəb olsun. Çünki daxildə yetişdirilən kadrlardan başqa, xaricdə təhsil alıb gələn həkimləri də işlə təmin etmək lazımdır”. 

Məsələ ilə bağlı məlumat əldə etmək üçün aidiyyatı qurumlara da müraciət etdik. İlk olaraq tələbələrin qəbul imtahanını həyata keçirən Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, plan yerlərini Nazirlər Kabineti təsdiq edib, DİM sadəcə icraçı qurumdur. Təhsil Nazirliyindən isə gün ərzində sorğumuza cavab verilmədi. 
 
Günel Azadə