• cümə, 29 Mart, 13:49
  • Baku Bakı 14°C

“Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır”

19.06.19 13:30 648
“Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır”
2018-ildə Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırdı, iqtisadi inkişafın yeni mənbələrinin tapılmasına imkan yaratdı, qeyri-neft sektorunun sürətli inkişafını təmin etdi. Təbii ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin yüksəlməsində, ixracın və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərdi. 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına Prezident İlham Əliyevin sərəncamları ilə geniş sosial paket elan edildi. Bu sosial paket 3 milyondan çox insanı əhatə edərək minimum əməkhaqqının, pensiya təminatlarının, təqaüdlərin, sosial müavinətlərin artmasına, problemli kreditlərin vətəndaşların xeyrinə həll olunmasına səbəb oldu.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili söyləyib. Deputat qeyd edib ki, sosial paket elan edilərkən Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi. 2019-cu ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı və ilin birinci rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi. Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilməkdədir.
Dövlətimizin başçısının sərəncamları ilə ilin əvvəlindən elan edilmiş sosial paketin yeni mərhələsinin başlanıldığını deyən deputat əlavə edib ki, yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla maaşların 40-50 faiz artırılmasını nəzərdə tutur. Minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır. Minimum əməkhaqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcək. Digər tərəfdən, dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların, hərbi və hüquq-mühafizə orqanlarında çalışanların əməkhaqlarının 20-40 faiz artırılması insanların maddi rifah halına mühüm dəstək olacaq. Ölkədə inflyasiyanın səviyyəsinin çox aşağı olması (2,3 faiz) artımın real dəyərinin yüksək olmasına imkan yaradacaq.
Milli Məclisin deputatı vurğulayıb ki, bütövlükdə Prezidentin sərəncamları ilə əməkhaqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq. Dövlət büdcəsi gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə imkan yaradacaq. Əməkhaqlarının artımı həm də iqtisadi fəallığı artıracaq. Beləliklə, dövlətimizin başçısı "Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi.
banner

Oxşar Xəbərlər