• cümə, 29 Mart, 00:52
  • Baku Bakı 7°C

Azərbaycanda dabaq xəstəliyi təhlükəsi varmı?

17.10.17 09:00 5004
Azərbaycanda dabaq xəstəliyi təhlükəsi varmı?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Rusiyanın Başqırdıstan Respublikasında qoyunlar arasında aşkarlanan dabaq xəstəliyinin ölkəmizə keçə bilmə ehtimallarına aydınlıq gətirib. DBNX-nin mətbuat katibi Yolçu Xanvəli Trend-ə açıqlamasında aşkarlanan xəstəliyin ölkəmiz üçün təhlükəli olmadığını deyib. Onun sözlərinə görə, Azərbaycan Başqırdıstandan heyvan və heyvan mənşəli məhsul idxal etmir: "Buna görə də ölkəmiz üçün narahatlıq yoxdur. Azərbaycanda dabaq xəstəliyi ilə əlaqədar epizootik vəziyyət normaldır. Heyvanlar arasında da yaz və payız peyvəndləri həyata keçirilib".
Qeyd edək ki, Başqırdıstanın bir neçə kəndində qoyunlar arasında dabaq xəstəliyi qeydə alınıb. İlkin araşdırmalara əsasən, xəstəliyin Orta Asiya ölkələrindən gətirilən heyvanlardan keçdiyi məlum olub. Xəstə heyvanların Qazaxıstan və ya Qırğızıstandan icazəsiz keçirildiyi ehtimal olunur. Bununla bağlı Başqırdıstan Prokurorluğu cinayət işi başlayıb.
Qonşu ölkədə yayılan yoluxucu xəstəliklər xəbəri həmişə bu sualı yaradır: Görəsən belə bir xəstəliyin bizdə də yayılma ehtimalı varmı? Bunun qarşısının alınması üçün hansısa tədbirlər görülməlidirmi?
Məsələ ilə bağlı ilk olaraq DBNX-nin mətbuat katibi Yolçu Xanvəli ilə əlaqə saxladıq. O bildirdi ki, hər hansısa narahatlığa əsas yoxdur: "Xəstəlik Rusiyanın Başqırdıstan Respublikasında yayılıb. Bir həftə bundan qabaq Beynəlxalq Epizootik Bürosu da məlumatı təsdiqləyib. Adışəkilən ərazidə qoyunlar arasında dabaq xəstəliyinin yayılması faktı doğrudur. Lakin Azərbaycanda epizootik vəziyyət hal-hazırda sabitdir. Yaz və payız fəsillərində aparılmalı olan vaksinasiya tədbirləri artıq yerinə yetirilib. Bu barədə hər hansısa narahatlığa əsas yoxdur. Qeyd edilən məsələ hazırda tam nəzarət altındadır. Bir daha bildirim ki, sözügedən ərazidən Azərbaycana heç bir heyvan və heyvan mənşəli məhsullar gətirilmir”.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadçı-ekspert Qadir Bayramlının sözlərinə görə, bu xəstəliyə zaman-zaman Azərbaycanda da rast gəlinib: "Bəzən rayon yerlərində yaşayan əhali yerli baytarların köməyi, yaxud ənənəvi üsullarla xəstəliyi müalicə etməyə çalışırlar. Lakin bu xəstəliyin müalicəsini effektiv şəkildə aparmaq mütləqdir. Rayonlarda baytarların birliyi olur. Xəstəliyin ilkin işarələri bilinən kimi, onun müalicəsi dərhal aparılmalıdır. Çünki dabaq sürətlə yayılan bir xəstəlikdir. Qeyd edim ki, ilkin mərhələdə müalicə aparılarsa, xəstəliyin geniş miqyasda yayılmasının qarşısını almaq olur. Ümumiyyətlə, Azərbaycanda heyvanlar arasında yayılan bir sıra xəstəliklərlə əlaqədar sistemli şəkildə profilaktik tədbirlər görülməlidir. Xəstə heyvanların statistikası aparılmalıdır. Hansısa bölgədə xəstəlik aşkar edilərsə, dərhal tədbir görülməlidir. Bu tədbirlər zamanı müasir elmi metodların tətbiqinə ehtiyac var”.
Ekspert bəzi məqamları da qeyd etdi: "Təəssüflər olsun ki, bölgələrdə belə xəstəliklərə qarşı hazırlıq çox zəifdir. Yerli fermerlər tez-tez müxtəlif heyvan xəstəliklərinə rast gəlirlər. Bəzən bu xəstəliklər ciddi tələfata da səbəb olur. Ona görə də yoluxucu xəstəliklərin qarşısının alınmasının ən yaxşı yolu vaxtaşırı profilaktik tədbirlərin həyata keçirilməsidir. Dabaq xəstəliyinə gəldikdə isə, əvvəllər müəyyən bölgələrimizdə bu xəstəliyə rast gəlinib. Amma hazırda belə bir təhlükə ehtimal edilmir. Xəstəlik yayıldığı zaman qoruyucu geyimlərdən istifadə edilməli və ehtiyatlı davranılmalıdır. Bu, müalicə olunan bir xəstəlikdir. Yəni xəstəlik geniş arealda yayılsa belə, heyvanların kütləvi məhvinə səbəb olmur. Belə xəstəliklərin xüsusi müalicə metodları var. Hazırda elə bir ciddi təhlükə görülməsə də, düşünürəm ki, bu xəstəliyə qarşı hər zaman hazır olmaq lazımdır. Bəzən xəstəlik yayıldığı zaman baytara müraciət etmək əvəzinə, ənənəvi üsullardan istifadə edilir. Bu isə qətiyyən düzgün deyil. Mütəxəssislərə müraciət etməklə xəstəliyin daha geniş arealda yayılmasının qarşısını almaq olar”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər