• cümə axşamı, 28 mart, 17:06
  • Baku Bakı 16°C

“Azərbaycanda aldığım qədər həyatımda gül almamışdım” - MÜSAHİBƏ

21.11.22 14:45 1304
“Azərbaycanda aldığım qədər həyatımda gül almamışdım” - MÜSAHİBƏ

 

Türkiyəli müğənni Karsu : “Bu konsertə sevərək hazırlaşmışdım. Azərbaycanlılardan da o sevginin qarşılığını gördüm”

 

Bir neçə gün öncə türkiyəli sənətçi Karsu Bakıda konsert verdi. Konsert boyunca sənətçi Azərbaycanla bağlı təəssüratlarını bölüşdü. Konsertdən sonra isə “Kaspi”nin suallarını cavablandırdı, ölkəmizlə bağlı təəssüratlarını dilə gətirdi.

- Bir çox sənətçinin ölkəmizə ilk gəlişi konsert üçün olur. Amma siz 3 il əvvəl Azərbaycana gəzmək üçün gəlmisiniz.

- Anam Amsterdamda azərbaycanlılarla tanış olmuşdu. Onlardan böyük sevgi, hörmət gördüyünü danışmışdı. O qədər xoş fikirləri var idi ki. Hətta anam mənə hamilə olanda, Azərbaycan mahnılarına çox qulaq asıb. Ola bilər ki, Azərbaycan sevgisi məndə elə o vaxtdan başlayıb (gülür). Yəni anam məndə azərbaycanlılarla bağlı gözəl təsəvvür yaratmışdı. Ona görə uşaq vaxtımdan Azərbaycana gəlmək, buraları görmək istəyim var idi. Böyüdüyümdə düşündüm ki, konsert üçün gedərəm. Gözlədim, gördüm hələ ki konsert təklifi yoxdur. 3 il öncə bilet alıb gəldim, bir neçə gün gəzdim. Konsert təklifi də indi gəldi, sevə-sevə qəbul etdim.

- Gəzmək üçün gəldiyiniz səfər necə olmuşdu? Hansı təəssüratlarla qayıtmışdınız?

- Anam Azərbaycanda olmayıb, sadəcə olaraq bu ölkənin insanlarını tanıyıb və o fikirləri formalaşıb. Mən isə o fikirlərlə kifayətlənə bilmədim. Ölkəni gəzmək, burda insanları görmək istədim. Atəşgah məbədinə getdim, palçıq vulkanlarını gördüm, yeməklərinizi daddım. Şəhərdə maraqlı yerləri gəzdim. Hətta bir restoranda 7 nəfər üçün konsert də verdim. Konsert dediyim öz təşəbbüsümlə pianino arxasına keçib 7 nəfər üçün mahnılar ifa olmuşdu. Gözəl səfər olmuşdu.

- Konsert də gözəl keçdi.

- ABŞ-da, Avropada konsertlərim olub. Ancaq hər zaman Azərbaycanda konsert verməyi xəyal edirdim. Səmimi, inanılmaz gözəl konsert alındı. Zaldakı insanlarla bir yerdə əylənə bildik. Azərbaycanda aldığım qədər həyatımda gül almamışdım. Bu konsertə sevərək hazırlaşmışdım. Azərbaycanlılardan da o sevginin qarşılığını gördüm.

- 7 nəfər üçün olan konsertiniz necə keçmişdi?

- Bir nəfərə belə konsert versəydim, o, mənim üçün gözəl olacaqdı. Əsas odur ki, onu ürəklə edirəm.

- Azərbaycana ikinci gəlişinizdir. Ananızın dedikləri və öz müşahidələrinizi müqayisə edək...

- Anamın azərbaycanlılar haqqında dedikləri çox doğru idi. Çox səmimi insanlarla qarşılaşdım. Bir də fikir verdim ki, azərbaycanlılar öz ölkələrini çox sevirlər. Bu, mənə görə çox gözəldir.

- Ananızla Azərbaycana gəlmək haqqında düşündünüz?

- Anam özü azərbaycanlıları çox sevir və bura gəlmək istəyir. Mənə bu ölkənin insanlarını sevdirən anamın bu konsertdə iştirak etməyini çox istəyirdim. Bu dəfə gəlməyi alınmadı. Növbəti dəfə ümid edirəm ki, qismət olacaq. Ancaq anamı mütləq Azərbaycana gətirəcəm.

- Yəqin ki səfərdə olduğunuz müddətdə Azərbaycan yeməklərinin dadına baxmısınız.

- Düşbərə çox xoşuma gəlir. Bir neçə dəfə Azərbaycanda yemişəm. Tez-tez gəlmək alınmır, ona görə özüm bişirməyi öyrəndim. Hollandiyada tez-tez düşbərə bişirirəm. Bəzən internetdə araşdırıb başqa Azərbaycan yeməklərini də hazırlayıram. Amma Azərbaycanda yediyim qədər dadlı olmur. Çünki fikir vermişəm, burda qidaların keyfiyyəti çox yüksəkdir, orqanikdir. Ona görə, yeməkləri burdakı məhsullarla hazırlayanda, daha dadlı alınır deyə düşünürəm.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər