AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Azərbaycana yönəlik hər cür hücumun qarşısında yer almaqda tərəddüd göstərməyəcəyik”

“Azərbaycana yönəlik hər cür hücumun qarşısında yer almaqda tərəddüd göstərməyəcəyik”

Siyasət
14 İyul 2020, 21:38 439

Türkiyə Prezidenti: Bu hadisə hər hansı sərhəd pozuntusu deyil, birbaşa Azərbaycana qarşı məqsədli hücum olduğunu göstərməkdədir


"Dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfdən törədilən hücumu şiddətlə qınadığımı bildirmək istəyirəm”. APA-nın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kabinet toplantısından sonra verdiyi açıqlamada deyib.
O, şəhidlərə rəhmət, yaralıların tez bir zamanda sağalmasını diləyib.
"Bu gərginliyin Ermənistanın düşünülməmiş hücumundan sonra silahlı toqquşmaya çevrilməsindən narahatıq. Son hücum iki ölkə sərhədində ağır silahlarla həyata keçirilib. Bu hadisə Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə vəağır silahlarla törədilib. Bu hadisə hər hansı sərhəd pozuntusu deyil, birbaşa Azərbaycana qarşı məqsədli hücum olduğunu göstərməkdədir”.
Türkiyə Prezidenti vurğulayıb ki, bu hücum Ermənistanın səviyyəsini aşan bir hadisədir: "Məqsəd təxribat xarakterli yanaşma ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesin qarşısını almaq və bölgədə yeni toqquşma sahələri meydana çıxarmaqdır. Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətlərinin olduğu Azərbaycanın haqqına, hüququna və torpaqlarına yönəlik hər cür hücumun qarşısında yer almaqda əsla tərəddüd göstərməyəcək. Bölgəmizdəki və dünyadakı bütün siyasi, diplomatik və sosial əlaqələrimizi bu istiqamətdə səfərbər etmək boynumuzun borcudur. Bunu da xüsusi qeyd etmək istəyirəm. Öz torpaqlarında siyasi, iqtisadi problemlərdən, koronavirus pandemiyasından qaynaqlanan sağlıq, infrastruktur və geniş yayılan problemlərini həll edə bilməyən bir ölkənin belə bir hücuma başlaması öncə öz xalqına hörmətsizlikdir”.
R.T.Ərdoğan qeyd edib ki, ailələrinin dolanışığını təmin etmək üçün Türkiyədə çalışmaqda olan 10 minlərlə erməninin də dövlətlərinin bu məsuliyyətsiz davranışlarından narahatolduqlarına inanır: "Bölgə ölkələrinin Ermənistanın Dağlıq Qarabağı işğal etməsindən bəri davam edən aqressiv və işğalçılığı nümayiş etdirən davranışlarına qarşı prinsipial və səmimi bir duruş ortaya qoymağa dəvət edirik. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik. Bir daha şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirəm”.