Azərbaycana qarşı kampaniya aparanlar eyni mərkəzdən idarə olunurlar
Son 15 ildə Azərbaycan
iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətə davamlı ölkə kimi nüfuz
qazanıb. Mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması
ölkəmizin strateji mövqelərini daha da gücləndirib. Azərbaycan dünyanın aparıcı
güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq
əlaqələri qurub, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısı
olub. Müstəqil Azərbaycan bir çox Avropa İttifaqı ölkələri ilə strateji
tərəfdaşlıq əlaqələrinə də malikdir. Avropa İttifaqı ilə Azərbaycan arasında
strateji tərəfdaşlıq sazişinin hazırlanması artıq yekun mərhələyə qədəm qoyub.
Bununla yanaşı, bu il Azərbaycan dünyanın 120-dən artıq ölkəsini birləşdirən
Qoşulmama Hərəkatına rəhbərlik edəcək. Prezident İlham Əliyevin xarici siyasəti
ilə bərabər, daxili siyasəti, xüsusən də sosial sahədə atdığı mühüm addımlar vətəndaşlarımız
tərəfindən rəğbətlə qarşılanır, tam dəstəklənir. Fransanın "Opinion Way”
şirkətinin bu yaxınlarda keçirdiyi sorğunun nəticələri də bunu bir daha təsdiq
edib. Əlbəttə ki, bütün bunlar sevindirici haldır.
Lakin bu da bir reallıqdır
ki, ölkəmizin beynəlxalq birliyin layiqli üzvünə çevrilməsi, regionun güclü
dövləti kimi nüfuz qazanması işğalçı Ermənistanı, dünyadakı erməni lobbisini və
onların təsiri altında olan qüvvələri ciddi narahat edir. Azərbaycanın
uğurlarını həzm etməyi bacarmayan həmin qüvvələr müxtəlif yollarla, o cümlədən "5-ci
kolon” vasitəsilə ölkəmiz əleyhinə kampaniya aparırlar. Bu qüvvələrin sifarişlərini
yerinə yetirən "Trensparency İnternational”, "Amnisty İnternational”, OCCRP və
digər bu kimi qurumlar da ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında
yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı
beynəlxalq qınaq obyektinə çevirməyə, "sapı özümüzdən olan baltalar” vasitəsilə
ölkə daxilində ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər.
Milli
Məclisin deputatı, politoloq Hikmət Babaoğluqəzetimizə
açıqlamasında bildirib ki, beynəlxalq anti-Azərbaycan şəbəkəsi son günlər
yenidən fəallaşmağa başlayaraq ölkəmiz əleyhinə qarayaxma kampaniyasına start
verib. O, bunun təsadüfi olmadığını dilə gətirib: "2019-cu ildə Azərbaycan bir
sıra mühüm əhəmiyyətli beynəlxalq layihələrini başa çatdıracaq, mühüm sazişlərə
imza atacaq, ötən illərdə həyata keçirilən islahatların bazasında milli
iqtisadiyyatın daha da böyüməsini təmin edəcək, beynəlxalq nüfuzundan istifadə
etməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində real
nəticələr əldə etməyə çalışacaq, sosial islahatları davam etdirməklə, yeni,
daha effektiv sosial-iqtisadi model yaratmaqla öz vətəndaşlarının rifahı üçün
yeni əlverişli şərtlər formalaşdıracaq, ordu quruculuğu işini davam etdirəcək.
Hazırkı mürəkkəb beynəlxalq və regional şərtlər içərisində ölkəmizin əldə
etdiyi bu qədər uğur, heç şübhəsiz, anti-Azərbaycan mövqeli mərkəzləri ciddi
şəkildə narahat edir. Ən çox narahatlıq keçirən isə işğalçı Ermənistan və onun
beynəlxalq havadarlarıdır. Erməni simpatizanı olan bu beynəlxalq şəbəkə
islamofob mərkəzləri və ölkəmizdə yaratmağa çalışdıqları "5-ci kalon” üzvlərini
də səfərbər edərək, Azərbaycanı gözdən salmaq, onun beynəlxalq nüfuzuna zərbə
vurmaq istəyirlər”.
H.Babaoğlu söyləyib ki,
hazırda anti-Azərbaycan şəbəkənin ən çox siyasi istismara məruz qoyduğu mövzu
Azərbaycanın Avropa İttifaqı ilə imzalayacağı strateji tərəfdaşlıq sazişidir.
Onun fikrincə, bunun başlıca səbəbi həmin sazişdə Avropa İttifaqına üzv
ölkələrin hamısı tərəfindən bir daha Azərbaycanın ərazi bütövlüyünün
dəstəklənməsinin öz əksini tapacağıdır: "Başqa bir mühüm məsələ ondan ibarətdir
ki, bu il Cənub Qaz Dəhlizi layihəsi tamamlanacaq və beləliklə, ölkəmiz həm
iqtisadi baxımdan daha da güclənəcək, həm də siyasi baxımdan beynəlxalq
münasibətlər sistemində öz nüfuzunu bir qədər də artıracaq. Bu amil də Dağlıq
Qarabağ probleminin həllində bizi daha da güclü edəcək. Bu da işğalçı
Ermənistanın lehinə deyil”.
Millət vəkili bildirib ki,
Azərbaycanda həyata keçirilən kompleks islahatlar və onun xalq tərəfindən
dəstəklənməsi də antimilli ünsürləri və onların havadarlarını ciddi narahat
edir: "Fransanın "Opinion Way” sorğu şirkətinin anketlərində əksini tapan
xalq-iqtidar birliyi nümunəsi anti-Azərbaycan mərkəzlərin ciddi narahatlığına
səbəb olub. Məsələ ondadır ki, Azərbaycanın inkişafına və müstəqil siyasətinə
mane ola bilməyən güc mərkəzləri onu daxildən parçalamaqla zəiflətmək və
beləliklə Qarabağ problemini birdəfəlik yaddan çıxarmaq istəyirlər. Diqqət
etsək görərik ki, nə xaricdə bizə qarşı fəaliyyət göstərən "mühacirət
müxalifəti”, nə də Azərbaycanda olan marginallaşmış müxalif qrup problemlərdən
danışan zaman bir dəfə də olsun Qarabağ problemindən danışmırlar. Çünki onlar,
sadəcə, anti-Azərbaycan mərkəzlərdən aldıqları təlimatla hərəkət edirlər. Bütün
bunlar isə Azərbaycan xalqının diqqətindən əsla yayınmır və xalqımızı öz
liderinin ətrafında daha sıx birləşməyə sövq edir”.
Mövzu ilə bağlı fikirlərini
"Kaspi”yə bölüşən millət vəkili,
politoloq Elman Nəsirov deyib ki, Azərbaycan əleyhinə olan beynəlxalq
siyasi dairələr və onların miskin əlaltısına çevrilmiş antimilli ünsürlər
yenidən fəallaşıblar. Deputatın sözlərinə görə, həmin qüvvələr Azərbaycanın
müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, habelə qarşıdan gələn
dövrdə ölkəmizin bir sıra mühüm tədbirlərə ev sahibliyi edəcəyindən, xüsusən də
"Cənub Qaz Dəhlizi” layihəsinin tamamlanacağından, Azərbaycan ilə Avropa
İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağından, ölkəmizin
Qoşulmama Hərəkatına sədrlik edəcəyindən ciddi narahatlıq keçirirlər: "Azərbaycanın
uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmasınlar ki,
heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz. Taleyimiz öz
əlimizdədir. Ölkəmizdə mövcud xalq-hakimiyyət birliyi sarsılmazdır. Xalq
Prezident İlham Əliyevi birmənalı olaraq dəstəkləyir. Prezident də hər hansı
beynəlxalq siyasi dairələrin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli
mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. Bu, xalq-hakimiyyət
birliyini güclü edən həlledici amildir. Eyni zamanda, bu, monolitliyin xarici
bədxahlarımızın və "sapı özümüzdən olan baltalar”ın hədəfinə çevrilməsini
şərtləndirən mühüm səbəbdir”.
Millət vəkili E.Nəsirov
qeyd edib ki, antimilli ünsürlər və onların xarici havadarlarının siyasi
hoqqabazlıqları həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa məhkumdur: "Hakimiyyətin
mənbəyi olan xalqımız görür və əmindir ki, Prezident İlham Əliyevin müəyyən
etdiyi xarici siyasət kursu yalnız milli maraqların müdafiəsinə əsaslanır,
istənilən dövlət və ya beynəlxalq təşkilatla bərabər hüquq, qarşılıqlı hörmət,
qarşılıqlı faydalı əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq
prinsiplərinə söykənir. Bu baxımdan, Azərbaycanın Avropa İttifaqı ilə
əməkdaşlığı və onun inkişaf göstəricisi olan strateji tərəfdaşlıq sazişinin
imzalanma prosesinə hazırlanması da eyni yanaşmalardan qaynaqlanır. Antimilli
ünsürlərin işçi sənəd səviyyəsində olan bir sazişin mətni ilə tanış olmadan onu
tənqid atəşinə tutmaları əslində onların qaragüruhçu, qurucu deyil, dağıdıcı
xislətlərinin ifadəsidir”.
Yeni
Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin komitə sədri
Siyavuş Novruzov isə SİA-ya açıqlamasında deyib ki, xaricdə oturub
ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlar eyni mərkəzdən idarə olunurlar:
"Mən həm ölkəmizdə, həm Ermənistanda, həm də Avropada olanların müsahibələrini,
açıqlamalarını izləyirəm və baxıram. Onlar hamısı erməni maliyyəsi ilə
fəaliyyət göstərir və eyni tapşırığı icra edirlər. Ötən gün onlardan biri heç
bir əsas olmadan, heç bir fakta söykənmədən Azərbaycan Ordusu haqqında yalan,
şər-böhtan xarakterli çıxışlar edirdi. Bu insanlar çayxana söhbətini televiziya
vasitəsilə ictimaiyyətə çatdırırlar. Ümumiyyətlə, hər bir məsələ araşdırılmalıdır.
Əgər ordu haqqında böhtan xarakterli fikirlər səsləndirirsə, deməli, o insanda
ümumiyyətlə, vətənpərvərlik hissi yoxdur. Bu insanlar ermənidən çox
ermənidirlər. Eləcə də Leyla Yunus dəfələrlə Ermənistana qeyri-qanuni səfərlər
edib. Onun Avropa ölkələrində bir neçə böyük mülkü, biznes şəbəkəsi və sair
vardır. Leyla Yunus bunların hamısını erməni pulu ilə əldə edilib. Gündə bir
təşkilat yaradılır və adını gah "Azərbaycan Xalq Hərəkatı”, gah da "Milli Şura”
qoyurlar. Onların işləri-gücləri ancaq yalan danışmaqdan ibarətdir. Bilirsiniz
ki, Fransada Paris Notr-Dam Kilsəsi yanıb. Düşündüm ki, onlar indi çıxıb
deyəcəklər ki, bunu da Azərbaycan iqtidarı edib və yaxud da niyə Azərbaycan
iqtidarı gəlib yanğını söndürməyib. Dünyada harasında nə hadisə baş verirsə,
həmin hadisələri Azərbaycan iqtidarının üzərinə atırlar. Xalqımız bütün bunları
öz gözü ilə görür, başa düşür və onlara öz yerini göstərir”.
Rufik
İSMAYILOV